İxtisasın qısa təsviri 

 

  İsrail üzrə Regionşünaslıq ixtisasında tələbələr ivrit dilinin öyrənilməsi ilə yanaşı, İsrailin ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində İsraillə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya İsrailin etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, İsraildə gender problemləri, mediası daxildir. İsrailin etnoqrafiyası fənnində yəhudi xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə İsraildə mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, ərəb icmasından, din fənnində isə ölkədə ibadət edilən dinlərdən, xüsusən də İudaizm dinindən, İudaizmə və digər dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur. İudaizm daxilində sekulyar və ortodoks yəhudilərdən (haredim)danışılır. Haredimlərə dövlət tərəfindən edilən güzəştlərdən və sekulyar yəhudilərin bu güzəştlərə etirazlarından bəhs edilir.

 

Peşənin tarixi

   İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

  Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır. 2005-ci ildən isə Yaxın Şərq və İsrailşünaslıq ixtisasları açılmışdır. 

Bakı Dövlət Universitetinin “Şərqşünaslıq”fakültəsində ibri şöbəsi isə 1993-cü ildən fəaliyyət göstərir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

 Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;

 Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;

  Şifahi və yazılı tərcüməçilik;

➝  Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;

 Region üzrə tədqiqat işlərinin aparılması;

  Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;

➝  Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

 

Harada bu ixtisasa sahiblənmək olar?

 

Azərbaycan Dillər Universiteti( İsrail və Yaxın Şərq üzrə)

BDU Universiteti(İsrail üzrə)

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

 Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);

  Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;

 Diasporla İş üzrə Dövlət Komitəsində;

 “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;

➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;

 Özəl şirkətlərdə;

   Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

 

Bu ixtisas üzrə lazım olan bacarıqlar

 Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı

➝ İvrit dilini mükəmməl şəkildə bilmək

 Kommunikasiya bacarıqlarının yüksək olması;

➝   Tolerantlıq;

 Tədqiqat bacarıqları;

Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;

➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

Bu sahənin gələcəyi 

    İsrail kiçik dövlət olsa da, güclü və qüdrətli dövlət olub və olmaqda da davam edir. İsrail  hazırda dünyanın istər elm və texnologiya, istərsə də start-up layihələri və tibb sahəsi üzrə inkişaf etmiş dövlətləri sırasındadır və ölkələrimiz arasında sıx dostluq əlaqələri ilə yanaşı həm ticarət, həm də iqtisadi sahədə, həm də hərbi sahədə əməkdaşlığımızın olmasını nəzərə alsaq, bu ixtisasın olduqca perspektivli olduğunu qeyd edə bilərik. 

Əmək haqqı

  Əmək haqqı peşə sahibinin harada və hansı vəzifədə çalışmasından, bilik və bacarıqlarından asılı olaraq dəyişir. .Minimal əmək haqqı ortalama olaraq 500 AZN-dir. 

 

 

Son yazılar