sahibkarlıq

 

Sosial sahibkarlıq nədir?

   Uşaqlıqdan bizə deyilir ki, ətrafımızda mövcud olan sosial problemləri ya dövlət, ya böyük şirkətlər, ya da beynəlxalq təşkilatlar həll etməlidir. Ətrafımızda nəyisə kiçik addımlarla dəyişməyi bu stereotipə görə düşünmürük.

  16 yaşım olandan çalışıram və kapitalizmin həm müsbət, həm mənfi tərəflərinə şahid oldum. Müsbət tərəflərini (azadlıq, kreativlik, insanlara təsir etmək imkanı və s.) nə qədər sevsəm də, amma insanların beynində ancaq gəlir qazanmaq haqqında düşünmək heç vaxt mənə uyğun olmayıb.

  Sosial sahibkarlıq indiyənə kimi vahid anlayış kimi formalaşa bilməyib. Çünki hər ölkənin özünə uyğun sosial məsələlərə yanaşma metodları var və sosial bizneslər fərqli təsəvvür olunur. Son 20 ildə bu sahə dünyada 622 milyon insanın həyatına müsbət təsir göstərib.

  Sosial sahibkarlıq anlayışı praktiki olaraq ilk dəfə Banqladeşdə yaradılıb və ilk sosial biznes – Grameen Bank olub. Əsas məqsəd yerli qadınların onlara verilən mikrokredit sistemi ilə işsizlik problemini həll etmək, sahibkar olmağa dəstək olmaqdır. 1983-cü ildə yaradılan sosial biznes milyonlarla insana təsir göstərib. Bu sahəni dünyaya gətirdiyinə görə 2006-cı ildə  Məhəmməd Yunus dünyada yeganə sahibkar olaraq Nobel Mükafatına layiq görülmüşdür.

  “Grameen Bank” (sankrit dilində “kənd bankı”) Banqladeşdə Məhəmməd Yunus tərəfindən qurulan mikromaliyyə təşkilatı və icmanın inkişafına yönəldilmiş bankdır. Girov tələb etmədən və müqavilə imzalamadan yoxsullara kiçik kreditlər verən bir təşkilat olaraq sosial biznes konseptini təsis etdi. “Grameen Bank” kommersiya məqsədləri ilə çalışan banklardan bu faktorlarla fərqli olmağı bacardı:

 

📌 Kasıb insanların həyatına iqtisadi və sosial dəyişiklik gətirmək;

📌 Heç bir girov götürmədən, sırf insanlara güvənə əsaslanaraq cüzi faizlərlə kreditlər vermək;

📌 Krediti götürənin nəyin ola biləcəyinə baxmaq;

📌 Şəhərdən kənar yerlərdə yerləşmək;

📌 Bankın müştərinin yanına getməsi;

📌 Ödənişlər üçün ciddi qaydalar qoymamaq;

 📌 Müştərilər əsasən kasıb insanlardır;

📌Kreditlər istehlak yox, məhsuldar fəaliyyət üçün verilir.

 

  Sosial sahibkarlıq anlayışı nəzəri olaraq Uilyam Bill Drayton tərəfindən verilmişdir. ABŞ-ın Xəbərlər və Dünya Hesabatı tərəfindən Drayton, 2005-ci ildə Amerikanın 25 Ən Yaxşı Liderlərindən biri adına layiq görülmüşdür. O, 1972-ci ildə çap olunan “sosial sahibkar” ifadəsinin yüksəlməsi və inkişafında bir başa rol oynayıb. Drayton “Aşoka: Xalq üçün Yenilikçilər ( Ashoka: Innovators for the Public)” təşkilatın təsisçisi və sədridir. Bu təşkilatın əsas hədəfi dünyadakı sosial sahibkarları tapmaq və təşviq etməkdir. O, həmçinin, “Youth Venture” və “Get America Working!” təşkilatlarına sədrlik edir.

Onun güclü şüarı var: “Sosial sahibkarlar yalnız bir balıq vermək və ya balıq tutmağın öyrətmək hədəfi qoymurlar. Onlar balıqçılıq sənayesini inqilab etməyincə dayanmayacaqlar”.

 

Sosial sahibkarlığın əsas məqsədi sosial problemi DAVAMLI biznes yolu ilə həll etməkdir.

Bu modelin əsas 7 prinsipi:

– Sosial problemə fokuslanmaq

– Maddiyyat baxımından müstəqil olmaq

– İnvestor qoyduğu investisiyadan dividend (əlavə faiz) götürmür

– Dividend qalır biznesin inkişafına

– Gender və ətraf mühit məsələlərinə həssas olmalı

– Layiqli əmək haqqı və şərait olmalı

– Bu işi zövqlə görmək lazımdır

 

Bəs gəncləri sosial sahibkarlıqda nə gözləyir?

  Kapitalizm bizə yeni tələblər qoyur. Güclü rəqabəti olan bazarlarda biz daim innovativ həllər göstərməliyik. Sosial sahibkarlıq bizə bu imkanları verir. Daha çox sahibkar unikal məhsul yaratmaq üçün sosial dəyər əlavə etmək və eyni zamanda cəmiyyətə faydalı olmaq istəyir. Sosial sahibkarlıq bütün dünyada insanlarda irs qoymaq mədəniyyətini güclü inkişaf etdirib.

  Oksford Universitetinin bu ilin mart ayında keçirtdiyi dünyada sosial sahibkarlığa aid ən böyük tədbir olan – Skoll forumunda hər kəsi maraqlandıran sual sosial sahibkarlığın pandemiya zamanı və sonrası vəziyyəti ilə bağlı trendlər idi. Dünyanın ən böyük fondları və şirkətləri ənənəvi biznes modellərinin effektiv olmadığını məhz pandemiya zamanı anladıqları və müşahidə etdiklərini hər kəsə etiraf ediblər. Bütün ölkələrdə pandemiyanın ən çox neqativ təsir göstərdiyi əhali qrupları məhz aztəminatlı əhali qrupları olub. Sosial problemlər daha çoxalıb və qısa müddətli aksiyalar və xeyriyyəçilik tədbirləri heç bir problem həll etməyib.

 

COVID-19 insanlara sosial sahibkarlıq haqqında hansı mesajları ötürüb?

🔹 Bizneslər gəlirlərdən daha çox missiya və daha ali məqsədə xidmət etməlidirlər. Ətraf mühitə və insanlara daha şüurlu yanaşmalıdırlar – ancaq bu halda hər kəs bu sistemdə qazanacaq. Eyni zamanda sosial sahibkarların bazarda fərqlənməyə daha çox şansları var.

🔹 Bütün böhranlarda ən çox zərər çəkmiş insanlar aztəminatlı və həssas əhali qruplarına aid olanlardır. Heç bir ölkənin dövlət sistemi sosial problemlərin həllində tək işləyə bilməz. Sosial sahibkarlar bu gücü məhz pandemiya zamanı göstərə biliblər.

🔹 Dünyanın ən böyük fondları artıq xeyriyyəçiliyə əvvəlki kimi böyük yatırımlar etməyəcəklər. Əsas səbəb davamlılığın təmin olunmamasıdır. Sosial sahibkarlıq isə xüsusi biznes modeli ilə həm müstəqil olaraq maddi azadlığı təmin edir, həm də sosial problemi həll edir.

Sosial sahibkarlıq Azərbaycanda son 5 ildə trend mövzuya çevrilməyə başlayıb. Qısa zamanda bu sahədə böyük uğurlar əldə olunmuşdur. Bu uğurlara baxmayaraq indiyənə kimi cəmiyyət bu sahəni qəbul edə bilmir.

Bəs bu sahəni niyə öyrənməliyik?

  • Dövlət bütün sosial problemləri həll edə bilmir. Bunun üçün insan resursları, vaxt və enerji qıtlığı yaşanılır;
  • Cəmiyyətdə təsir göstərmək və sosial problemi həll etmək üçün daim qrantlara müraciət etmək davamlı deyil. Azərbaycanda 2015-ci ildə baş verən hadisələr bunu sübut edib;
  • Fərdi şəxs olaraq cəmiyyətə ən əffektiv təsir davamlı biznes ilə nail olunacaqdır. Davamlı sosial təsir göstərən biznes həm iqtisadi azadlıq, həm sosial inkişaf deməkdir;
  • Azərbaycanda bu sahə ilə bağlı çoxlu boşluqlar var və gənclərimizə bu sahədə uğurlu olmaq üçün ən böyük motivasiyadır;
  • Sosial sahibkarlıq dünyada və ölkəmizdə daha çox inkişaf edəcək. Məhz buna görə ilklərə düşmək həmişə bizi qalib edir;
  • İxtisas, sosial status, yaş, təcrübə və yaşadığımız yerə baxmayaraq insanların həyatına davamlı şəkildə təsir etmək və irsimizi qoymaq imkanı qazanırıq;
  • Biznesin etik, insanların və planetin qayğısına qalmaq mümkünlüyünə praktiki olaraq əmin olmaq üçün;
  • Sosial sahibkarları daha yaxşı anlayıb və onlara daha çox dəstək olmaq üçün.

 

Sosial sahibkarlıqda olsaq bizi hansı çətinliklər gözləyir?

  • Bizi ailə üzvlərimiz, dostlarımız və cəmiyyət anlamayacaq. Axı pul qazanmaq dünyada ən “vacib” şeydir!
  • İnsanların beynindəki stereotipləri sındırmaq ən böyük çətinlik və çağırışdır. 
  • İnvestor tapmaq çox çətindir!
  • Sosial sahibkarlıq yeni sahə olduğunda görə, çox az adam məlumatlıdır və insanları maarifləndirmək üçün əlavə enerji qoymalıyıq.
  • İnsanları güvənini qazanmaq. Xeyriyyəçilik və sosial layihələr adı ilə nə qədər insanlar səhv mesajlar alıblar, nə qədər insanları aldadıblar və güvəni qazanmaq vaxt aparacaq.

 

Sosial sahibkarlıqla bağlı tövsiyyə etdiyim resurslar:

Muhammad Yunus – “Building a social business”

Muhammad Yunus – “A World of Three Zeros: The New Economics of Zero Poverty, Zero Unemployment, and Zero Net Carbon Emissions”

Roger L. Martin / Sally R. Osberg – “Getting beyond better. How social entrepreneurship works”

Muhammad Yunus TEDx çıxışı: https://www.youtube.com/watch?v=6UCuWxWiMaQ

Yunus & Youth səhifəsi: https://yunusandyouth.com/

Social Business Youth Center: https://www.instagram.com/sbyc_az/

 

Əziz dostlar, ümid edirəm bu məqalə sizin üçün faydalı idi. Diqqətlə oxuduğunuz üçün təşəkkür edirəm!

 

 Hörmətlə,

Sara Rəcəbli

Sosial sahibkar

Şərh bildir