İxtisasın təsviri

  Türkiyə üzrə Regionşünaslıq ixtisasında tələbələr Türk dilinin öyrənilməsi ilə yanaşı, Türkiyənin ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Türkiyə ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya Türlkiyənin etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Türkiyədəki gender problemləri, mediası daxildir. Türkiyənin etnoqrafiyası fənnində Türk xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Türkiyədə mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

İxtisasın  tarixi

   İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

  1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır.

  Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.   Bakı Slavyan Universitetində regionşünaslıq ixtisası 1999-cu ildən açılmışdır. 

Bu ixtisas sahibi nə işlə məşğul olu? (iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Bakı Dövlət Univerisiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝ Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Türk dilini  mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.   

İxtisasın gələcəyi

   Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkə arasında sıx əlaqələrin qurulmasına səbəb olmuşdur və bu əlaqələr genişləndirilməkdə davam edəcəkdir. Bütün bunları nəzərə alaraq ixtisası perspektivli hesab etmək  olar. 

Əmək haqqı

   Bu ixtisas üzrə məvaciblər  peşə sahibinin bilik və bacarıqlarında , çalışdığı sahə və müəssisədən asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 300-500 AZN civarındadır.

Son yazılar