Coğrafiya

Dumanlıqda Günəş – Coğrafiya müəllimliyi

Salam!

Əziz bakalavr dost. Yəqinki məqalənin adı çox maraqlı gəldi. Bu ad bəhs edəcəyimiz mövzunun bənzətməsidir. Bəli oxuduğun kimi. Dumanlıqdakı Günəş dumanı azaldıb aydınlıq gətirdiyi kimi müəllim də yer üzünə bir aydınlıq gətirir. Məqsədin universitetə qəbul olmaqdır, deyilmi?

O zaman bütün aspektləri təhlil edib sənə bir dost köməyi etmək istəyirəm.

Coğrafiya müəllimliyi ixtisası Azərbaycanda bir neçə universitetdə tədris olunur. Məqsədin gözəl pedaqoq olmaqdırsa, o zaman bu sahədə ixtisaslaşmış Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirməyə qərar ver. Həmçinin bu universitetlə yanaşı: Bakı Dövlət Universiteti, Bakı Qızlar Universiteti, Xəzər Universiteti və s. universitetlərdə də bu ixtisas tədris olunur. ADPU-da bu ixtisas Tarix və Coğrafiya fakültəsində tədris olunur. İxtisasın istiqamətləri çoxşaxəlidir.

Bu sahədə daha çox uğur əldə etmək üçün çalış az yat və çox araşdır. Hər bir sahədə uğurlu olmaq üçün əldə olanla kifayətlənmək olmaz. Sahənin ilkin işi məktəblərdə və ya universitetdə pedaqoqluqdan başlayır. Növbəti mərhələdə isə hər hansısa bir araşdırma təşkilatına üz tuta bilərsən. Fərdi repetitorluq ixtisasın ən tələbli sahəsidir.

Daha çox bilik əldə etmək üçün müxtəlif seminarlara, konfranslara, elmi görüşlərə, müxtəlif ixtisas yönümlü könüllü təşkilatlara qoşulmaq ən uğurlu istiqamətdir. Dərsdən sonra kurslarda könüllü müəllim kimi fəaliyyət göstərməyi mühüm məqsədlərindən biri etməyə can at.

Bu ixtisas üçün əsas üstünlüklərdən biri də xaricdə təhsildir. Onun bir neçə üsulları var:

  1. İELTS imtahanı verib xaricdə bu ixtisas üzrə magistr təhsili almaq
  2. Müəyyən proqramlar vasitəsilə bir və ya bir neçə semestrlik xarici təhsil almaq
  3.  Xarici araşdırma və ixtisas artırma kurslarına qəbul. 

Bütün bu sadalananlar üçün xarici dil biliyi tələb olunur.

Dost, karyera planlaması nərdivan pillələri ilə çıxmağa bənzəyir. Növbəti pilləyə çıxmaq üçün ayağımızın altındakı pilləni etibarlı etməliyik ki, bizi geriyə qaytarmasın. Bu ixtisasın da karyera planlamasını özün üçün bu prinsiplə apar.

Aşağıda sənin üçün bir sıralama qeyd edəcəm diqqətlə nəzərdən keçir:

  1. Abituryent hazırlığını güclü et. Uğurlu karyera ilkin bazadan başlayır.
  2. Bakalavr həyatında boş dayanma. Çox oxu və nərdivanın növbəti pilləkənlərini dəqiqləşdir. Eyni zamanda universitet təhsilinin səviyyəsindən əmin olduğunu dəqiqləşdir.
  3. Magistr təhsili. İxtisaslı kadr olmaq üçün təhsili bakalavrla bitirmək düzgün ideya deyil. Növbəti magistr təhsili üçün meyl et və daha ixtisaslı kadr olaraq hazırlaş.
  4. İlk iş. Qeyd etdiyim kimi məktəblərdə vakansiya yolu ilə tədris ideal fikirdir. Kapitalizm dövründə əldə olunanla kifayətlənmək acizlikdir. Yeni işlər, ideyalar fikirləş. Repetitorluqmu, ya hansısa coğrafi araşdırma təşkilatı və digər nəsə bir sahə fikirləş. Ümid et ki, çəkdiyin zəhmət yerdə qalmayacaq. Sən bir gün böyük uğur əldə edəsən.

İlk iş tapmaq üçün bir neçə istiqamət var:

  1. Təhsil Nazirliyinin vakansiyalarına uyğun olaraq məktəblərdə müəllim fəaliyyəti göstərmək. Hansıki, bunun  üçün müəllimlərin işə qəbul imtahanını uğurla vermək vacib şərtdir.
  2. Abituriyent hazırlıq mərkəzləri vakansiyalarını izləmək. Uyğun vakansiyaya müraciət etmək.
  3. Magistr təhsilindən sonra növbəti aspirantura təhsili almaq və universitetdə müəllim olaraq fəaliyyət göstərməyə istiqamətlənmək.

İndi əziz abituriyent dərslərinə daha ciddi hazırlaş və bu karyeranın ilkin mərhələsini uğurla keç.

Ruslan Mahmudov

Bakı Dövlət Universiteti. Coğrafiya ixtisası 4-cü kurs tələbəsi

Şərh bildir