Diplomatiya

Hər zaman mövcud olacaq ixtisas: Diplomatiya

  Beynəlxalq Münasibətlər, digər bir sözlə diplomatiya qədimliyi, eləcə də müasirliyi ilə hər zaman aktuallığını qoruyan bir ixtisas sahəsidir. Hər nə qədər qəribə səslənsə də, dövlətlər də bir-birindən insanlar kimi küsür, inciyir və ya dostluq münasibətləri saxlayır. Əslində “dövlət” dediyimiz məhz insanların özüdür, çünki dövlətlərin bir-biri ilə saxladıqları münasibətlər, insanlar, daha spesifik olaraq desək diplomatlar tərəfindən formalaşdırılır. Buna görə də, heç bir texnologiya bu peşəni əvəz edə bilməz! Bu o deməkdir ki, bir dövlətin diplomatları nə qədər güclüdürsə, həmin dövlət beynəlxalq arenada bir o qədər layiqincə təmsil olunacaq.

  Onu da qeyd etmək lazımdır ki, dövlətimiz Azərbaycan beynəlxalq arenada peşəkar siyasət xətti yürüdərək hörmətli və özünəməxsus yerə sahibdir. Azərbaycan bir çox beynəlxalq və dövlətlərarası təşkilatlara sədrlik etmiş və onların iş prinsipi, dünya siyasətindəki yeri ilə dərindən maraqlanmışdır. Hal-hazırda respublikamız 120 üzv dövlət ilə BMT-dən sonra dünyanın ən böyük siyası platforması olan “Qoşulmama Hərəkatı”na sədrlik edir. Bu sözsüz ki, dünya dövlətlərinin Azərbaycana olan güvənin bariz göstəricisidir. Sadəcə bu məlumat belə “Beynəlxalq Münasibətlər” ixtisasının Azərbaycan vətəndaşları üçün necə önəmli olduğunu önə çıxarır. Ancaq diplomatiya sahəsində çalışmaq sadəcə dövləti təmsil etmək deyil, həmçinin də vətənpərvər olmaq və dövlətinin maraqlarını bilmək və qorumaq deməkdir. Bu işdə isə ən böyük iş diplomatların və bu sahədə təhsil almaq istəyən insanların, bəlkə də karyerasını bu yöndə qurmaq istəyən əziz oxucu, sənin üzərinə düşür.

Diplomatiya sahəsində uğurlu olmağın yolları

  Beynəlxalq Münasibətlər ixtisasının bakalavr dərəcəsində təhsil almağı planlayırsınızsa, xarici dil bilikləri çox önəmlidir. Xüsusilə, ingilis dilini əla səviyyədə bilməli və mümkün olduğu qədər əlavə dil də öyrənməlisiz. Elmi tərəfdən isə siyasət və iqtisadiyyat fənnləri sizin öncəliyiniz olacaq. Bununla belə ictimaiyyətlə danışıq, akademik yazı və təqdimat bacarıqları sizin bu sahədə uğurlu olmaq üçün bilməli olduğunuz önəmli detallardır. Eyni zamanda, beynəlxalq münasibətlərdə işlədilən terminləri məsələn, realizm və ya liberalizmi anlamaq üçün fəlsəfi biliklərlə də tanış olacaqsız. Deyə bilərəm ki, bu hissədə çətinliklər çəkə bilərsiz çünki orta təhsil üzərinə belə fəlsəfi fikirlərlə tanış olmaq və onları dövlətlər və beynəlxalq təşkilatlar arasındakı münasibətlər üzərində tətbiq etməyə çalışmaq mənim üçün beyin yandıran bir proses olmuşdu.

  Əlavə olaraq qeyd etmək istərdim ki, Karl Marks, Nikola Makkivelli və Samuel Hantington kimi filosoflar isə sizi təhsiliniz boyunca öz fikirləri ilə müşaiyət edəcəkdir. Təhsilinizi bitirdikdən sonra isə istər magistr pilləsində davam etmək, istərsə də karyeranızda uğurlu olmaq üçün tələbəlik dövründə sosial həyatda aktiv olmalısız çünki ixtisas və ixtisasın iş sahələri bunu tələb edir! Özünüzə peşəkar bir əhatə qurmaqla yanaşı, tələbə təşkilatları kimi qurumlarda praktika toplamağa çalışmalı və özünüzü daim inkişaf etdirməlisiz. 

Bu ixtisas üzrə iş imkanları

  Əlbəttə ki, təhsilimizin ən böyük mahiyyəti bizə uğurlu karyera qurmaqda kömək etməkdir. Bu mövzuda isə “Beynəlxalq Münasibətlər” sözsüz ki, ən optimal ixtisasdır deyə bilərəm. Ancaq buna başlamazdan əvvəl mənim də yaşadığım, burada təhsil alan və almağı planlayan tələbə və şagirdlərin üzləşə biləcəyi problemi bildirmək istəyirəm. “Bunu oxuyub nə olacaqsan?! Harada işləyəcəksən?!” Əgər siz bu ixtisası seçmisizsə, bu sualları özünüzdə cavablamalısız, çünki “Beynəlxalq Münasibətlər” elə bir ixtisasdır ki, ilk cavabda gələcəkdə harada və hansı pozisiyada çalışacağını söyləmək çətindir. Ona görə də sizə bu suallar verildikdə özgüvəninizin sarsılmaması üçün özünüzdən əmin olmalısız. Baxmayaraq ki, yuxarıda əsasən diplomatiya haqqında danışdım. Beynəlxaq Münasibətlər həqiqətən də iş və karyera baxımından çox perspektivli bir ixtisasdır. Təhsil zamanı siyasi biliklərlə yanaşı həm iqtisadi, həm idarəçilik, həm də hüquqi biliklər qazanacağınız üçün sizin bir çox sahədə uğurlu karyeranıza başlamaq imkanınız olacaq.

  Əlbəttə, bu ixtisasın əsas məqsədi “diplomat” yetişdirmək olsa da, maliyyə, iqtisadiyyat, hüquq sahəsində də asanlıqla professionallaşa biləcəksiz. Əslində, məğzi də elə budur ki, bir diplomat bunların hamısını yüksək səviyyədə bilməlidir. Sözsüz ki, iş imkanları sadəcə dövlət sektoru ilə limitlənmir. Unutmayaq ki, günü-gündən inkişaf edən və qloballaşan bir dünyada yaşayırıq. Dövrümüz əməkdaşlıqlar dövrüdür. Hər bir şirkətin mütləq bir şəkildə beynəlxaq əlaqələr departamenti var ki, orada məhz bu sahədə istedadlı olan insanlara ehtiyac var. Beləliklə, siz artıq “Beynəlxalq Münasibətlər” ixtisasının həm təhsil, həm də iş imkanları ilə tanışsız. Ümid edirəm ki, bu məlumatlar sizə kömək edəcək! 

  Bu ixtisas, məqalədəki hər hansı bir detal və ya digər sualınız haqqında mənimlə əlaqə saxlaya bilərsiniz.

Bəxtiyar Salmanov

ADA Universitetinin Beynəlxaq Münasibətlər ixtisasının tələbəsi

Mail ünvanı: bsalmanov7970@ada.edu.az 

Facebook: https://www.facebook.com/profile.php?id=100005426530545

Şərh bildir