İxtisasın təsviri

 Biologiya müəllimliyi – Biologiya fənninin tədrisi deməkdir. Əvvəlki dövrlərdə Biologiyanın sırf canlıların tədrisi ilə bağlı olduğu deyilsə də, virusların kəşfi ilə və bəzi orqanizmlərin canlı və ya cansız olduğunu hələ də müəyyən etmək mümkün olmadığından hal – hazırda Biologiya canlı və cansız hesab olunan orqanizmləri öyrənir. Xarici ölkələrdə əsasən sırf “Biology” deyil, “Science” adlı fənn tədris olunur ki, bu da “Biology” və “Chemistry” bəzən də digər təbiət elmlərini əhatə edə bilir. Biologiya fənni orta məktəblərdə VI sinifdən başlayaraq, XI sinifin sonuna qədər tədris olunur. Hazırki dövrdə yalnız VIII sinifdə sırf insan orqanizmi öyrədilir. Qalan siniflərdə isə bitki, heyvan, insan, mikroorqanizmlər bir – birilə əlaqəli formada tədris olunur. Bu sahə biologiya elminə maraq göstərənlər üçün uyğun sahədir. 

İxtisasın tarixi

    Biologiya müəllimliyinin tarixi Biologiya elminin yaranması və inkişafı ilə əlaqədardır. Biologiyanın yaranması isə ilk dəfə mikroskopun kəşfi ilə əlaqədardır. Bir çox mənbələrdə fərqli tarixlər qeyd edilsə də, hardasa XVI – XVII əsrlər Biologiyanın yaranma tarixi hesab olunur.

 Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Məktəbdə Biologiya güşəsinin təşkil edilməsi;
  • Şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması;
  • Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli;
  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq dərslər keçimək;
  • Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşğələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • Özünü ləyaqətli aparmaq;
  • Müntəzəm olaraq ixtisasın artırılması üzərində çalışmaq;
  • Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti;
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti;
  • ➝ Bakı Mühəndislik Universiteti (tədris ingilis dilində);
  • ➝ Naxçıvan Dövlət Universiteti;
  • ➝ Naxçıvan müəllimlər institutu;
  • ➝ Gəncə Dövlət Universiteti;
  • ➝ Sumqayıt Dövlət Universiteti;
  • ➝ Xəzər Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Tam orta məktəblərdə;
  • ➝ Peşə-ixtisas təhsili müəssisələrdə;
  • ➝ Universitetlərdə;
  • ➝ Təhsil Nazirliyində;
  • ➝ Təlim – tədris mərkəzlərində;
  • ➝ Laboratoriyalarda;

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin  uşaqları  birləşdirmək, onları  məşğul  etmək, vəzifələri  bölüşdürmək, işi  planlaşdırmaq, görülən  işə  yekun vurmaqvə s. Bacarığında  özünü  göstərir.
  • ➝ Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani  vasitələri, avadanlıqlığı  seçmək  və  hazırlamaq, tədris  materialını  başa  düşülən  şəkildə, aydın, ifadəli, inandırıcı  və  ardıcıl  nəql  etmək, idrakı  maraqların və  mənəvi  tələbatların  inkişafını  stimullaşdırmaq, tədris-idrak  fəallığını  yüksəltmək  və s. Konkret  bacarıqlar  daxildir.
  • ➝ Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini  görmək  bacarığında, onların  emosional  vəziyyətini  obyektiv  qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini  üzə  çıxarmaqda  özünü  göstərir.
  • ➝ Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər  müəllimin  şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin  rəhbərliyi  ilə  pedaqoji  cəhətdən  məqsədyönlü  münasibət  yarada  bilməsində  özünü  göstərir.
  • ➝ Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi  təsir  göstərməkdən  ibarətdir.
  • ➝ Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji  situasiyaları  və  prosesləri  dərk etmək  və  obyektiv  qiymətləndirmək  bacarığında  özünü  göstərir.
  • ➝ Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə  üzrə  elmi  bilikləri  mənimsəmə  qabiliyyətidir.
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  • ➝ Laborotoriya şəraitində sərbəst işləmək.

Qeyd:Müəllim  praktiki  fəaliyyət  üçün  bu  qabiliyyətlərin  hamısı  eyni  dərəcədə  vacib deyil. Son illərin  elmi  tədqiqatları  göstərir ki, bu  qabiliyyətlər  içərisində  “aparıcı” və “köməkçi” qabiliyyətlər  vardır. Aparılan  çoxsaylı  sorğuların  nəticələrinə  görə  didaktik, təşkilatçılıq  qabiliyyətləri  aparıcı  qabiliyyətlərə  aid  edilir, qalanlar  isə  köməkçi  qabiliyyətlər  hesab  olunur.

İxtisasın gələcəyi

  Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqqısındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

 Əmək haqqı

 Bu ixtisas üzrə məvaciblər fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

  • ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda – 462 AZN
  • ➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda – 496 AZN
  • ➝ Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN 
  • ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

 

 

 

 

 

 

 

 

 

 

 

Son yazılar