Rəsm ruhun azadlığıdır

Rəsm ruhun azadlığıdır

    İlk olaraq ixtisasın təsvirindən danışsaq, ümumiyyətlə, təsviri incəsənət sözü təsvirdən yaranmışdır, kökü “təsvir etmək” deməkdir. Biz həyatda gözümüzlə gördüyümüz əşyaları, insanları, hər hansısa bir obyekti qəbul edərək onu boyalarla, rəngli və ya sadə qələmlərlə canlandırmağa başlayırıq. İxtisasın əsas növlərindən biri dekorativ tətbiqi sənətdir. Bu da özlüyündə xalçaçılıq, toxuculuq, dulusçuluq, bədii şüşə, bədii oyma, bədii tikmə və s. qollara bölünür. Bu növ ixtisasın ən qabarıq göstərən növüdür. Bundan başqa, təsviri incəsənətin heykəltaraşlıq, qrafika rəngkarlıq olmaqla 4 əsas növü vardır. Bu ixtisasla məşğul olan insanın mütləq yaradıcılıq qabiliyyəti olmalıdır və əgər bir müəllim kimi bu ixtisası seçirsinizsə, onda sizin həm yaradıcılıq, həm əl qabiliyyəti və ən önəmlisi bunları uşaqlara çatdırma qabiliyyətiniz olmalıdır. Əgər bildiklərinizi şagirdlərə və ya tələbələrə çatdıra bilmirsinizsə, onda əl qabiliyyətinin və yaradıcılığın heç bir önəmi qalmır. Müəllimlik peşəsini seçirsinizsə, bu peşəni və ən əsas uşaqları sevməlisiniz. Onlarla daha cana yaxın davranmalısınız. Hər ixtisasda, peşədə olduğu kimi təsviri incəsənət ixtisasında da öz işini, öz qabiliyyətini sevmək mühüm rol oynayır. Rəssamlıq elə bir ixtisasdır ki, bu ixtisas sadəcə qabiliyyətin olmağını və rəsm keçmişinə hakim olmağı tələb edir. Yəni vacib deyil ki, xarici dil biliyin olsun. Rəssamlıqda xarici dil biliyi daha professional olmaq üçün gərəklidir. Bu ixtisası seçərkən tanınmış rəssam olmaq istəyi ilə seçirsinizsə, o zaman sizə xarici dil biliyi əsasən də ingilis dili çox kömək olacaqdır.

   Bu ixtisası oxuyan bir tələbə daima yaradıcılıqla məşqul olmalıdır. Daima inkişafda yenilikdə qalmalıdır. Hətta, öz əsərləri ilə kiçik bir tanışlıq sərgisi açaraq insanların fikirlərini öyrənə bilər. Bu, ona inkişaf etməkdə çox böyük kömək olacaqdır. Bundan başqa mütləq akademik rəsmi də öyrənmək lazımdır. Bu, bütün təsviri incəsənət növlərinə aiddir. Bir tələbənin akademik rəsmi öyrənmədən bu növləri bilməsi mümkün deyil, mümkün ola bilər, lakin çox zəif halda bu mümkün olur. O tələbə ki, akademik rəsmi öyrənir, rahatlıqla incəsənətin bütün növləri ilə məşğul ola bilər və onları insanlara sərgiləyə bilər.

   İxtisaslı kadr kimi yetişmək üçün universitet dövründə incəsənət haqqında çoxlu ədəbiyyatlar, kitablar oxumaq lazımdır. Bura rəssamların həyat və yaradıcılığı haqqında olan məlumatlar daxildir və rəsmi onların əsərləri üzərində işləyərək öyrəmək lazımdır. Əsərin texnikasını öyrənmək bu tələbənin normal bir sənətkar kimi yetişməsinə yol aça bilər. Müəllimələrinizlə rəssamlar haqqında söhbət apara bilərsiniz. Hər insanın psixologiyası fərqli olduğuna görə eyni mövzuya baxışı fərqli olur, buna görə də fərqli-fərqli mövzularda tələbə yoldaşlarınızın düşüncələrinə önəm verə bilərsiniz. 

    Universitetdən kənar hansı fəaliyyətlərlə məşğul olsaq, ixtisaslı kadr kimi yetişə bilərik, deyə düşünsək, bu zamanda ancaq yaradıcılıqla məşğul olmaq, yeni idealar, fikirlər önə çəkmək lazımdır. Olan əsərləri yox, öz əsərlərinizi yaratmaq vacibdir. Buna görə də əvvəlki kimi bədii kitablar, incəsənət haqqında məlumatlar olmalıdır və ya təbiətə ziyarət zamanı smartfon telefonla mənzərəni foto şəklində çəkdikdən sonra onu kətana boyalar vasitəsi ilə köçürmək olar. Bundan başqa, təsviri incəsənət seminarlarına, kurslarına, konfranslara qoşularaq qabiliyyətinizi artıra bilərsiniz. Rəssamların sərgilərinə gedərək orada iştirak etmək, başqa rəssamların düşüncələrini görmək bizə yeni idealar verəcəkdir. Rəssamlıqda dünya görüşü də vacibdir. Hər zaman yenilikdə qalmaq ixtisaslı kadr kimi yetişməyə kömək olacaqdır.

    Xaricdə təhsilin zərurililiyi budur ki, həmin tələbə getdiyi ölkənin mədəniyyətini, adət-ənənələrini, insanlarını, təhsilini və təbiətini daha yaxından öyrənəcəkdir. Bir çox millətin insanları ilə tanış olacaqdır. Ən əsas da seçdiyi ixtisas üzrə biliyini nəzəri və praktiki olaraq zənginləşdirəcəkdir. Getdiyi ölkənin dilini öyrənməyin ən yaxşı yolu həmin dilin istifadə olduğu cəmiyyətdə bir müddət yaşamaq imkanıdır. Tələbə xaricdə təhsil aldığı müddətdə şəxsi keyfiyyətlərini də inkişaf etdirəcəkdir. Tək yaşadıqda bir çox problemləri həll etməkdə həyat təcrübəsi qazanacaqdır. Xaricdə təhsil zamanı tələbənin  dünyagörüşü də artır və öz ixtisasını təkmilləşdirir. Sonradan ölkəsinə qayıtdıqda qazandığı bilik, bacarıq və təcrübələri öz ölkəsində icra etdirir. Tələbə qazandığı yüksək nəticə sayəsində iş tapmaq imkanı əldə edir.

    Təsviri incəsənət müəllimliyi ixtisasına xaricdə təhsil almağın zərurililiyi yoxdur. Çünki təsviri incəsənət müəllimlərin dünya görüşü biraz fərqlidir, onlarda abstrakt təxəyyül daha çox inkişaf etmiş olur. İxtisas müəllimlərinin mentalitetində düşüncə fərqliliyi var və ona görə də dərs keçdikləri zaman bu fərqlər əsas götürülə bilər.

    Xaricdəki təhsildən misal olaraq Italiyada daha çox təsviri incəsənətin bütün növləri inkişaf etmişdir. Orada akademik rəsmi öyrənmək daha asan ola bilərdi. Həmçinin Rusiyanın Sankt-Peterburq şəhərində də rəssamlıq məktəbləri güclüdür. Mən də ixtisasımı daha da zənginləşdirmək üçün xaricdə təhsil almaq istərdim və bunun üçün əlimdən gələni etməyə çalışıram.

 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci;

Təsviri incəsənət müəllimliyi ixtisası;

Qulamova Kəmalə.

Şərh bildir