Diplomatiya

Diplomatiya ixtisasında gizlənən özəlliklər

  Uşaq yaşlarından və yaxud məktəb illərindən hər kəs gələcəkdə hansı ixtisasa yiyələnəcəyi haqqında düşünür. Bəzən bu məsələyə ailə, dost, müəllimlər və s. şəxslərin müdaxiləsi olur. Lakin hər bir şəxs yiyələnəcəyi ixtisas barədə seçimi heç bir təzyiq altında qalmadan özü etməlidir. 

  Bildiyimiz kimi ölkəmizdə ixtisaslar I , II, III , IV, V qrup olmaqla 5 yerə ayrılıb. Şagirdlər 5 ixtisas qrupundan birini seçərək, həmin ixtisasda tələb olunan fənlər üzrə universitetə daxil olmaq üçün hazırlaşır.

  II qrupa hazırlaşan tələbələrin bir çox ixtisası seçmə şansı var. Bu ixtisaslara diplomatiyaya bağlı olan “Beynəlxalq münasibətlər”, “Beynəlxalq ictimai münasibətlər” və “Regionşünaslıq” kimi ixtisasları misal göstərmək olar.

  Diplomatiya hər zaman öz aktuallığını qoruyan və abituriyentlərin marağında olan bir ixtisasdır. Bu ixtisasda oxuyan hər bir tələbə geniş biliklərə yiyələnməli və ingilis dili əsas olmaqla bir neçə dil biliklərə sahib olmalıdır. Bir ölkənin diplomatiyasının, xarici siyasətinin geniş təşəkkül tapması həmin ölkə üçün mühüm amildir. Buna görə də bu ixtisası seçən və gələcəyin diplomatı kimi fəaliyyət göstərmək istəyən hər bir şəxsdə elə məktəb illərindən geniş analizlər etmə və yüksək düşünmə bacarıqları olmalıdır.   

İxtisas barədə ümumi məlumatlar

  Bildiyimiz kimi geosiyasi şəraiti daim nəzarətdə saxlamaq istəyən dövlətlər maraqları olduqları regionda dövlətlərarası münasibətlər haqqında dolğun və obyektiv informasiyaları əldə etmək istəyirlər. Bu informasiyaları toplamaq və onların əsasında hərtərəfli araşdırmalar aparmaq isə regionşünas mütəxəssislərinin işidir. Diplomatiya sahəsinin ayrılmaz tərkib hissəsindən olan regionşünaslıq ixtisası konkret olaraq hər hansısa bir regionu mükəmməl öyrənən elm sahəsidir. Bu ixtisasın məqsədi dünyada, xüsusilə də region ölkələr arasında baş verən hadisələri izləmək, informasiya toplamaq, mövcud problemləri öyrənmək, onların müasir siyasi, iqtisadi, hüquqi və diplomatik əlaqələrini təhlih etmək, analtik və strateji araşdırmalar aparmaqdır. Regionşünaslıq, həmçinin müxtəlif ölkələrinin tarix və mədəniyyətini, dil və ədəbiyyatını, coğrafiyasını, demoqrafik quruluşunu öyrənir.

  Ölkədaxili, regional və beynəlxalq müstəvidə aparılan araşdırmalar, hazırlanan hesabatlar, geosiyasi konsepsiyalar dövlətlərin öz strateji hədəflərini müəyyənləşdirməsinə, düzgün qərarlar qəbul etməsinə köməklik göstərir. Regionşünaslıq ixtisasının spesifik cəhəti odur ki, bu ixtisası seçən şəxs gələcəkdə tədqiq edəcəyi regionu, həmin ərazidə yaşayan xalqın, dövlətin regional xüsusiyyətlərini daha dərindən öyrənir.

Bir diplomatın gördüyü işlər

  Mütəxəssis peşə fəaliyyətini əsasən, diplomatiya, tərcüməçilik, jurnalistika sahələrində təşkilati-idarəetmə, ekspert və elmi-araşdırma istiqamətləri üzrə bu işləri yerinə yetirməklə gerçəkləşir: 

  1. Tədqiq etdiyi region dövlətlərin xarici və daxili siyasətini, onların regional baxımdan əhəmiyyətini təhlil edir;
  2. Dünya iqtisadiyyatının müasir inkişafı istiqamətində regional iqtisadi inteqrasiya, tədqiq olunan ölkələrin bu prosesdə yeri və rolunu araşdırır; 
  3. Qlobal problərin ən mühüm aspektlərini araşdırır, onların tədqiq etdiyi region üzrə gələcək inkişafını proqnozlaşdırır;
  4. Xarici siyasət, beynəlxalq münasibətlər və regional sahələr üzrə yeni layihə və proqramlar hazırlayır;
  5. Regionun ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi vəziyyəti, eləcə də mədəni, irsi, tarixi, adət-ənənələri sahələrində araşdırmalar aparır;
  6. Regionda baş verən hadisələri təhlil edir və strateji araşdırmalar aparır;
  7. Qloballaşma prosesində ixtisaslaşdığı ölkə, yaxud region dövlətlərinin roluna dair hesabatlar hazırlayır;
  8. Sivilizasiyalarası dialoqun inkişafına dair təhlil və araşdırmalar hazılayır;
  9. Region xalqlar arasında əlaqələrin inkişafına yardım edən proqnozlar əsasında proqram və layihələr hazırlayır;
  10. Kütləvi informasiya vasitələrində tədqiq etdiyi regiona aid məqalələrlə çıxış edir;
  11. İctimaiyyətə təqdim etmək üçün broşürlər, bukletlər, kataloqlar, kitabların nəşri və yayılmasına dair məlumatlar hazırlayırlar;
  12. Araşdırdığı sahə üzrə əldə etdiyi məlumatların yekun nəticələrilə ictimaiyyəti məlumatlandırır, bu məqsədlə dəyərmi masa, seminar, elmi konfrans , simpozium, disput və kurslarda iştirak edir və s.

  Regionşünaslıq ixtisasının mütəxəssisi olaraq isə ölkənin siyasi, iqtisadi qurumlarında, kütləvi informasiya vasitələrində, diplomatik idarələrində və digər təşkilatlarda; xarici dövlətlərin ölkəmizdə və respublikamızın xaricdə fəaliyyət göstərən müxtəlif təşkilat, nümayəndəlik və şirkətlərində; regionşünaslıqla məşğul olan elmi-tədqiqat mərkəzləri, laboatiyaları, elmi-tədqiqat institularında, habelə ixtisas dərəcəsinə uyğun olaraq ali təhsil müəssisələrində və digər sahələrdə işləmək, fəaliyyət göstərmək olar. 

  Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi vardır. 

Bu sahə dövlət üçün ən əhəmiyyətli sahələrdən biridir..

  Bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilmişdir. Qazanılmış uğurlar vahid strategiya çərçivəsində ölkə rəhbərliyinin müəyyən etdiyi prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Elnarə Həsənova Habil qızı

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi İsrail üzrə regionşünaslıq ixtisasının 3-cü kurs tələbəsi

Mail ünvanı : elnare.hesenzade@mail.ru

Facebook : https://www.facebook.com/lnara.hasan

Şərh bildir