İxtisasın təsviri

  İstehsal və istehlak prosesi  cəmiyyətin varlığını qorumasına xidmət edən davamlı, təkrarlanan  döngüdür.  Biznes fəaliyyəti isə ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli biznes fəaliyyəti  yalnız hazır məhsulların ticarəti ilə məhdudlaşan kommersiya fəliyya fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəaliyyət növüdür. Biznes prosesi kimi : maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə  işləri ilə əlaqədar iş proseslərini sadalamaq olar. Biznesin idarə edilməsi ixtisasının məqsədi isə tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə nəzəri və praktiki biliklərin verilməsidir. İqtisadiyyatla maraqlananlar üçün uyğun sahədir. Bu ixtisas iş proseslərinin inkişafı və optimallaşdırılması üçün məsul şəxslər yetişdirir.

İxtisasın tarixi 

  Dünyada ilk “Biznes Məktəbi” 1819 –cu ildə Fransada yaradılan ESCP hesab edilir, yalnız bu sahə üzrə ixtisaslaşmış ilk biznes məktəbi isə  1919-cu ildə yaradılan Babson Kollecidir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  İxtisas sahiblərinin iş öhdəlikləri biznesin idarə edilməsi və inkişafı üzrə menecer və ya biznes fəaliyyətinin əsasını təşkil edən müxtəlif sahələrdə(marketinq, menecment, maliyyə, təchizat)  ixtisaslaşmadan asılı olaraq müxtəliflik təşkil edir. Biznesin idarə edilməsi ixtsası üzrə idarəçi , menecer kimi iş öhdəlikləri isə əsasən aşağıdakılardan ibarətdir:

  • ➝ Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
  • ➝ İşçilərin effektiv işləməsinin təşkili və nəzarət;
  • ➝ Reklam və marketinq, maliyyə  işlərinə nəzarət;
  • ➝ Hesabatların hazırlanması;
  • ➝ Normativ sənədlərin işlənməsi;
  • ➝ Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • ➝ Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • ➝ İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr vermək;
  • ➝ İş proseslərinin təhlili və modelləşdirilməsi;
  • ➝ Nəticələrinin təqdimatını etmək;
  • ➝ Şirkətlə işləyən mövcud təchizatçılarla  əlaqənin saxlanılması; 
  • ➝ Tələbləri toplamaq, rəsmiləşdirmək və müştəri ilə əlaqələndirmək;

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət universitetləri:

  • ➝ Azərbaycan Diplomatik  Akademiyası;
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti;
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti;
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti;
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti;
  • ➝ Azərbaycan Texnologiya Universiteti;
  • ➝ Bakı Mühəndislik Universiteti;
  • ➝ Gəncə Dövlət Universiteti;
  • ➝ Lənkəran Dövlət Universiteti;
  • ➝ Mingəçevir Dövlət Universiteti;
  • ➝ Sumqayıt Dövlət Universiteti;

Özəl Universitetlər:

  • ➝ Azərbaycan Kooperasiya Universiteti;
  • ➝ “Azərbaycan” Universiteti;
  • ➝ Bakı Avrasiya Universiteti;
  • ➝ Bakı Biznes Universiteti;
  • ➝ Xəzər Universiteti;
  • ➝ Qərbi Kaspi Universiteti;
  • ➝ Odlar Yurdu Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  İxtisasın əhatə dairəsi çox genişdir, bu sahə ilə bağlı əsas iş yerlərini  kommersiya məqsədli xidmətlər təklif edən özəl şirkətlər təşkil etsə də, bu ixtisas üzrə kadrlara qeyri-kommersiya tipli, sosial biznes layihələri həyata keçirən şirkətlərdə , dövlət qurumlarında da, ehtiyac olur. Ümumi şəkildə bu ixtisas üzrə fəaliyyət sahələrini aşağıdakı formada qeyd etmək olar:

  • ➝ Məhsul və xidmətlərin istehsalı və yaradılması, istehlakçılara təqdim olunması  fəaliyyəti ilə məşğul olan bütün növ kommersiya və qeyri-kommersiya təşkilatlar və qurumlar;
  • ➝ Banklar, qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları .

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

  • ➝ Güclü analitik və ünsiyyət qurma bacarığı;
  • ➝ Yüksək iş qabiliyyəti, sabitlik, çeviklik bacarıqları;
  • ➝ Sistematik düşüncə bacarığı;
  • ➝ Tənqidi düşünmə bacarığı;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Sürətli problem həll etmə bacarığı;
  • ➝ Biznes risklərinin idarə edilməsi , risk menecment bacarıqları;
  • ➝ Excel bilikləri;
  • ➝ Dil bilikləri (ingilis və rus dilləri əsasən).
  • ➝ CRM (müştəri ilə qarşılıqlı əlaqənin avtomatlaşdırılması üçün proqram təminatı) və s .kimi texnologiyalar üzrə biliklər;
  • Məlumatı dəqiq izah etmək bacarığı, düzgün sual vermək bacarığı;
  • ➝ Təşkilatçılıq bacarığı və  müstəqillik;
  • ➝ Məlumatlarla və tədqiqat fəaliyyət növü ilə işləməyə meyillilik;

İxtisasın gələcəyi 

   İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar  ixtisas üzrə konkret sahələri seçərək ( maliyyə, marketinq, menecment, risk menecmenti və .s)  karyeralarına bu istiqamətdə davam edə bilərlər . Həmçinin sahə üzrə gələcək əmək bazarında tələb olunan kadrlardan olmaq üçün e-kommersiya fəaliyyəti üzrə bilik və bacarıqların artırılması məqsədəuyğun olardı.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq 400-2000 AZN aralığında dəyişir.