İxtisasın qısa təsviri

  İxtisasın tədris olunduğu dörd il ərzində Cənubi Amerika ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya Cənubi Amerikanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Cənubi Amerikada gender problemləri, mediası daxildir. Cənubi Amerikanın etnoqrafiyası fənnində  siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Cənubi Amerikada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

Peşənin tarixi

    İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

   Ölkəmizdə  isə Azərbaycan  Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.  2003-cü ildən Amerikaşünaslıq ixtisası tədris olunur.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

 Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;

 Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;

  Şifahi və yazılı tərcüməçilik;

➝  Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;

 Region üzrə tədqiqat işlərinin aparılması;

  Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;

➝  Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

 

   Harada bu ixtisasa sahiblənmək olar?

➝  Azərbaycan Dillər Universiteti.

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  •    Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  •   Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  •  Diasporla İş üzrə Dövlət Komitəsində;
  •  “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  •  Özəl şirkətlərdə;
  •    Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

➝  İspan və  portuqal dillərini mükəmməl şəkildə bilmək;

 Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;

 Kommunikasiya bacarıqlarının yüksək olması;

➝   Tolerantlıq;

 Tədqiqat bacarıqları;

Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;

➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

     

Bu sahənin gələcəyi

  Cənubi Amerika özündə 12 dövlət və 3 asılı ərazini birləşdirən, Amerika qitəsinin öz ekzotikliyi və unikallığə ilə seçilən parçasıdır. Bu peşə sahiblərinin region üzrə əsas dillərdən hesab edilən ispan və portuqal dillərindən ən azı birinə mükəmməl şəkildə yiyələnmələri onların uğurlu karyera qurmalarında önəmli əhəmiyyətə malikdir. Həmçinin  ölkəmizin xarici siyasətində Latın Amerikası regionu mühüm əhəmiyyət kəsb edir ki, bu da peşə sahibləri üçün geniş iş imkanlarının yaranmasına şərait yaradır. Azərbaycan Latın Amerikası ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu ölkələr beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyirlər. Məsələn Azərbaycanla Latın Amerikası regionu ölkələri arasında siyasi, iqtisadi, mədəni, ticari, elmi-akademik və digər sahələr üzrə ümumilikdə 60-dan çox   müqavilə və saziş imzalanıb, müxtəlif sahələrdə aparılan əməkdaşlıqların gələck illərdə daha da inkişaf edəcəyi gözlənilir.

 

Əmək haqqı 

  Bu ixtisas üzrə məvaciblər peşə sahibinin bilik və bacarıqlarından, çalışdığı müəssisə və sahədən asılı olaraq dəyişir. Minimum orta aylıq əmək haqqı isə 350-700 AZN aralığında dəyişir.

 

 

 
Son yazılar