dövlət və ictimai münasibətlər,siyasətçi,təhsil,ixtisas,siyasət

Peşəkar siyasətçi olmaq asandırmı?- Dövlət və İctimai Münasibətlər ixtisası

    Dövlət və İctimai Münasibətlər üzrə Bakalavr proqramı, ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçiləri hazırlayır. Məzun olduqdan sonra bu sahədə ixtisaslaşmış tələbələr, hərtərəfli və effektiv siyasət tərtib etmək üçün mürəkkəb real məsələlərin həlli sahəsində analitik və kəmiyyətvari düşüncə tərzini tətbiq edə bilirlər. Gücləndirilmiş ünsiyyət bacarıqları və sosial məsuliyyət bu proqramın ayrılmaz hissəsini təşkil edir. Məzunlar yerli, milli və ya regional səviyyədə özəl, qeyri-kommersiya və ictimai sektorlarda peşəkar həyatda üstünlüklərə malik olurlar.

   Bu sahə geniş olduğu üçün, uğur formulu da bir o qədər genişdir:

– İstənilən çıxış və ya məruzə zamanı maksimum lokanik və hədəf yönümlü olmaq mütləqdir. Bu bacarıq ictimaiyyətə yeni bir ideyanın təqdimatı və onlarda maraq yaratma istiqamətində də sizə mütləq yardımçı olacaqdır.
– İşlədiyiniz insanlar və ya proseslər haqqında maksimum informasiya əldə etmək və empatiya qurmağa çalışmaq.
– Daim maraqlanmaq və yeniliklər öyrənməyə açıq olmaq üstün bir vərdişdir. Bu, Sizin irəli addımlamağınız üçün bir stimul rolunu oynayır və inkişafa yönləndirir.
– Ünsiyyət bacarıqlarını inkişaf etdirmək və tanış olmayan insanlar ilə asanlıqla ünsiyyət qurmağı, dinləməyi və fikir bildirməyi bacarmaq.
– Səhv etməkdən çəkinməmək və hər səhvə yeni bir ümid kimi yanaşmaq.
– Hər hansı bir hadisə haqqında fikir bildirməzdən və ya siyasət yürütməzdən əvvəl ətraflı araşdırma etmək, müəyyən ekspert rəyləri və ya ədəbiyyata əsaslanmaq.

  Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün:

– Mütəmadi olaraq, müxtəlif mənbələrdən ölkədə və dünyada baş verən xəbərləri izləmək, əldə olunan məlumatları obyektiv təhlil etmək.
– Bilik və bacarıqları daha da inkişaf etdirmək üçün ixtisas üzrə müxtəlif ədəbiyyatlar ilə yaxından tanış olmaq.
– Praktiki bacarıqların da inkişafı üçün müxtəlif sınaq və təcrübə proqramlarında iştirak etmək.
– Ölkə və dünyada baş verən hadisələrə daim reaksiya göstərmək, hətta proaktiv formada təhlillər aparmaq gərəklidir.

    Hər bir ixtisasda olduğu kimi, bu ixtisas da xaricdə təhsilin önəmi böyükdür. Belə ki, bunu etməklə Siz müxtəlif dövlət və xalqların ixtisasınıza olan yanaşmasını öyrənir, gələcəkdə daha obyektiv təhlil apara bilirsiniz.

 Bir növ olduğunuz qutudan kənara çıxır və hadisə başqa bir yöndən baxmağa başlayırsınız. Digər tərəfdən, bu ixtisas Azərbaycanda yenidir, lakin bir sıra – ABŞ, Kanada, İngiltərə, Fransa və s. ölkələrdə artıq neçə ildir ki, tətbiq olunur və onların baza bilikləri, təcrübələri daha genişdir. O cümlədən, bir sıra xarici ölkələrdə Siz açıq olaraq, məhkəmə proseslərində, parlament iclaslarında və s. bu qəbildən olan tədbirlərdə iştirak edə bilirsiniz, bu isə, öz növbəsində, öyrəndiyiniz nəzəriyyənin praktikada tətbiqini görməyə çox köməkçi olur.

    Karyera planlaması deyərdim ki, universitetə artıq qəbul olmadan düşünülməli və ixtisas seçimi zamanı mütləq şəkildə nəzərə alınmalıdır, çünki bunu etmədən universitetə daxil olmaq, hədəfi seçmədən ox atmaq kimi bir şeyə bənzəyir.

  Bunun üçün müəllimləriniz və yaxınlarınız məsləhəti, bir sıra beynəlxalq və yerli testlər, psixoloq və s. yardımçı vasitələrdən başlanğıc olaraq istifadə edə bilərsiniz. Lakin unutmayın ki, yekun qərar Sizin əlinizdədir və bütün fikirləri toplayaraq nəticəni Siz müəyyən edirsiniz. Sonradan universitetdə oxuduğunuz illərdə Karyera məsləhət mərkəzləri və kiçik müddətli təcrübə proqramları ən yaxşı yardımçınız ola bilər. Birincisi, Sizə istiqamət seçməkdə, əlaqələr yaratmaqda köməkçi olacaqsa, ikincisi Sizə real təcrübə əsasında hansı istiqamətdə addımlamaq istədiyinizi müəyyən etməkdə yardımçı olacaqdır.

    Bütün yuxarıda qeyd etdiyim məqamları nəzərə alaraq, ən azından növbəti 10 il üzrə planınızı qurmalı və ilbəil nə qədər hədəfinizə yaxınlaşdığınızı, həqiqətən də 10 il sonra məqsədinizə çata biləcəyinizi müəyyən etməlisiniz. Bu planı quran zaman bu illər ərzində nələr etmək istədiyinizi, məsələn, maşın almaq, şirkət açmaq və s. və bunun üçün Sizin nə qədər qazanca, həmin qazancı əldə etmək üçün hansı addımları atmalı olduğunuza diqqət etmək önəmlidir.

     İlk işi tapmaq?

   Əslində, bu sual çox sadədir. Belə ki, iş dedikdə 2 istiqaməti nəzərdə saxlamalıyıq a) qazanclı və b) qazancsız (könüllü). B variantını tapmaq çox rahatdır, lakin qarşıya qoyulan iş yükünü yerinə yetirmək bəzən o qədər də asan olmur. O cümlədən, bu variant ilk başlanğıcda bir çox şəxslərə faydasız və vaxt itkisi kimi görünsə də, uzunmüddətli baxdıqda qeyd etdiyimiz variant, yeni təcrübə, yeni insanlar, yeni əlaqələr və yeni sferalar deməkdir, nəinki bütün universitet illərində rahatlaşıb məzun olmağı və yaxşı iş əldə edəcəyinizi xəyal etmək.

 Müasir iş bazarında, hətta xarici ölkələrdə təhsili davam etdirməyə gedəndə, həm işəgötürənlər, həm də universitetlərin qəbul ofisləri Sizlərin nəzəri biliklərdən daha çox, nə qədər praktiki biliklərə sahib olduğunuzu nəzərdən keçirirlər. Buna ünsiyyət bacarıqları, dil bacarıqları, kompüter bacarıqları, təşkilati bacarıqlar və s. aid edilə bilər. Bunu əldə etməyin ən asan və rahat yolu isə hal-hazırda ölkəmizdə geniş yer verilən könüllü proqramlarından başlanğıc olaraq keçir. O cümlədən, asudə vaxtlarınızda özünüzə nə qədər investisiya yatırmağınız da əhəmiyyət kəsb edir.

Sual edə bilərsiniz ki, – “Bəs pul qazanmadan və ya çox aşağı qazancla necə ilk işə başlamaq olar?”.

 Unutmayın ki, əgər uğurlu və bol qazanc gətirən restoran şəbəkəsi sahibi olmaq istəyirsinizsə, mütləq nə vaxtsa ofisiant olaraq fəaliyyət göstərməlisiniz. İstənilən bir işi dərindən və tam bilmək yekunda Sizi uzunmüddətli periodda daha uğurlu edir. Sıra ilə görəcəksiniz ki, bol qazanclı və uğurlu işlər, təkliflər özləri Sizi tapacaqdır.

    Son olaraq isə, qeyd etmək istərdim ki, istənilən təklifi istər təhsil, istər karyera, istərsə də təcrübə ilə bağlı hər zaman dəyərləndirin və sosial aktiv bir şəxs olmağa çalışın. Nə qədər çox buna həvəs göstərsəniz, bir o qədər də günün sonunda zamanınıza qoyduğunuz investiya böyük bəhrəsini göstərəcəkdir. Hətta ixtisasınızdan fərqli sahələrdə də faydalı ola biləcəyinizi görəcək və digər bacarıqlarınızı da ortaya çıxarma imkanı əldə edəcəksiniz.

Zakir Əlizadə
AzSmart Azərbaycan – Satış Departamenti Rəhbəri
Mars Academy – Satış Departamenti Rəhbəri
Dərs Evi Tədris Mərkəzi – Ədəbiyyat müəllimi

Şərh bildir