Maliyyə və maliyyəçi_maliyyə_ACCA

  Maliyyə və maliyyəçi

    Maliyyə ixtisası adından da göründüyü kimi, pulun idarə olunması ilə bağlı olan bir ixtisasdır. Günümüzdə istər böyük, istərsə də kiçik şirkətlərin qarşısında duran əsas məqsədlərindən biri effektiv pul idarəetməsi strategiyasına sahib olmaqdır. Həmin startegiyanın yaradılması və idarə edilməsi həmçinin gələcəklə bağlı proqnozların verilməsi ilə şirkətlərin maliyyə departamenti məşğul olur. Qısacası, bir maliyyəçinin işi əsasən bu suallar ətrafında qurulur: Yeni bir layihə üçün lazımı pulu borcamı götürməli yoxsa hissədarlardanmı pul cəlb etməli? Qazanılmış pulu başqa layihələrə və ya şirkətəmi investisiya etməli ya hissədarların dvidentlərinimi ödəməli? Cari dövr ərzində şirkətin operativ işləməsi üçün əldə hansı miqdarda nağd pul və ya tez nağdlaşdırıla bilən pul ekvivalentləri saxlanılmalıdır? Cari mühasibatlıq məlumatlarına əsasən şirkətin gələcək vəziyyəti necə olacaqdır və hansı tədbirlər görülməlidir?

  Bu sahədə uğurlu olmaq üçün əsas faktorlardan biri ingilis dilini yüksək səviyyədə öyrənib bu dildəki kitablarla biliklərini daima artırmaqdır. Hətta, bu sahəni seçməyi düşünən tələbələrə ilk məsləhətim ingilis dilində tədris təklif edən universitetlərdən birini seçməkdir. Belə olduqda, onlar həm yüksək səviyyə ingilis dili biliklərinə sahib olacaqlar, həm də ixtisaslarını bu dildə öyrənərək gələcək həyatları üçün əvəzedliməz bir “investisiya” etmiş olacaqlar. Bu sahədə professional olmaq üçün təşkil olunmuş beynəlxalq setifikasiya imtahanı da var. Bu imtahanın adı CFA’dir və 3 səviyyəsi vardır. Hər 3 səviyyəni keçmiş şəxs dünyanın hər bir yerində sertifikatlaşdırılmış bir maliyyəçi olaraq şirkətlərin ən yüksək vəzifələrindən birində işləyə bilir.

  Yaxşı maliyyəçi olmaq üçün şübhəsiz ki, çox yaxşı mühasib olmaq lazımdır. Çünki bu iki sahə bir-biri ilə daima əlaqədə olan sahələrdir. Bu səbəbdən mühasibatlıq sahəsində bilikləri dərinləşdirmək və bu ixtisasın beynəlxalq sertifikatlarına sahib olmaq üçün 9 səviyyəsi olan ACCA imtahanlarına hazırlaşmaları və təhsil aldıqları müddətdə həmin imtahanların bir neçəsini vermələri tələbələrin bilik və bacarıqlarını kifayət qədər inkişaf etdirəcəkdir.

    Bu ixtisası ölkəmizdə bakalavr səviyyəsində kifayət qədər yüksək səviyyədə tədris edən universitetlər var. Lakin xaricdə magistr təhsilinin də dəyəri çox böyükdür. Çünki bu sahə qərb ölkələrində çox inkişaf etmişdir və orada öyrədilən biliklərə sahib olan bir tələbə sonradan Azərbaycana qayıtdıqda bir çox şirkət və ya təşkilatda işləməyə başlaya bilər. Həmçinin, öz biznesini açıb onu idarə edə bilər. Bundan əlavə tələbələrə mütləq bakalavr illəri ərzində universitetlərinin təklif etdiyi Erasmus və ya Mövlana kimi tələbə mübadilə proramlarına müraciət edib bir və ya iki semestr ərzində Avropa, Türkiyə universitetlərindən birində təhsil almaq şansını dəyərləndirməyi məsləhət görərdim. Bu təcrübə tələbənin istər azad bir fərd kimi, istərsə də gələcəyin professional kadrı kimi inkişafına böyük töhfə verəcəkdir.

  Maliyyə ixtisasını bitirən biri sadəcə maliyyəçi olaraq yox, həmçinin mühasib, menecer, sahibkar kimi peşələrə sahiblənə bilər. Bu səbəbdəndir ki, ən geniş imkanlara sahib olan ixtisaslardan biridir və karyera seçimi hansı yolda olursa -olsun uğur qazanmaq şansı yüksəkdir. Əsas məsələlərdən biri də mümkün qədər çoxlu təcrübə proqramlarında iştirak etmələri və bu sahədən olan insanlarla əlaqələr qurmalaqdır. Beləliklə, ətraflarındakı insanlardan alacaqları biliklər və məsləhətlər karyeralarının formalaşmasında mühüm faktorlardan biri olacaqdır.

  İşləməyə başlamaq üçün əvvəlcə mütləq bir müddət təcrübəçi olaraq işləməyə hazır olmaq lazımdır. Çünki universitetlərdə verilən biliklər çox zaman nəzəri biliklər olur və bunları praktikada tədbiq etmək üçün bir neçə ay təcrübə keçmək vacibdir. Universtlərin son semestrdə göndərdiyi praktikadan mümkün qədər effektiv istifadə etməklə yanaşı, həmin dövrə qədər müxtəlif şirkətlərin elan etdikləri təcrübə proqramlarına müraciət edib dördüncü kursa çatana qədər ən azı iki belə proqramda iştirak etmələri tələbələrin hətta universiteti bitirmədən işləməyə başlamaları şanslarını yüksək dərəcədə artıracaqdır.

    Elimxan Əliyev,
    Azərbaycan Universiteti, Maliyyə ixtisası 4-cü kurs tələbəsi.

Şərh bildir