İxtisasın təsviri

  Navigasiya termini latın dilindən qəbul edilmiş termin olaraq navi-qayıq, agere-hərəkətə gərirmək sözlərinin köklərindən əmələ gəlmişdır. Hal hazırda navavigasiya elmi termini bir gəmini, təyyarəni və digər nəqliyyat vasitəsini bir yerdən başqa yerə aparmaq və bunun üçün yol tapmaq, həmin nəqliyyat vasitəsinin hərəkətinə daim nəzarət etmək prosesinə yönəlmiş bir araşdırma sahəsi kimi qəbul edilmişdır. 

  Gəmilərdə naviqator və ya gəmi sürücüsü gəminin təhlükəsiz hərəkəti üçün məsuliyyət daşıyan şəxsdir. Naviqatorun əsas vəzifələrinə gəminin yerini daima nəzarətdə saxlamaq, gəminin səyahətini planlaşdırmaq, gəmi kapitanına marşrutda olarkən təyin olunmuş limanlara çatma barədə məlumat vermək və gəminin təhlükəsiz hərəkətini təmin etmək, yükləmə və boşaltma əməliyyatlarına nəzarət və s. daxildir.

İxtisasın tarixi

  Naviqasiyanın tarixi ənənəvi dənizçi təcrübəsinin, həndəsi biliklərin, astronomiya biliklərinin və ya xüsusi alətlərin köməyi ilə gəminin mövqeyini, yerini və kursunu  nəzarətdə saxlamaqla gəmiləri açıq dənizdə idarəetmə sənətinin, bir sözlə dənizçiliyin tarixidir. Bu sənətin bir neçə min illik tarixi vardır. İlk naviqatorların Sakit okean adalarında yaşayan Polineziyalı xalqlar olduğu düşünülür. Belə ki, Polineziya naviqasiyası, bəlkə də açıq okean naviqasiyasının ən erkən formalarından biridir. Bu dövr eramızdan 3 min il əvvəllərə təsadüf edir.

    Ənənəvi Polineziya naviqasiyası minlərlə il öncə Sakit okeanın bir birindən minlərlə mil məsafədə yerləşən adalarına səyahətlər etmək üçün yerli xalqlar tərəfindən istifadə edilmişdir. Bu zaman onlar ulduzların hərəkətindən, meteoroloji məlumatlardan, məlum dəniz canlılarının yerindən, dalğaların və ləpələrin ölçülərindən və hərəkətinin istiqamətindən istifadə edərək qayığın yerini təyin etməyi, bir adadan digərinə istiqamət tapmağı bacarmışlar. Marşal adalarında tapılmış, qədim tarixə malik “Okeanların çubuq xəritəsi” adlanan vasitələr bunu bir daha təsdiq edir.

  Ölkəmizdə Qobustan qayalarının üzərindəki dənizçiliklə bağlı qayıq təsvirləri təkcə ovçuluğun deyil, həm də  dənizçiliyin tarixini, su-nəqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. XIX əsrin sonlarından başlayaraq isə bu ixtisas Azərbaycanda daha da inkişaf etməyə başlamışdır

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  •   ➝ Naviqartorlar, gəmi sürücüləri, gəminin kapitanının vəzifə borcları bir sıra yerli və beynəlxalq normativ sənədlərlə tənzim olunur. 
  • ➝ Gəmilərdə bütün heyətin və o cümlədən gəmi sürücülərinin vəzifə borcları ilk növbədə “AZƏRBAYCAN RESPUBLİKASI  DƏNİZ NƏQLİYYATI GƏMİLƏRİNDƏ XİDMƏT N İ Z A M N A M Ə S İ” vasitəsi ilə tənzimlənir. Bu Nizamnamədə gəminin kapitandan başlayaraq bütün heyət üzvlərinin vəzifə borcları ən xırda detallarına qədər qeyd olunmuşdur. 

Misal üçün Nizamnamənin 40-cı maddəsində deyilir: 

  • ➝Komandir heyəti üzvləri tabeliyindəkilərin fəaliyyətinə rəhbərlik edir və gəminin idarə olunmasında və istismarında şəxsən iştirak edirlər. 
  • ➝ Komandir heyətindən olan şəxslər əməkdə və məişətdə gəminin digər heyət üzvləri üçün nümunə olmalı, tabeliklərindəkinə qarşı tələbkarlıqla gündəlik qayğını bacarıqla uzlaşdırmalı, onlarda təşəbbüskarlığı inkişaf etdirməli, onların ixtisaslarının artmasında köməklik göstərməli, onlarda tapşırılan iş üçün, texniki vəsaitlərin və gəmi əmlakının mühafizəsi üçün məsuliyyət hissi, vətənpərvərlik və Vətənə, dəniz donanmasına və öz gəmisinə məhəbbət hissi tərbiyə etməlidirlər.

 Kapitanın aşağıdakıları təmin etmək borcudur: 

  • ➝ Azərbaycan Respublikası vətəndaşlarının nüfuz və ləyaqətini qorumaq və onların mənafelərini müdafiə etmək; 
  • ➝ Gəmidə Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları və dövlət idarələri qanunlarına və digər aktlarına, Azərbaycan Respublikasının iştirakçısı olduğu Beynəlxalq konvensiyalara və müqavilələrə riayət etmək; 
  • ➝ Gəmidə Registr və digər təsnifat orqanları qaydalarının, bu Nizamnamənin, gəminin, adamların, yüklərin təhlükəsizliyinin təmin olunması üzrə təlimatların, məsləhətlərin, əmrlərin və digər normativ sənədlərin, gəminin istehsal fəaliyyəti və onun texniki istismarı tələblərini gözləmək; 
  • ➝ Səfər tapşırıqlarını yerinə yetirmək və gəmini səmərəli idarə etmək; 
  • ➝ Əmək intizamına riayət etmək və gəmi xidmətlərini təşkil etmək;
  • ➝ Nizamnamənin digər bir məcəlləsində isə KAPİTANIN NÖVBƏ KÖMƏKÇİSİNİN ÜMUMİ VƏZİFƏLƏRİ  qeyd olunur:
  • ➝ . Kapitanın növbə köməkçisi bütün gəmi növbə xidmətinin başçısı sayılır və bilavasitə kapitana, o olmadıqda kapitanın baş köməkçisinə tabedir. 
  • ➝ Kapitanın növbə köməkçisi ona həvalə olunan vəzifələr dairəsində gəmidə lazımi növbə xidməti çəkilməsinin, gəminin, adamların, gəmidə olan yüklərin və digər əmlakın təhlükəsizliyinin təmin olunması, dəniz mühitinin çirklənməsi qarşısının alınması üçün cavabdehdir. 

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Dəniz Akademiyası

Qeyd:  Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomu dünyanın 186 ölkəsində tanınır. 

Bu ixtisas üzrə harada çalışmaq olar?

Dənizdə quru- yük, sərnişin, neft və neft məhsulları, kimyəvi yüklər daşımaçılığı ilə məşğul olan, dənizdə seysmik araşdırmalar aparan, dənizdə sualtı boru xətti çəkən şirkətlərin gəmilərində;

Azərbaycanda bu ixtisas üzrə aparıcı qurumlardan biri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi hesab edilir. Bundan əlavə peşə sahibləri qlobal dənizçilik şirkətlərində də, çalışma şansı əldə edə bilərlər.

Özəl şirkətlər:

  • ➝”Kaspian Marine Services” şirkətini;
  • ➝”Topaz Marine” şirkəti;
  • ➝ CMS;               
  • ➝ BİOCASPİAN;
  • ➝ CASPAR;
  • ➝ BP-nin gəmiləri;

Dövlət:

  • ➝ XDND (Xəzər Dəniz Neft Donanması);

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝Riyaziyyat,fizika,meterologiya, hydrodinamika üzrə və digər fundamental biliklərə yaxşı səviyyədə yiyələnmək;
  • ➝Məsuliyyətlilik;
  • ➝ Üzmə qabiliyyəti;
  • ➝ Gəmini hiss etmə;
  • ➝ Həyacan keçirməmək;
  • ➝ İxtisasına aid bilikəri nəzəri olaraq öyrənmək;
  • ➝ İxtisas üzrə praktiki bacarıqlar;
  • ➝ Verilən tələblərə əməl etmək (SOLAS-74, İMO, MARPOL-73/78);
  • ➝ Gəminin növünə uyğun olaraq, beynəlxalq sertifikatlar;
  • ➝ İngilis dili (arzuolunandır);
  • ➝ İşçi diplomu;
  • ➝ Dəniz təcrübəsi.
  • ➝ Qeyd:Mötərizənin içərisində qeyd olunan tələblər dünya üzrə qəbul edilmiş  gəmiçilik üzrə qoyulan tələblərdir. Məsələn,
  • ➝ SOLAS-74 : Dənizdə həyatın təhlükəsizliyinə dair beynəlxalq konveksiya
  • ➝ MARPOL-73/78 : Gəmilərin çirklənməsinin qarşısının alınmasına dair beynəlxalq konveksiya

İxtisasın gələcəyi

 Bu ixtisas həmişə ehtiyac duyulan, mövcudluğunu qoruyan ixtisalardan biridir. Nə qədər ki, dənizlər və okeanlar, gəmilər, gəmilərlə yük və sərnişin daşımaları, dəniz və okeanların təbii minerallarının istismarı var, dənizcilik peşəsi də yaşayacaqdır. Lakin elmi və texniki yeniliklərin gəmiçiliyə tətbiqi artdıqca bu peşənin mənimsənilməsinə tələb olunan biliklər artacaqdır. Bu isə öz növbəsində bu sahəyə daha intelektual insanların cəlb olmasına gətirib cıxaracaqdır.​

Əmək haqqı

   Bu sahə üzrə əmək haqqı dənizçinin çalışdığı gəmilərin tiplərindən, gəminin daşıdığı yükün növündən, gəminin işlədiyi reqiondan, dənizçinin iş təcrübəsindən, gəminin daşıdığı bayraqdan asılı olaraq dəyişə bilər. 

 2006-cı ildə Beynəlxalq əmək təşkilatı (International Labour Organisation) tərəfindən dənizçilərin layiqli iş şəraiti, hüquqlarını və minimum əmək haqlarını müəyyənləşdirən Dənizçilərin Əmək Konvensiyası  (Maritime Labour Convention) adlana beynəlxalq razılıq tətbiq olundu. 2019-cu ilin yanvar ayına qədər olan dövrdə, dünya üzrə 90 ölkədə DƏK-2006-nı təsdiqlənib və qanuni qüvvəyə minib. Bu isə nəticədə dünya gəmi donanmasının 91% -dən çoxunun tənzimlənəsi deməkdir. 

   Dənizçilərin Əmək Konvensiyası-2006 dənizçilər üçün minimum iş və yaşayış şəraiti, işə qəbul və gəmidə yerləşdirmə qaydaları, iş şəraiti, iş və istirahət saatları, vətənə qayıtma, illik məzuniyyət, əmək haqqının ödənilməsi, gəmidə yaşayış, istirahət, yemək və iaşə şərtləri üçün minimum tələbləri, professional sağlamlığın qorunması, əməyin təhlükəsizliyi, tibbi xidmət, sahildə olarkən  rifah xidmətləri və sosial müdafiə qaydalarını müəyyənləşdirir. DƏK-2006-nın tələblərinə görə dənizçilərin minimum əmək haqqı, gəminin üzdüyü bayraq ölkəsinin və çalışdığı regionun minimum rifah səviyyəsindən aşağı olmamalıdır. Bu səbəbdən əmək haqqları barədə dəqiq rəqəm vermək mümkün olmasa da, sahə üzrə orta aylıq minimum əmək haqqı təqribən 800 AZN- təşkil edir  və  bu məbləğ yuxarıda sadalanan səbəblərdən asılı olaraq, 15000-20000 AZN-ə qədər dəyişə bilər.

Son yazılar