Muncuq xətli Müəllim

Muncuq xətli Müəllim

  Yadıma bir hadisə düşdü. Yeddi yaşlı balaca, cılız bir qız məktəbə başlamışdı. Digər yoldaşlarından fərqli olaraq o sinfə biraz təlaşlı, lakin biliyinə güvənən bir şagird kimi daxil olmuşdu. Və o qarşısında o müqəddəs, gələcəkdə ona müəyyən peşəyə sahib olmaqda köməklik edəcək möhtərəm şəxsi gördü.

  Nairə müəllim: – Buyur qızım, qorxma keç əyləş.

  Balaca, cılız bədənli qız böyük-böyük açılmış gözləri ilə təəccüb dolu baxışlarla yerinə keçdi. Dərslər başlayır, onlar yazmağı öyrənir, balaca qız artıq yazmağa hakim olsa da müəlliminin əlini tuta bilməsi üçün kiçik hiyləgərliklər edib, Nairə müəlliminin gülümsəməsinə səbəb olurdu. Balaca qız artıq müəllimini çox istəyir , onun soruşduğu hər dərsdə əlini ürəklə qaldırırdı. Nəhayət, dərs ili sona çatdıqda valideyn iclası keçirilir. Nairə müəllim bu balaca, ürkək baxışlı lakin əzmli qız haqda danışır və fikrini bu cümlələr ilə tamamlayır:

  “O mənim muncuq xətli şagirdimdir”. O gündən sonra balaca qızın adı bütün valideynlərin və şagirdlərin dilində “muncuq xətli qız” olaraqdan qalır.

  Bəli əziz dost, o muncuq xətli balaca qız artıq Muncuq xətli Müəllim kimi öz peşəsini icra edir.

  Əziz dostlar, bu gün mən sizə “İbtidai sinif müəllimliyi” ixtisası barədə danışacağam. İlk olaraq mən sizlərə ixtisas barədə qısa məlumat verəcəm:

  Öncəliklə onu qeyd edim ki, müəllim peşəsi sadə görünsə də olduqca mürəkkəb bir struktura malikdir. Çünki, burada ilkin olaraq onun obyekti canlı insan, predmeti (obyektin mahiyyəti) isə onların təhsili, tərbiyəsi və bir şəxsiyyət kimi dolğun şəkildə formalaşmasıdır.

İbtidai sinif müəllimi kiçik yaşlı uşaqlarla işləyir. Təhsil prosesinə dərslər və sinifdən xaric işlər daxildir. Müəllimin işi yeni şagirdlərin valideynləri ilə tanışlıqdan başlayır. Bu ixtisasda biz müəllimlər şagirdlərlə işdən əlavə sənəd işləri, yəni analitik işlərlə də məşğul oluruq. Məsələn, hesabat planı tərtib edir və müxtəlif sinifdənxaric işlərdə fəal olaraqdan çıxış edirik.

 

 

  Dostlar, sizi belə bir sual maraqlandıra bilər Bəs mən bu sahədə necə uğurlu ola bilərəm?”

 

Əslində çox gözəl düşündürücü və eyni zamanda cavabı özündə olan bir sualdır. Deyəcəksiz axı necə? Uğurun özü elə sizin bu peşəyə yiyələnməyi seçməyinizdir. Biraz dərindən düşünsəz necə uğurlu bir yolda addımladığınızı və ya addımlamaq istədiyinizi görəcəksiniz. Dostum, bir düşün, sən gələcəkdə səpilən bir toxumun fidan olmasına səbəb olacaqsan, ola bilər çox tanınmış bir müəllim ola bilməzsən, amma sənin əlindən bir və ya bir neçə şagird çıxmış olacaq. Uğur daim səninlədir və bunu sən özün yaratmalısan! Kiçik bir ipucu olaraqdan deyim ki, kompüter əsrində yaşayırıq və hər şey çox sadədir!

 

  Hal-hazırda sən bir tələbəsən və gələcəkdə savadlı müəllim kimi formalaşmaq üçün müəyyən biliklərə yiyələnməli və özündə müxtəlif bacarıqlar formalaşdırmalısan. Bu hissədə sənin köməyinə universitetdə aldığın dərslər yetişəcək, amma onu da vurğulayım ki, universitetdən aldığın biliklərlə kifayətlənmək olmaz, çünki bu təhsil sənə sadəcə ilkin biliklər aşılayır. Təbii ki, sən gələcəyin parlaq müəllimi olaraq bu ixtisas üzrə müxtəlif şəxslərdən kitab oxumalı, hətta lazım gələrsə orta təhsil aldığın müəssisədəki müəllimlərinlə belə müzakirələr aparıb onların təcrübəsindən faydalanmalısan. Bir müəllim daim özünü inkişafı qarşısına məqsəd qoymalı, bilik və bacarıqlarını təhsilin məqsədinə, onun qarşısında duran müasir vəzifələrə, təlim və metodlara yiyələnərək təkmilləşməlidir. Müəllim dərsi izah edərkən səs tonunu tənzimləməyi bacarmalıdır. Belə ki, bütün dərs boyu monoton nitqdən istifadə etməməli, harada səs tonunu yüksəltməyi, alçaltmağı, fasilədən istifadə etməyi bilməlidir. Hətta lazım olarsa, bəzən bilərəkdən səhvlər belə etməli və bunun şagirdə necə təsir bağışladığına fikir verməlidir.

  Sən bir müəllimdən ötə həm də psixoloq olmalısan. Necə? İndi mən sənə kiçik ipucular verəcəm. Şagirdə heç vaxt “Sən bunu bilmirsən!” “Düzgün demədin” kimi ifadələr işlətmək olmaz. Bunun əvəzinə başqa şagirdlərin cavablarına edilmiş düzəlişlərə əsasən buraxılan səhvlərin onların özləri tərəfindən dərk edilməsinə şərait yaratmalısan. 

  Və ən əsası uşaqlara “Başa düşdünüzmü?” ifadəsi yox “Başa sala bildimmi?” ifadəsi işlədilməlidir. Bu səni uşaqların gözündə çox nüfuzlu edər. 

 

  Müəllim bilməlidir:

→ uşaq ədəbiyyatını

yiyələndiyi ixtisasını

→ fəndaxili və fənlərarası inteqrasiyanı (əlaqə)

→ dövlətin, məktəbin qərar və göstərişlərini

 

  Müəllim bacarmalıdır:

→ öyrədə bilməyi, düşündüyünü şagirdlərə çatdırmağı

→ uşaq şəxsiyyətinə hörmət etməyi

→ davranışda düzgünlüyü, sözdə isə doğruçuluğu

→ uşaqların maraq və fəallığını inkişaf etdirməyi

 

.

  İlk öncə qeyd edim ki, hansısa peşədə karyera qurarkən uğur qazanmaq üçün mütləq qaydada gördüyün işin aşiqi olmalısan. Yalnız belə olduğu halda uğurlu və güclü karyeraya sahib ola bilərsən. Bu istiqamətdə sənə faydalı olacaq ana dilində olan ilk brendinq kitabı 360 dərəcə brendinqi məsləhət görürəm. Əgər sən müəllim peşəsini seçmiş birisənsə, deməliyəm ki öz maddi gəlirlərini qurban vermiş birisən. Yəni, bu peşə az gəlir gətirən bir peşədir. Amma buna baxmayaraq müəllim olmaq bir üstünlükdür və hamı müəllim sözünə və peşəsinə dərin hörmətlə yanaşır. Bir də bu peşənin bir sirri var. Burda uğursuz olmanın yeganə yolu maddi dəyərlərə əhəmiyyət verməkdir. Yox əgər sən həm peşəni yüksək səviyyədə icra edib, həm də yüksək məbləğ əldə etmək istəyirsənsə o zaman aşağıda qeyd etdiklərimə nəzər sala bilərsən: 

→ İxtisasın elə də populyar olmaması ilə əlaqədar olaraq vakansiyalar kifayət qədər çoxdur.

→ Həmçinin ixtisas artırmaq mümkündür və bu zaman iş daha yüksək maaşlı olacaq.

→ Həmçinin tədris hissə müdirliyi vəzifəsinə və ya müdir vəzifəsinə qədər karyera inkişafı da mümkündür.

 

Aysu Şavaqatova,     

İdrak lisey İngilis dili bölməsi üzrə ibtidai sinif müəllim

Şərh bildir