İxtisasın  təsviri

   Mühasibatlıq ixtisası bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və eyni zamanda gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasib və auditlərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Belə ki, mühasibat uçotu və audit şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb, eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. “ Mühasibat ” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi,nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində ehtiyac duyulur. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran  insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan eləcədə iqtisadiyyat və hüquq ilə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Vergi, statistika və DMFS ( Dövlət Sosial Müdafiə Fondu) hesabatlarının hazırlanması;
  • ➝ Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və  təqdim edilməsi;
  • ➝ Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında ( həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsi;
  • ➝ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • ➝ Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • ➝ Əmək haqqı və məzuniyyətlərin hesablanması;
  • ➝ Anbar hesabatlarının hazırlanması və  onlara nəzarət.

Auditor üçün öhdəliklər:

  • ➝ Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq ;
  • ➝ Təftiş komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləşməni aparmaq;
  • ➝ Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması;
  • ➝ İlkin və mühasibatlıq sənədlərinin, haqq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti.

Harada bu ixtisasa sahiblənmək olar?

 Dövlət Universitetləri:

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti

Özəl Universitetlər:

  • ➝ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  • ➝ Azərbaycan Kooperasiya Universiteti
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Qərb Universiteti
  • ➝ “Naxçıvan” Universiteti
  • ➝ “Odlar Yurdu” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İqtisadiyyat və Maliyyə Nazirlikləri başda olmaqla müxtəlif nazirliklərdə
  • ➝ Dövlət müəssisələrində
  • ➝ Böyük Dördlükdə ( EY, KPMG, Deloitte, PwC) və s. çalışa bilərlər.
  • ➝ Bununla belə demək olar ki, istiqamətindən asılı olmayaraq bütün şirkətlər mühasib və auditlərə ehtiyac duyur.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İlk növbədə, beynəlxalq standartlaşdırılmış hesablama sistemlərinin öyrənilməsi;
  • ➝ Maliyyə qanunvericiliyini mükəmməl bilmək;
  • ➝ Maliyyə sənədlərinin hazırlanmasının xüsusiyyətləri barədə biliklər;
  • ➝ Microsoft Excel, Word və 1C  proqramı üzrə dərin biliklər;
  • ➝ Hesablama işlərini sevmək ;
  • ➝ Diqqətli olmaq;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  • ➝ Dürüst  və obyektiv olmaq;
  • ➝ Analitik düşüncəyə sahib olmaq;
  • ➝ Məsulliyətli olmaq;
  • ➝ Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
  • ➝ Məxfilik və davranış peşəkarlığı.
  • ➝ ACCA beynəlxalq sertifikatlarını əldə etmək. (ACCA sertifikatına sahib olmaq yerli iş bazarında mütəxəssislərin rəqabət qabliyyətini artırır və gələcəkdə yüksək vəzifə tutmalarında əsas rollardan birini oynayır. Əlavə olaraq beynəlxalq standarları mənimsəyərək, xaricdə işləmək şansını artırmaq üçün uğurlu bir addım sayılır. Gələcəkdə kariyerasını maliyyə, mühasibatlıq və audit sahəsində qurmaq və ya davam etdirmək istəyində olan hər bir kəsə bu sertifikatı almaq məqsədə uyğundur.)

İxtisasın gələcəyi

  Hal-hazırda bu ixtisasa böyük tələbat olsa da, gələcəkdə texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən hesab edilir. Bununla belə,  bu yöndə son yaradılan texnologiya və texnikalarla yaxından tanış olanaraq onlarla işləmək bacarığına yiyələnildiyi halda gələcəkdə bu sahə üzrə tələbatlı mütəxəssislərdən ola bilərsiniz.

Əmək haqqı

  İxtisas üzrə məvaciblər  peşə sahibinin təcrübə və bacarıqlarından asılı olaraq  dövlət sektorunda 250 – 2000 AZN, özəl sektorda isə 300 – 5000 AZN aralığında dəyişməkdədir.

Qeyd: 2019-cu il 15 sentyabr tarixli  qərarla “Mühasibat uçotu və audit ixtisası”  ləğv olunaraq “Mühasibat” ixtisası yaradılmışdır.