İxtisasın qısa təsviri 

 

    Almaniya üzrə Regionşünaslıq ixtisasında tələbələr Alman dilinin öyrənilməsi ilə yanaşı, Almaniyanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Almaniya ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya Almaniyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Almaniyada gender problemləri, mediası daxildir. Almaniyanın etnoqrafiyası fənnində Alman xalqının formalaşmasından,siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Almaniyada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

 

Peşənin tarixi

    İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

  Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır və 1999-cu ildən Almaniyaşünaslıq  ixtisası üzrə kadr hazırlanır. Bakı Slavyan Universiteti “Regionşünaslıq” ixtisası üzrə kadr hazırlığına isə 1999-cu ildən başlanmışdır. 

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

 

  Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;

Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;

➝ Şifahi və yazılı tərcüməçilik;

Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;

Region üzrə tədqiqat işlərinin aparılması;

Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;

➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

 

Harada bu ixtisasa sahiblənmək olar?

 

Azərbaycan Dillər Universiteti;

Bakı Slavyan Universiteti;

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);

Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;

 Diasporla İş üzrə Dövlət Komitəsində;

“ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;

➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;

 Özəl şirkətlərdə.

 Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

 

 

    Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

 

 Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;

➝  Alman dilini mükəmməl şəkildə bilmək;

 Kommunikasiya bacarıqlarının yüksək olması;

➝   Tolerantlıq;

 Tədqiqat bacarıqları;

Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;

➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

Bu sahənin gələcəyi

 

     Almaniya dünyanın yüksək inkişaf etmiş ölkələrindən biridir. Almaniya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. Hazırda ölkələr  arasında ticarət, iqtisadi və mədəni sahədə əməkdaşlığın artmasını nəzərə alaraq bu sahəni perspektivli regionşünaslıq sahələrindən biri hesab etmək olar. İxtisas üzrə uyğun dil bilikləri və peşə bacarıqları ilə bu ixtisas üzrə uğurlu karyera qurmaq mümkündür.

 

Əmək haqqı  

   Bu ixtisas üzrə məvaciblər peşə sahibinin bilik və bacarıqlarından, həmçinin  harada çalışmasından asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 350-700 AZN civarında dəyişir.

 

 

Son yazılar