İxtisasın qısa təsviri


    Təsviri sənətin əsas növlərindən olan Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli yaradılır. Adətən, insan, bəzən heyvan (animalistik janr) təsvir edən heykəltəraşlığın boyakarlığa və qrafikaya nisbətən imkanları məhduddur. İndiyə kimi əsasən iki cür heykəl məlumdur:
Birinci qisim heykəllərə həcmli və ya dəyirmi heykəllər deyilir ki, bunlara hər tərəfdən baxmaq mümkündür. İkinci qisim heykəllər isə səth üzərində qabartma şəklində yaradılır. Belə heykəllərə isə relyef deyilir.
Rəssamlığın sahələri: Rəngkarlıq, Heykəltəraşlıq, Qrafika, Dekorativ-tətbiqi sənət.
Heykəltəraşlığın sahələri: Dəzgah, Monumental, Dekorativ.
Heykəltəraşlığın janrları: Süjetli, Portret.
Monumental heykəltaraşlıq əsərləri açıq havada qoyulur. Böyük şəhərlərin meydanlarında, bəzən isə ictimai-binaların daxilində qoyulur. Dekorativ heykəllər, əsasən, memarlıq abidələrinin bəzəldilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları, fəvvarələri bəzəyir. Memarlıq abidələri ilə bağlı olmayan park və fəvvarələrin bəzədilməsi üçün nəzərdə tutulmayan, əsasən, muzeylərdə nümayiş olunan heykəllər dəzgah heykəltaraşlığına aiddir. Heykəltaraşlıq əsərinin hansı materialda və hansı texnikada hazırlanmasının böyük əhəmiyyəti var. Adətən, heykəllər gil, ağac, plastilin, mum, gips, metal və s. hazırlanır. İxtisas rəsm və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

    Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da bu qəbildən saymaq olar. Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş “Şirvanşahlar sarayı”nı, “Bayıl qəsri”, yaxud “Səbayıl” adlanan memarlıq abidəsini göstərmək olar.
Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq desək, milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı, Fuad Əbdülrəhmanova, Pyotr Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝Heykəllərin yaradılması və ya müstəqil müştəri axtarışı üçün müsabiqələrdə iştirak; sifarişin alınması;
    ➝İş konsepsiyasının inkişafı və onun həyata keçirilməsi üçün zəruri olan materialların axtarışı;
    ➝Tələb olunan material və alətlərin alınması;
    ➝Heykəlin eskizinin edilməsi;
    ➝Çox sayda eskizlərin hazırlanması. Eskiz çoxlu miqdarda edilir və ən sonda forma “tapılır”. Yəni bu həmin o formadır ki, müəllif beynində canlandırıb və tam istədiyini verib. “Tapılmış” obraz bütün özəllikləri özündə cəm edən yekun nəticədir
    ➝Eskizə əsasən maket qurulması. Maket tam olaraq oturdulandan sonra tələb olunan ölçü və proporsiyada heykəlin hazırlanması;
    ➝Heykəlin həcminin fəzada həlli. Sifariş verilir – burada ölçü, mövzu, material və s qeyd olunur və buna əsasən də heykəl hazırlanır
    ➝Heykəlin açıq səmada düzgün yerləşdirilməsi
    ➝Maketin qurulması
    ➝Maketin qurulması sifarişdə kişi və ya qadın heykəlinin olmasından asılı olaraq dəyişir
    ➝Heykəlin iri ölçüdə edilməsi
    ➝Heykəlin daşınmasında və düzgün quraşdırılmasında iştirak etmək.

 

Harada bu ixtisasa sahiblənmək olar?

➝Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ⇒Heykəltəraşlar əsasən fərdi və ya rəssam və memarlarla birgə iş birliyi edirler.
    Heykəltəraşlar xüsusən öz emalatxanalarında,əksər hallarda onlar ücün ayrilmiş emalatxanalarda işləyirlər ,kurslarda və özəl olaraq dərslər deyirlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

➝Simmetriya və harmoniya hissi;
➝Güclü müşahidə qabiliyyəti;
➝Məkan təsəvvürü;
➝İnkişaf etmiş bədii və estetik zövq;
➝Yaxşı vizual yaddaş;
➝Nəticəni görmək bacarığı;
➝Rəssamliq qabililyəti;
➝Rəng duyumu;
➝Daş (mərmər, qranit, taxta, qum),ağac sümük , metal (bürünc, mis, dəmir və s.) adi və ya bişmiş gil (keramika, terrakota, fayans, mayolika və s.) bütün bunlardan istifadə etməyi bacarmalı
➝Dəqiqlik, səbr, diqqətlilik, qətiyyət;
➝Fiziki dözüm;
➝Əla koordinasiya;

Bu sahənin gələcəyi

  •      Heykəltəraşlıq memarlıq elementlərinin qibtə elədiyi formalarının  təzahürüdür.  Heykəltəraşlıq incəsənətin bir növüdür və incəsənət var olduğu müddətcə heykəltəraşlıq da öz əhəmiyyətini qoruyacaqdır. Bu gün texnologiya nə qədər inkişaf etsə də, heykəltəraşlara hər zaman ehtiyac duyulacaq. Bunun ən böyük səbəbi isə heykəltəraş obrazın oxşarını yaratmaqla yanaşı,onlarin emosiyalarını, xarakterlərini də ifadə edə bilməsi ilə bağlıdır. Bu isə bu peşənin əhəmiyyətini daha da aydın şəkildə göstərir.

 

Əmək haqqı

     Bu sahə üzrə dəqiq əmək haqqı məbləği qeyd etmək çətindir. Aylıq gəlir  əsasən özəl sifarişlər və onların qiymətlərinə görə formalaşır.

Son yazılar