4P

  Marketinq biznesin əsas funksiyalarından sayılıb biznesin inkişaf etməsi üçün vacib rol oynayan fəaliyyətdir. Marketinqin bir-birindən fərqli yüzlərlə tərifi mövcuddur. Amerika Marketinq Assosiasiyası tərəfindən təsdiqlənmiş tərifə əsasən:

  “Marketinq müştərilər, partnyorlar və ümumi olaraq cəmiyyət üçün dəyəri olan təkliflərin yaradılması, kommunikasiyası, çatdırılması və mübadiləsi üçün proseslər toplusudur.”

 

Sadəcə, daha anlaşıqlı dildə izah edək:

  Təsəvvür edin, siz yeni bir mobil tətbiq yaratmaq istəyirsiniz. Bu zaman iş təkcə tətbiqin hazırlanması üçün texniki tərəflə yekunlaşmır. Siz çox yaxşı, texniki tərəfdən heç bir qüsuru olmayan tətbiq hazırlaya bilərsiniz. Amma bunun istifadəçilərə çatdırılması, tanıdılması üçün Marketinq sizə kömək edir. Ümumiyyətlə, məhsul yaratmazdan öncə bazar və marketinq araşdırması edilməlidir. Bazarda digər oxşar tətbiqlərin (rəqiblərin) mövcudluğu və analizi, bazarda son illər bu sahəyə uyğun tələbin dəyişməsi və digər önəmli faktorlar nəzərə alınaraq araşdırma edilir. Tətbiq yaradıldıqdan müştəriyə çatdırılmasına qədər Marketinq əvəzsiz rol oynayır. Hətta, bu rol özünü məhsulun müştəriyə çatdırılmasından sonra da göstərir (dəstək). Qısacası, marketinq istehsalatdan əvvəl başlayıb satışdan sonra da davam edən fəaliyyətdir. Bütün bunlar müştəridə məhsula qarşı dəyər yaradır. Bəli, Marketinq dəyər yaratmaq və müştəri məmnuniyyətini artırmaqla satışı artırmaqdır. Marketinq birbaşa satış deyil, amma satışa ciddi töhfəsi olan kanaldır. 

 

                              Marketinqdə 4P anlayışı.

  Marketinqdə ən məşhur anlayışlardan biri təxminən, 60 il əvvəl Jerome McCarthy tərəfindən təklif edilən 4P modelidir. 4P dedikdə, Məhsul (Product), Qiymət (Price), Məkan (Place), Təqdimat (Promotion) sözləri nəzərdə tutulur.

  Məhsul (Price) – məhsulun hazırlanması, dizaynı, brendinqi, keyfiyyəti məhsulun satışına ən önəmli təsiri olan faktorlardan biri sayılır. Potensial müştərilərin real ehtiyacları və istəklərinin məhsulun hazırlanmasında nəzərə alınması da önəmlidir. Düzgün məhsul istehsal etmək üçün istehsalçı aşağıdakı suallara cavab tapmalıdır:

 

  • Müştəri məhsulda nəyi görmək istəyir?
  • Müştəri məhsulu necə və harada istifadə edəcək?
  • Məhsulun görünüşü, dizaynı, ölçüsü necə olacaq?
  • Məhsulun adı nə dərəcədə uğurludur?
  • Müştərinin ehtiyacı olmayan və məhsulun qiymətinə təsir edən əlavə xüsusiyyətlər var?

 

  Qiymət (Price) – məhsul hazırlandıqdan sonra bütün xərclər nəzərə alınaraq qiymət təyin edilir. Bundan başqa, qiymət təyin edərkən auditoriya və həmçinin rəqiblər də nəzərə alınmalıdır. Əgər sizin hədəf kütləniz nisbətən maddi vəziyyəti aşağı olan şəxslərdirsə, premium qiymətlə bazara daxil olmağınız təbii ki, nə qədər keyfiyyətli məhsul satsanız belə, məhsul satışlarınızın aşağı olmasına səbəb olacaq. Ayrıca, siz məhsulunuzun rəqib məhsullardan yaxşı olmadığını düşünürsünüzsə, onlardan baha qiymətlə bazara daxil olmağınız uğurlu olmaya bilər.

 

  Məkan (Place) – deyək ki, sizin çox yaxşı məhsulunuz var və auditoriyanızın “cibinə uyğun” qiymətlər təklif edirsiniz. Amma bu heç də məhsulun yaxşı satılmasına tam zəmanət vermir. Çünki nəzərə alınmalı digər önəmli məsələ də var: Məkan. Düzdür, hal-hazırda internetin inkişafıyla onlayn satışlarda bu məsələ aktuallığını nisbətən itirsə də, amma fiziki məkandan satışlarda hələ də önəmlidir. Auditoriyanız üçün ən əlçatan və ən münasib yerdə olmağınız vacibdir.

 

  Təqdimat (Promotion) – hazırlanmış məhsula qiymət təyin etdik və düzgün məkan seçdik. Amma yenə də hər şey tam hazır deyil. Çünki hədəf kütləmizin belə bir məhsul olmasından xəbəri yoxdur. Buna görə də mümkün qədər təqdimata, reklama, müştərilərlə kommunikasiyaya diqqət ayırmalıyıq. Məhsul növünə və hədəf kütləmizə uyğun olaraq düzgün kommunikasiya kanalları seçilməlidir. Məsələn, auditoriyamız nisbətən yaşlı şəxslərdirsə, o zaman reklam üçün onların daha çox istifadə etdiyi platformalar seçilməlidir. Məsələn, TV reklamları. Təbii ki, bütün bunlar real statistikalara baxılaraq qərar verilməlidir.

 

  Ümumilikdə, marketinq daim dəyişən müştəri ehtiyacına və tələbatına uyğun olaraq yenilənən dinamik və çox geniş sahədir. Bu yazıda qısa da olsa, Marketinq haqqında ümumi məlumat verməyə çalışdım. Hər birinizə ixtisas seçimi zamanı uğurlar arzu edirəm!

 

Rəfi Əsgərli

Rəqəmsal Marketinq üzrə mütəxəssis

Kapital Bank ASC

Marketinlə bağlı videomüsahibəmizə bu likdən daxil ola bilərsiniz.

Şərh bildir