Ədəbiyyat müəllimliyi

Ədəbiyyat xalqın səsidir

  Ədəbiyyat və dil – bu iki məfhum bir araya gəldikdə hansı mənanı kəsb edir? Bir fənn kimi öyrədilməsinin nə kimi əhəmiyyəti var? Əslində bu sualların cavabı çox da çətin deyil. Məlum məsələdir ki, istənilən dilin öyrənilməsi onun ədəbiyyatından başlayır. Ədəbiyyata verilən töhfə dilə verilən töhfədir. Ədəbiyyat dilin öyrədilmə tarixidir. Yəni istənilən dilin qədim zamanlardan işlədilmə prosesi ilə tanış olmaq üçün məhz onun ədəbiyyatına müraciət etmək lazımdır. Belə ki, hər bir dilin öz ədəbiyyatı var və həmin ədəbiyyatda qədim dövrdən ta indiyə qədər xalqın sədası duyulur. Buna görə də ədəbiyyat fənni yalnız müasir dövrü deyil dilin inkişaf yolu kimi bütün dövrləri əks etdirməlidir. Bu fənn böyükdən kiçiyə hər kəs üçün maraqlıdır. 

  Hələ heç bir dil bilməyən körpə həmin dili necə öyrənir? İlk vaxtlar tək-tək kəlmələrlə öyrənmə prosesinə başlansa da, daha sonra valideynlərin həmin dildə şeirlər, nağıllar səsləndirməsi ilə dil körpəyə aşılanır. Beləlikə, dil və ədəbiyyatın qarşılıqlı əlaqəsi prosesində ədəbiyyat xalqın səsi kimi şərh oluna bilər.

İxtisasın tarixi barədə:

  Dil və ədəbiyyat müəllimliyi ixtisasının yaranma tarixi barədə dəqiq məlumat olmasa da, bu ixtisasın nümayəndələrinin əsasən ingilis dili və ədəbiyyatının tədrisi ilə məşğul olan müəllimlər olduğu çoxumuza məlumdur. İxtisasa tam olaraq yiyələnən metodist ingilis dilinin qrammatika, fonetika, leksikologiya, üslubiyyat kimi sahələrini və eyni zamanda AmerikaBöyük Britaniyanın V-XX əsri əhatə edən zəngin ədəbiyyatını paralel şəkildə öyrənmə şansı əldə edir. Özündə fərqli din və dil nümunələrini əks etdirən dünya ədəbiyyatının nümunələrinin tədrisi öyrənənlərdə fərqli mədəniyyətlərin öyrənilməsinə maraq oyadır. Müasir dövrümüzdə ingilis dilini öyrənmənin zəruriliyi düşüncəsi ilə bu dili və zəngin ədəbiyyatını yaxından tanıyıb öyrənmək istəyən hər kəsin seçə biləcəyi ixtisasdır.

  İxtisası seçən və bu yolda addımlamaq istəyənlərin öhdəliyinə bəzi prinsiplər düşür. Onlardan ən başlıcası ixtisas üzrə təkmilləşmək məqsədilə müntəzəm olaraq öz üzərində çalışmaqdır. İstənilən sahə üzrə yaxşı mütəxəssis olmaq bilavasitə müasir dövrün yeniliklərini daim öyrənmək və inkişafa hazır olmaq ilə əlaqəlidir.                         

  Bu sahə üzrə inkişafın bir sıra vacib faktorları var. Belə ki, ixtisası seçən hər kəs ilk növbədə ingilis dilinin qrammatikasını, fonetikasını, üslubiyyatını, leksikologiyasını dərindən öyrənməli, Britaniya və Amerikanın zəngin ədəbiyyat nümunələri ilə tanış olmalıdır.

  Bunlarla yanaşı ingilis dilini dinləmə, danışma, yazma və oxuma qabiliyyətləri üzrə mükəmməl səviyyədə bilməli, şifahi və yazılı nitqdə ingilis dilinin normalarına uyğun olaraq ifadələr və mətn yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığına sahib olmalıdır.

  Müəllim bir günəşdir. Onun başlıca amalı şagirdlərin yoluna nur saçmaqdır. Bütün peşə nümayəndələrinin uğurlu yolunun başlanğıcında savadlı müəllim durur.Müəllimlik sənətinə həmişə rəğbət olub və olacaq. İngilis dili isə dövrümüzün ən qabaqcıl dillərdən olduğu üçün ixtisas gələcək üçün də perspektvli ixtisaslardan hesab olunur.

Şəbnəm Yaşasif qızı Ağayeva

Azərbaycan Dillər Universiteti,”Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası(ingilis dili)” üzrə magistr tələbəsi

Şərh bildir