İxtisasın  təsviri

  Neft və qaz  mühəndisliyi ixtisası neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları əhatə edir.  Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s. Bu ixtisasın tələbələri boru kəməri nəqliyyatını, neft və qaz yataqlarının işlənməsini öyrənir, neft və qaz quyularının istismarı ilə məşğul olur, qazma işlərində hidromexanikadan istifadə etməyi və s. öyrənirlər. Neft və qaz boru kəmərinin istismarı üçün mühəndisin əsas vəzifəsi magistral boru kəmərlərinin və onların üzərindəki avadanlıqların, neft nasosu, kompressor, qaz paylama və qaz stansiyalarının düzgün istismarıdır. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun sahədir. Demək olar ki, bütün sənaye və kənd təsərrüfatı öz işlərində qazlı və maye yanacaqlardan və digər neft və qaz emalı məhsullarından istifadə edir. Buna görə bu sahənin bütün səviyyələrində işləyən mütəxəssislərdən yüksək peşəkarlıq tələb edilir.

İxtisasın  tarixi

Neft və qaz mühəndisliyi üzrə ilk akademik dərəcə 1915-ci ildə Pitsburq Universiteti tərəfindən verilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Ən səmərəli yolla neft və qazın çıxarılması üçün avadanlıqların qurulması;
  • ➝ Daha çox neft çıxarmaq məqsədi ilə suyu, kimyəvi maddələri və ya buxarı laylara yeritmək üçün üsulların müəyyənləşdirilməsi;
  • ➝ Neft-qaz yataqlarının qazılması və sonradan neft və qazı çıxartmaq üçün planların hazırlanması;
  • ➝ Yoxlama və araşdırma yolu ilə quyuların istehsalını qiymətləndirilməsi;
  • ➝ Bütün qazma işləri üzrə qeydlərin aparılması və məlumatların yenilənməsi;
  • ➝ Azərbaycan qaydaları və standartlarına uyğun olaraq yoxlamalar aparılması;
  • ➝ Neftlə zəngin olan daha geniş ərazini vahid quyu ilə əlaqələndirmək üçün kompüterlə nəzarət olunan qazma üsullarından və yaxud yarılmadan istifadə edilməsi;
  • ➝ Neft yataqlarında qurğuların düzgün formada quraşdırılmasının, istismar olunmasının və saz vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ➝ Neft və qaz obyektlərinin təmiri və yenidən qurulmasında qabaqcıl metodlarından istifadə;
  • ➝ Qazma ərazilərindən bütün tullantıların və istifadə olunmayan qurğuların çıxarılmasına nəzarət edilməsi və  məhsuldar ərazilərin müəyyən edilməsi;
  • ➝ İqtisadi parametrlər nəzərə alınmaqla neft və qaz obyektləri və istehsalı üçün layihələrin hazırlanması;
  • ➝ Obyektin istismarı problemlərinin ümumiləşdirilmiş həllərinin hazırlanması, variantların təhlili, nəticələrin proqnozlaşdırılması, çox meyarlı mühitdə kompromis və optimal həll yollarının tapılması;

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət universitetləri:

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Bakı Ali Neft Məktəbi
  • ➝ Sumqayıt Dövlət Universiteti

Özəl universitetlər:

  • ➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsilini bitirən məzunlar:

  • ➝ Qazma, kəşfiyyat, neft və qaz hasilatı ilə məşğul olan böyük neft şirkətlərində;
  • ➝ Maye və qaz halında olan faydalı qazıntıların daşınması, boru kəmərlərinin tikintisi ilə məşğul olan təşkilatlarda;
  • ➝ Elmi-tədqiqat təşkilatlarında və digər bu kimi müəssisələrdə çalışa bilər. 

Bu cür şirkətlərə misal olaraq ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri: SOCAR, BP, Halliburton, Schlumberger, TOTAL, Baker Huges və s. göstərmək olar.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • Təhlil bacarıqları – Neft-qaz mühəndisləri müvafiq şirkət layihəyə maliyyə resursları və mütəxəssisləri cəlb etməmişdən öncə qazma ilə bağlı mürəkkəb planları qiymətləndirə bilməli və potensial nöqsan və mürəkkəbləşmələri əvvəlcədən görməyi bacarmalıdır. 
  • Yaradıcılıq – Neft-qaz mühəndisləri neft və qazın çıxarılması üçün yeni üsullar fikirləşməlidirlər, çünki hər bir yeni qazılan quyu müvafiq çətinliklərlə müşayiət olunur. Onlar mümkün ola bilən neft və qaz yataqlarının tapılması üçün zəruri suallar verməyi bacarmalıdırlar.    
  •  Ünsiyyət bacarıqları – Neft-qaz mühəndisləri çox bahalı qurğu, avadanlıq və infrastruktur tələb edən layihələrdə digər insanlarla çalışmalıdır. Digər işçilərlə çalışmaq və ünsiyyət qurmaq şirkətlərin nəhəng maliyyə yatırımlarının qurunub saxlanılması baxımından hədsiz dərəcədə vacibdir.
  • Riyazi biliklər – Neft-qaz mühəndisləri iş prosesində təhlil, quraşdırma və nöqsanların aşkar olunması üçün hesablama prinsipləri və digər qabaqcıl riyazi mövzulardan istifadə edirlər.   
  • Problemlərin həlli bacarıqları- Qazma planlarında problemlərin müəyyənləşdirilməsi neft-qaz mühəndisləri üçün əhəmiyyətlidir, çünki qazma əməliyyatları bahalı ola bilər. Onlar potensial məsələyə,problemə diqqətlə yanaşmalı və ən qısa zamanda onun həlli yollarını tapmalıdır.
  • ➝ Neft avadanlıqlarının, neft və qaz kəmərlərinin istismarı və təmiri prinsiplərini bilməli və biliklərini hər daim inkişaf etdirməlidir;
  • ➝ Təşkilatçılıq bacarıqlarına sahib olmalıdır;
  • ➝ İntizamlı olmalıdır və məsuliyyətlə yanaşmalıdır.

İxtisasın gələcəyi

  Neft və qaz sənayesi daima inkişaf etməkdədir və bu səbəbdən hər ikisi inkişaf edən və inkişafda olan bölgələrin iqtisadiyyatına töhfə verən vasitə kimi qəbul olunur və belə qəbul olunması gözlənilir, çünki bu sənaye nəinki yeni neft və qaz yataqlarının tapılması, həmçinin yeni, daha təhlükəsiz və sərfəli enerji hasil edən mənbələrin tapılması istiqamətində davamlı tələblə daha böyük stimul alır. Dünyanın müxtəlif regionlarında tədqiqat işləri nəticəsində başlıca neft və qaz yataqlarının tapılması davam etsə də, onlardan istifadə getdikcə daha da çətinləşir və daha effektiv  istismar və təchizat üçün mürəkkəb texnoloji həllərin olmasını tələb edir. Bundan əlavə, hazırkı qurğuların böyük həcmdə və getdikcə artmaqda olan istismar xərcləri müvafiq sektoru neft-qaz qurğularına aid dörd istiqamətdə (dəniz, quru, su altı və borular) əməliyyatları idarə edə biləcək və təkmilləşmə işlərini apara biləcək yüksəkixtisaslı mühəndislərin axtarılmasına məcbur edir.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və şirkətdən  asılı olaraq dəyişir. Həmçinin bu sahə üzrə əmək haqqlarında yerli və ya xarici şirkətlər üzrə əhəmiyyətli fərq var. Başlanğıc əmək haqqı yerli və xarici şirkətlər üzrə müvafiq olaraq : 600 -2000 AZN aralığında dəyişir.