“Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir” –  bu sözləri alman ədəbiyyatının dahi şair-dramaturqu, İohann Volfqanq Göte demişdir. O, bu sözləri ilə xarici dillərin insanın həyatında necə böyük rol oynadığını vurğulamaq istəyib sanki. 

  Həqiqətən də, xarici dili öyrənərək və bilərək insan öz ana dilini daha yaxşı anlamağa başlayır. İnsanın xarici dil bilməsi karyera qurmasında daha çox imkanlar yaradır və intellektual bacarığını inkişaf etdirir. Dili öyrəndikdə mənfi cəhətlərdən bir o ola bilər ki, müəllim köməyi olmadıqda qrammatikada çətinlik çəkmək ehtimalı var. Müsbət cəhətlərindən biri odur ki, xarici dili erkən yaşda öyrənməklə mexaniki yaddaşı məşq etmək olur, insan daha ünsüyyətli və özünə inamlı olur.  

  Bunu şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm. Elə buna görə də, çox uzatmadan özümü təqdim edərək fikrimin izahına başlamaq istəyirəm.

  Mən, Rzayeva Zibər BSU-MLK-nın alman dili müəllimiyəm, həmçinin hal-hazırda BSU-nun Əlavə Təhsil fakültəsinin tələbəsiyəm. Bəli, bəli, bu, mümkündür, çünki düşünürəm oxumaq, öyrənmək, irəliləmək heç vaxt gec deyil. Mən sırf alman dili müəllimliyi qrupunun açılmasını çox gözləyirdim. Niyə? İndi sizinlə öz hekayəmi bölüşərəm. Bəlkə, gələcəkdə verəcəyiniz qərarlara kömək oldu. 

  Müəllim – bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir. Hələ uşaqlıqdan MÜƏLLİM sözü mənim üçün doğma olub. Böyüyəndə kim olacaqsan sualına düşünmədən MÜƏLLİM olacam deyirdim. Xüsusən də, xarici dillərə marağım böyük idi. Hətta, rəsm dərsində daim sərbəst mövzü verildikdə mənim çəkdiyim rəsm – sinif otagı, şagirdlər, lövhə, müəllim olurdu və daim çəkdiyim lövhə şəklində bu sözü yazırdım: English. Bəli, düz anladınız, arzum ingilis dili müəllimi olmaq idi. Lakin ali məktəbə qəbul zamanı qarşımda iki dil seçimi yarandı: fransız və ya alman. Tam səmimi  etiraf edəcəm, mən fransız dilini seçmək istəyirdim. Niyəsini soruşsanız, təbii ki, ədəbiyyatı sevənlər məni anlar – fransız ədəbiyyatının oxuduqca oxumaq istədiyin inciləri olduğundan bu dili də öyrənmək istəyirdim. Amma çox sevdiyim rus dili və ədəbiyyat müəllimim mənə alman dilini seçməyimi məsləhət gördü. Qeyd edim ki, mən rus bölməsində təhsil almışam və hal-hazırda həm rus, həm də azərbaycan bölməsində alman dilini tədris edirəm. Nə yaxşı ki, mən sırf alman dilini seçdim. Bir dəfə də olsun bu seçimimə görə peşman olmadım. 

  İlk öncə deyim ki, dünya üzərində təxminən 185 milyona yaxın insan alman dilində danışır. Bu dil onların ana dilidir. Alman dili dünyada 10 ən çox danışılan dillərdən biridir. Alman dili, Hind-Avropa dil ailəsinin, Germen dil qrupuna bağlı, dünyanın qədim dillərindəndir. Dil, Avropa daxilində Almaniyada, Avstriyada, Lixtenşteyndə, Lüksemburqda, İsveçrədə daha yayğındır. İtaliyanın, Belçikanın, Polşanın, Rumıniyanın və Fransanın isə müxtəlif bölgələrində əsas danışıq dili kimi istifadə olunur.

  Alman dilini öyrənmək üçün ilk öncə zamana ehtiyacınız var. Danışıq baxımdan dil rahat olsa belə, qrammatik baxımdan çətindir deyə bilərik. Yenə də bu nisbidir. Almaniyada yaşamaq, təhsil almaq imkanınız yaransa, bu dili demək olar ki sərbəst şəkildə öyrənərsiniz. Burada siz alman dili biliklərinizi məkanında təşkmilləşdirilməsi imkanları haqqında məlumatları əldə edə bilərsiniz. 

  Lakin bu yol alınmasa belə, sizin hər hansı bir dil kursunda, tandem tərəfdaşınızla və ya alman otaq yoldaşınızla bu dili öyrənmək kimi çoxlu imkanlarınız da var. Alman dilini tez bir zamanda öyrənmək üçün, müntəzəm olaraq yeni sözlər ifadələr öyrənmək çox vacibdir. Belə olduğu halda siz rahatlıqla lüğəti öyrənə bilərsiniz. Bununla sözlərin, ifadələrin mənasını yaxşı mənimsəyir, tez bir zamanda öyrənir, və heç vaxt unutmursunuz. Məsələn, bir şəkil götürürsünüz və onu təsvir edərək şəkildəki qrammatikanın izahını verirsiniz.

  Filmlərə və seriallara həvəslə baxırsınız? Onda bu sizə alman dilini təkmilləşdirmək üçün ən gözəl fürsətdir. Gündəlik olaraq filmlərə baxın və çoxlu məşğul olun. Daha yaxşı olardı ki, həftə ərzində 2-3 filmə baxasınız. Əgər siz seriallara üstünlük verirsinizsə, onda hər gün 40-50 dəqiqəlik epizodlara baxın. Həmçinin alman dilini öyrənən insanların həmişə bir alman dostu olmalıdır. Onlar hər gün birlikdə oturmalı, gəzintiyə çıxmalı, alman dilində kinoya filmlərə baxmalı və bu filmi bir-birilə müzakirə etməlidirlər.

  Və sonda əgər tək sizə çox çətin gəlirsə, alman dilini öyrənmək, siz kursa getməli dili orada öyrənməlisiniz. Kursun proqramında istənilən xarici dil dörd istiqamət – danışıq, yazı, oxu, eşitmə üzrə öyrədilir.

  İndi isə gəldik peşə seçiminə. Mən alman dili və ədəbiyyatı fakültəsini bitirsəm də, qeyd etdiyim kimi uşaqlıqdan müəllim olmaq arzum ikinci təhsil almağıma səbəb oldu. Düzdür mən bu dili öyrənmişdim, bilirdim, lakin müəllimlik daha maraqlı gəldi. Çünki mən artıq Almaniyadakı təhsil, yeni dərs üsullarının tətbiqi ilə tanış oldum. İndi mən yeni metodlarla dərsimi daha da maraqlı keçəcəyimə əminəm. 

  Mən ikinci təhsilimi alaraq, müəllimlik peşəsini bir daha sevdim və düşünürəm  bu şərəfli, məsiliyyətli peşəni seçənlər heç vaxt peşman olmazlar. Çünki bu gün müəllimin vəzifəsi işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir.

  Bəs yaxşı sizcə kimdir Müəllim? Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedaqoji biliklərə  müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedaqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır.

  “Əgər müəllim ancaq işini sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq. Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir” – bu sözləri Lev Tolstoy müəllimlərimiz haqqında demişdir. Bəzən el arasında müəllimi “ikinci valideyn” adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir.  

  Məşhur pedaqoq V.A.Suxomlinski “Yaxşı müəllim nə deməkdir?” sualına belə cavab vermişdir: “Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır”. 

  Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə bitirmək istərdim. “Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq  şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.” 

  Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır. Müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.

Rzayeva (Neymətzadə) Zibər,

BSU-MLK-nın alman dili müəllimi

Şərh bildir