İxtisasın  təsviri

 Mühəndis fizikası ixtisasına yiyələnmiş şəxslər maddələrin quruluşu və aralarındakı əlaqələri incələməklə məşğul olurlar. Nəzəri modelləşdirmə, analiz və təcrübələr yoluyla əldə edilmiş nəticələri texnologiyaya tətbiq edirlər. Elm və sənaye texnologiyalarının  layihələndirilməsində və yaradılmasında riyazi və fizika biliklərindən istifadə edirlər. Fizika mühəndisliyi qısacası, fizika elminin müasir texnologiyalara tətbiq edilməsini təmin edir və həmçinin tətbiqi fizika adlandırılmaqdadır.

İxtisasın  tarixi

  Fizika, riyaziyyat və mühəndislik sahələrinin vəhdəti olaraq mühəndis fizikası ixtisasıının yaradılmasına ilk dəfə Birinci Dünya Müharibəsindən sonra cəhd edilmişdir, ancaq ilk dəfə ixtisasın tədrisinə 20-ci əsrin 30-cu illərində başlanılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  Bu ixtisas üzrə dəqiq iş öhdəlikləri demək bir qədər çətindir. Belə ki, ixtisası bitirən məzunların davam edə biləcəyi nüvə fizikası, akustika mühəndisliyi, aerokosmik mühəndislik, fizika kimi onlarla istiqamət mövcudur, odur ki, iş öhdəlikləri də onların seçəcəyi sahədən asılı olaraq dəyişir. Lakin qısa olaraq  bu öhdəlikləri aşağıdakə kimi ümumiləşdirmək olar:

  • ➝ Keyfiyyətə nəzarət, araşdırma və inkişaf  üçün davamlı tədqiqatların aparılması;
  • ➝ Nüvə elektrik stansiyalarında  təhlükəsizliyə, iş prosesinə nəzarət və tədqiqatların aparılması;
  • ➝ Dozimetrik cihazlarla bağlı keyfiyyətə nəzarət işləri;
  • ➝ Texnologiyada istifadə olunan müxtəlif maddələrin səmərəlilik  və spesifik xüsusiyyətlərini təyin etmək üçün testlərin aparılması;
  • ➝ Televizor, radyo və mobil sistemlərlə bağlı siqnalizasiya və sensorlara əlaqədar lazımi testlərin aparılması, bu qəbildən olan texnologiyaların istehsalı və dizaynı ilə əlaqədar işlər;
  • ➝ Molekulyar səviyyədə tədqiqatların aparılması.

Harada bu ixtisasa sahiblənmək olar? 

“Mühəndis fizikası” ixtisası Nazirlər Kabinetinin   2019-cu il 15 sentyabr tarixli qərarına əsasən yeni yaradılan ixtisaslardan biridir. Bu səbəbdən  ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb. 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Azərbaycan Milli Elmlər Akademiyası
  • ➝ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • ➝ Sumqayıt Texnologiyalar Parkı
  • ➝ İxtisasın tədris edildiyi ali məktəblərdə və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

 Daha öncə də qeyd etdiyimiz kimi ixtisas sahiblərinin seçəcəkləri istiqamətdən asılı olaraq lazımi bilik və bacarıqlar da fərqlənə bilərlər, bununla belə aşağıda qeyd edilmiş ümumi bacarıqlar vacibdir:

  • ➝ Riyaziyyat və fizika bilikləri;
  • ➝ Analitik düşünmə bacarığı;
  • ➝ Detallara qarşı diqqətli olmaq;
  • ➝ Özünü daima inkişaf etdirməyi və yeniliklərə ayaq uydurmağı bacarmaq;
  • ➝ Səbrli olmaq;
  • ➝ Xarici dil bilikləri .

İxtisasın gələcəyi

  Sahənin özünün hələ yaxın keçmişdə yarandığını və ölkəmizdə nisbətən zəif inkişaf etdiyini demək olar. Bu səbəbdən bu ixtisasın mütəxəssislərinə tələbat ölkəmizdə qismən azdır, ancaq bununla belə, mütləq qeyd etmək lazımdır ki, texniki və texnoloji tərəqqi nəinki, bu ixtisasa təhdid yaradır, əksinə bu inkişafın özü birbaşa ixtisas sahiblərindən asılıdır. Odur ki, gələcək illərdə ixtisas sahiblərinə olan tələbatın daha da artacağı qaçınılmazdır. İxtisas həmçinin beynəlxalq səviyyədə geniş perspektivə malikdir.

Əmək haqqı

   İxtisas üzrə məvaciblər kadrların təcrübəsindən, işlədiyi sektordan, bilik və bacarıqlarından asılı olaraq 700-5000 AZN arasında dəyişməkdədir.

Son yazılar