İxtisasın qısa təsviri 

  İxtisas gəmi mexanizmlərindən bəhs edir. “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəmi daxiliyanma mühəriklərinin və energetik qurğularının  istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı işçi diplom və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir. 

Peşənin tarixi

   Respublikamız dəniz ölkəsi olduğundan yüksək ixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996  – cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının  “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul olunub.  Akademiya 012 nömrəsi altında  dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib. Diplomu dünyanın 170 – dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.  Akademiya Rusiyanın admiral  S.O. Makarov adına  Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski  adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası,  Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro  Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı  adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk  Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya  Tədris  Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • Baş mexanik gəminin texniki istismarı üzrə kapitanın müavinidir, gəmi gövdəsinin və texniki vəsaitlərinin texniki vəziyyəti üçün məsuliyyət daşıyır. Baş mexanik texniki istismar xidmətinin rəisidir, texniki xidmət və təmir üzrə işlərin planlaşdırılması və yerinə yetirilməsinə, dəyişək-ehtiyat hissələri, maddi texniki təchizat və gəminin təmiri üçün vəsaitin səmərəli sərfinə rəhbərlik edir. Baş mexanikin gəminin texniki istismarı məsələləri üzrə göstərişi və sərəncamları bütün əmələ üzvləri üçün məcburidir.
  • İkinci mexanik baş mexanikin birinci müavini və tabeliyindəki olan heyət üzvlərinin komandiridir. İkinci mexanik aşağıdakıların etibarlı işləməsini və texniki vəziyyətinə cavabdehdir: (1)bütün texniki xidmət vəsaitləri ilə birlikdə əsas və qəza mühərriklərinin, keçirici valların (redukturlar və ayırıcı muftalar daxil olmaqla), deydvud qurğularının, sükan qurğusunun hərəkətləndirici və mexaniki hissəsinin; (2) bütün texniki xidmət vəsaitlər ilə birlikdə ballast, suboşaltma, və yağ sistemlərinin; (3) gəmi yanğın söndürmə, yanğınəleyhinə texniki vəsaitlərin və mexaniki qurğuların qəzaxilasetmə avadanlıqlarının; (4) öz idarə etməsi üzrə avtomatlaşdırma, nəzarət-ölçü cihazları vəsaitlərinin və digər texniki vəsaitlərin.
  • Üçüncü mexanik bilavasitə ikinci mexanikə tabedir. Lazım gəldiyi hallarda üçüncü mexanik ikinci mexaniki əvəz edir. Üçüncü mexanik aşağıdakıların etibarlı işləməsinə və texniki vəziyyətinə cavabdehdir; (1) Buxar gəmilərində – texniki xidmət vəsaitləri ilə birlikdə qazan qurğusunun, suyu şirinlətmə qurğularının, səs siqnalı qurğularının, qazan su sisteminin, buxarla yanğın söndürənin, buxar qızdırıcısının, ballast və yanacaq tankları qızdırıcısının; (2) teploxodlarda – texniki vəsaitləri ilə birlikdə köməkçi mühərriklərin, hava kompressorlarının, havagözləyicilərinin; (3) gəmi mühafizə vəsaitləri motorlarının, istilik sistemlərinin, istilik saxlayıcıların, istilik vurma vəsaitlərinin, avtomatlaşdırma vəsaitlərinin (elektrik sistemləri elementlərindən başqa), nəzarətölçü cihazlarının və idarə etməsindəki digər texniki vəsaitlərin. Üçüncü mexanik yanacağın qəbulunu, saxlanılmasını, sərf olunmasını, vurulmasını və qeydiyyatını, bundan başqa, buxar gəmilərində suya nəzarəti, su emalını idarə edir, qazan maşınları işinə rəhbərlik edir.
  • Dördüncü mexanik bilavasitə ikinci mexanikə tabedir. Lazım gəldiyi hallarda dördüncü mexanik üçüncü mexaniki əvəz edir. Dördüncü mexanik aşağıdakıların etibarlı işləməsinə və texniki vəziyyətinə cavabdehdir: (1) Göyərtə mexanizmlərinin mexaniki hissəsinin, texniki xidmət vəsaitləri ilə birlikdə gəmi yük və təmizləmə sistemlərinin, gəmi tanklarında təmizləmə işləri üçün mexanikləşdirmə vəsaitlərinin; (2) Teploxodlarda – texniki xidmət vəsaitləri ilə birlikdə qazan qurğusunun, suyu şirinlətmə qurğularının, qazan suları, ballast və yanacaq tanklarının qızdırılması sistemlərinin və buxarla söndürmə sisteminin; (3) Avtomatlaşdırılmış sistemlərin (elektrik sxemi elementlərindən başqa), nəzarət-ölçü cihazlarının və idarəsində olan digər texniki vəsaitlərin. Teploxodlarda dördüncü mexanik suya nəzarətə və su emalına başçılıq edir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Dəniz Akademiyası (həm azərbaycan, həm də ingilis dilində tədris olunur).

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
  • Bakı Gəmiqayırma Zavodu
  • Caspian Marine Services
  • Digər yerli şirkətlər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

Bu ixtisas üzrə lazım olan bacarıqlar peşə sahibinin tutduğu vəzifəyə görə fərqlənir. Bu sahə üzrə əsas üç istiqamətdə faliyyət göstərilir:

  • Baş mühəndis (baş mexanik);
  • Köməkçi mühəndis,2-ci mexanik. (baş mühəndisin 1-ci köməkçisi);
  • 3-cü köməkçi,3-cü mexanik (baş mühəndisin 2-ci köməkçisi);
  • Oiler ( Mataris);

  Bu istiqamətlər üzrə öhdəliklər:

  • Baş mühəndis bütün mexanizimlərə cavabdeh şəxsdir. Əgər,bir problem yaranarsa baş mühəndis və köməkçiləri problemin həlli yollarını tapıb,həll edirlər.
  • Oiler (matarislər) mühəndislərə kömək edirlər. Dənizdə işə ilk başlanğıcda Oiler (mataris) olaraq başlayır, sonra 3 – cü köməkçi, 2 – ci köməkçi  və baş mühəndis vəzifəsinə qədər yüksələ bilir. Bu ixtisasa yiyələnmək üçün ilk öncə ADDA diplomuna yiyələnməlisən. Bundan əlavə  işçi diplomun da olmalıdır. İşçi diplomu Dəniz Administrasiyası imtahan verilməklə tərəfindən verilir. Dəniz şəraitində işləmək üçün həmçinin yüksək tibbi sağamlığa malik olmalısan. Buna görə də tibbi sertifkata yiyələnirsən. Bundan əlavə müxtəlif təlimlərə (məs ilk tibbi yardım, yanğınla mübarizə və s) onlarla sertifikat almalısan ki gəmidə çalışa biləsən.
  • Ümumi öhdəliklər:
  • Məsulliyətli olmaq;
  • Mühəndislik bacarıqları;
  • Dözümlülük və zəhmətkeşlik;
  • Əl alətlərinin köməyi fiziki fəaliyyətə hazırlıqlı olmaq;
  • Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • Təşkilatçılıq bacarıqlarının olması;
  • Dəqiqlik;
  • Təlimatları dəqiq yerinə yetirmək bacarığını;

Bu sahənin gələcəyi

   Bu işlə məşğul olan şəxs işini sevib, məsuliyyətli davranarsa, bu sahədə uğurlu karyera qura bilər. Bu sahədə ADDA hər il inkişafa doğru gedir. Tələbələrin daha təcrübəli olmağı üçün onlar Qara dəniz və digər bu kimi dənizlərə gəmilərdə təcrübəyə göndərilir. Dünya üzərində isə texnologiyanın yeniləşməsi gəmilərə də təsir edir. Bu gəmi maşınlarının və onlara nəzarətin avtomatlaşdırılmasına gətirib çıxarır. Gələcək də qəzaların və digər pis halların olmaması üçün təhlükəsizlik kodeksləri yeniləşdirilir və genişlənir. Həmçinin, bu sahə üzrə təhsil imkanlarının artırılması da sahənin inkişafını dəstəkləyir.

Əmək haqqı

   Məvaciblər şirkətə, vəzifəyə və ölkəyə görə dəyişir. Azərbaycanda dövlət şirkətində bu ixtisas üzrə ən aşağı vəzifə maaşı aylıq 1000 AZN təşkil edir. Baş mexnik isə 3000 AZN – ə qədər ala bilir. Azərbaycan da olan özəl şirkətlərdə isə daha da yüksək məbləğlərə rast gəlinir. Məsələn baş mexanikin maaşı 7000 – 8000 AZN – civarında dəyişir belə müəssisələrdə.  Xaricdə  isə bu rəqəm daha da yüksək olur  artır. Baş mexnik 10000 – 20000 AZN və hətta daha yuxarı əmək haqqı ala bilir.

 

 

 

 

 

 

Son yazılar