İxtisasın qısa təsviri 

  Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki – iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.)  praktiki vərdişlər əldə edir. Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır. Peşə coğrafiya ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

  Antik dövrdə logistika ərzaqları, təczihatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyazi hesablama alqoritmlərinin məcmusu kimi başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular.

Napoleon Bonopart da oz ordusunun hərəkəti zamanı hərbi sursat ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsi də logistik yanaşmalaradan istifadə etmişdir.Ötən əsrin 50 – ci illərdən başlayaraq hərb sahəsinə aid olmayan elmi və praktiki işlərdə logistikadan istifadə olunmağa başlandı.1980 – ci illərdə amerikan, 1990 – ci illərdə isə logistika termin kimi rus dilinə daxil oldu və iqtisadi sahələrdə geniş tətbiq olunmağa başlandı.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • Beynəlxalq bazarları incələmək və xüsusiyyətlərini müəyyənləşdirmək;
  • Sənaye üçün lazım olan məhsulların hansı ölkələr və şirkətlərdən alına biləcəyini araşdırmaq;
  • Satış şöbəsi ilə birlikdə optimal alış prosesinin  proqnozlaşdırılması;
  • Satılacaq mallar üçün müxtəlif bazarlar tapmaq;
  • Malların təhlükəsiz vəziyyətdə daşınması üçün alıcı və satıcı firmalar arasında əlaqələr qurulması;
  • Gömrük xidməti ilə qarşılıqlı əlaqə qurulması;
  • Anbarların və nəqliyyat xidmətlərinin işini əlaqələndirilməsi;
  • Malların anbarda saxlanılmasını və uçotunun təşkil edilməsi;
  • İşlərin beynəlxalq qayda qanunlara uyğunlaşdırılması;
  • Bazarların müqayisəsi və tədqiqatı;
  • Sifariş çatdırılması və müştərilərlə iş;
  • Texnoloji prosesə nəzarət;
  • İlkin sənədləri hazırlanması, sistemləşdirilməsi və qeydlər aparılması;
  • Sənədlərin lisenziyalaşdırma orqanlarına təqdim edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?  

  • Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Mühəndislik Universiteti 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 
  • Dövlət Gömrük Komitəsi kimi dövlət müəssisələrində, 
  • Özəl logistika şirkətlərində,
  • Limanlarda,
  • Karqo şirkətlərində işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • Stress altında işləmə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Səbrli olmaq;
  • Operativ və aktiv olmaq;
  • Yeni beynəlxalq normativlərə uyğunlaşa bilmək;
  • Xarici dil bilikləri (xüsusilə ingilis dili);
  • Microsoft Ofis Proqramlarında işləyə bilmək ;
  • Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • Dəqiqlik;
  • Məsuliyyətlilik;
  • Analitik və strateji düşüncə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Təlimatları dəqiq yerinə yetirmək bacarığı;
  • Təşəbbüskalıq;

Bu sahənin gələcəyi 

  Yaxın gələcəkdə bu sahədə rəqabətin  artması gözlənilir. Müasir logistik infrastrukturun yaradılması dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək ixtisaslı logistlərin hazırlanması  şərti ilə reallaşa bilər. Azərbaycanda bu sahənin inkişafı, ölkə ərazisində regional logistik mərkəzlərin yaradılması, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində logistikanın inkişafı yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da yüksəldəcəyi gözlənilir.

Əmək haqqı

  İxtisas üzrə maaşlar dövlət sektorunda 500 -1200 AZN, özəl sektorda isə 500 -2500 AZN arasında dəyişməkdədir.