İxtisasın təsviri

       İran üzrə Regionşünaslıq ixtisasında tələbələr fars dilinin öyrənilməsi ilə yanaşı, İranın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində ölkə ilə  bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya İranın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, İranda gender problemləri, mediası daxildir. İranın etnoqrafiyası fənnində İran xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə İranda mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

İxtisasın  tarixi

    İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

  1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Univerisiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝ Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Fars dilini  mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

    Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.

 İran üzrə regionşünaslıq ixtisasını bitirən tələbələr  ixtisas üzrə biliklərdən əlavə, fars dili və əlavə olaraq beynəlxalq dillərdən birini səlist mənimsədikləri halda  bu sahə üzrə uğurlu karyera qura bilərlər.

Əmək haqqı

   Bu ixtisas üzrə məvaciblər  peşə sahibinin bilik və bacarıqlarında , çalışdığı sahə və müəssisədən asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 300-500 AZN civarındadır.

 

Son yazılar