iqtisadiyyat maliyyə kredit

    Sürətlə dəyişən və inkişaf edən dünyada qloballaşma və informasiya gerçəkliyini göz önündə tutaraq, sağlam düşüncə ilə iqtisadi göstəriciləri təhlil edə bilən, düzgün analiz edərək doğru qərarlar verə bilən, iqtisadi hadisələrə uyğun iqtisadi siyasət həyata keçirən, araşdırma bacarığına sahib olan, müasir çağın tələblərinə cavab verə biləcək ölçüdə bilik və vərdişlərə sahib olan iqtisadçıların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən bilik və bacarıqlara sahib olan mütəxəssisləri hazırlamaq üçün “İqtisadiyyat” ixtisasında tələbələrə müxtəlif sferalı müəssisələrin mühasibat və vergi uçotunu, firmanın gəlir və xərclərinin planlaşdırılması, qiymət siyasətinin formalaşdırılması və s. öyrədilir. İqtisadiyyatın tədrisi  iki əsas profildə həyata keçirilir:
1)  “Təşkilatlar və müəssisələrin iqtisadiyyatı”
2) “Maliyyə və kredit”
Birinci profil üzrə tələbələr iqtisadiyyat sahəsində ümumi peşə və xüsusi biliklər qazanırlar. “Maliyyə və kredit” profilini seçənlər iqtisadiyyatı maliyyə və kredit aspektindən öyrənir. Birinci kursda iqtisadiyyat fakültəsinin tələbələrinə ümumi fənlər tədris edilir. Daha sonra onlar riyazi elmləri və iqtisadiyyat üzrə spesifik bilikləri öyrənməyə başlayırlar.
    Bu sahədə uğurlu olmaq üçün də digər sahələr kimi daim qlobal səviyyədə iqtisadi yenilikləri izləmək ve öz üzərində işləmək lazımdır.
    Xüsusilə, PH.D. səviyyəsində təhsili davam etdirərək, araşdırmalar aparmaq.
İqtisadiyyat ixtisası üzrə xaricdə təhsil tələbələrin nəzəri – praktik bilik və bacarıqlarının inkişafında, dünyagörüşünün formalaşmasında, problemlərə daha fərqli və innovativ yanaşma tərzinin inkişafında, qlobal prosesləri təhlil bacarığının inkişafında, dünyada getdikcə daha geniş istifadə edilən statistik və ya ekonometrik tədqiqat üsullarının öyrənilməsində, eyni zamanda iş həyatında hamı üçün vacib olan sosial bacarıqlar – ünsiyyət, təqdimat, və peşəkar əlaqələrin qurulmasının inkişafında mühüm rol oynayacaqdır. Bu baxımdan əminliklə qeyd etmək olar ki, iqtisadiyyat ixtisası üzrə xaricdə təhsilin əhəmiyyəti böyükdür.
İqtisadiyyat ixtisasının məzunları müxtəlif iri firma və müəssisələr, xarici təşkilatlar, maliyyə, bank və bank olmayan kredit təşkilatları, nazirlik və komitələr, mərkəzi və yerli icra orqanları, bələdiyyə strukturları, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışa bilərlər. Məzunlar həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən universitetlərin magistratura və növbəti təhsil pilləsində təhsillərini davam etdirərək iş həyatında daha yüksək mövqelərə çata bilərlər.
    Bu ixtisasın məzunları ilk işi tapmaq baxımından geniş seçimə malikdir. Onlar özəl şirkətlərdə, dövlət orqanlarında işləyə və ya şəxsi biznes qura bilərlər. Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar bankda, audit şirkətlərində, vergi sistemində işləyə, həmçinin kifayət qədər təcrübə qazandıqdan sonra ali məktəblərdə iqtisadiyyat müəllimi kimi çalışa bilər.

Tural Qocayev

Şərh bildir