psixologiya

Salam, əziz oxuyucular!

  Sizə psixologiya elmi haqqında danışacağam. Bu ixtisasda təhsil alan və bu elmi sevən biri olaraq deyə bilərəm ki, psixologiya təməl elmlərdən biridir. Onu da bilməyinizi istərdim ki, hər  şeyin başlanğıcında psixologiya dayanır. Bunu tələbəlik, iş və  xüsusi ilə də şəxsi həyatınızda yaş aldıqca, daha yaxşı anlayacaqsınız. Qısa olaraq ifadə edim ki, psixologiya ixtisasında təhsil almaq istəyirsinizsə, ilk olaraq  tək bir şeyi bilməlisiniz, ya  bu işə sevginiz olmalıdır, ya da həqiqətən bu elmi anlamaq üçün yetərli potensiala sahib olmalısınız. Əks təqdirdə nə bu elmi sevə, nə də insanlara sevdirə biləcəksiniz. Hansı ki, bu işin təməl prinsipi “insanlara fayda verə bilmirsənsə, heç olmasa ziyan vermə” şəklindədir. Düşünə bilərsiniz ki, hardasa bütün sahələr, işlər belədir. Ancaq burda önəmli bir hissə var ki, o da biz birbaşa insan həyatına, düşüncələrinə və onların yaxşılaşdırılmasına xidmət edirik. Bunun üçün ilkin mərhələdə biz bu ixtisası sevməliyik. Bu ixtisasa sahib olmaq, peşəyə yiyələnmək, ilk öncə sizə özünüzü anlamağa kömək edəcək. Bir insan olaraq, özünüzü anlaya biləcəksiniz. Həyatda baş verən hadisələr və sizin bunlara qarşı reaksiyalarınızın normal yoxsa anormal olduğunu anlayacaqsınız. Bir növ, öncəliyiniz özünüz olacaqsınız, ilk öncə özünüzə fayda verəcəksiniz. Bu işin ən gözəl tərəfi, bir insanın həyatına təsir edə bilmək, onun həyatının mental olaraq yaxşılaşdırılmasına  kömək etmək və bunun vermiş olduğu xoşbəxtliyi yaşamaqdır. Mükəmməl bir hiss deyilmi sizcə də? Mənfi tərəf demək üçün mənfi tərəfi var deyə bilmərəm, ən azından mən hələ görməmişəm. Sadəcə kiçik bir nüans var.  O da ilk başlayanda, bütün tələbələrdə yaranan bəzi sualların olmasıdır. Bu suallar, əsasən, psixologiyaya yeni başlayanda müəyyən problemləri və s. öyrəndikcə, görəsən, “Məndə mi bu şəkildəyəm?” ya da “Mən anormalam?” kimi suallarla özünüzdən şübhələnməyinizdir. Öyrəndikcə bütün suallara cavab tapacaqsınız. Digər önəmli bir məsələni də sizinlə bölüşmək istəyirəm. Hansı ki, bu mövzu spesifik olaraq psixologiyaya məxsus bir şey deyil. Bütün sahələrdə belədir. Bəs nədir bu mövzu? Araşdırma etmək həvəsinizin olması. Araşdırmaq, daha detallı məlumata sahib olmağa, daha geniş baxış bucağı qazanmağa  və həmçinin, alternativli seçim etməyə imkan yaradacaq qədər önəmli və dəyərli bir bacarıqdır. Daima araşdırma içində olun, araşdırın. İnanın ki, uğur qazanmağın ən dəyərli yolu araşdırmaqdır. Sizə, biraz da tələbəlik həyatında  yaşayacağınız çətinliklərdən və imkanlardan danışım. Tələbəlik həyatı boyunca yaşayacağınız çətinliklər hər vəziyyətdə sizin əlinizdədir. Necə? Əgər abituriyent dövründə düzgün ixtisas seçməsəniz, yaşayacağınız ən böyük çətinliyə qapılarınızı açmış olacaqsınız. Bəs hardan bilək ki, bizim üçün düzgün ixtisas hansıdır? Bunu bilmək üçün ən sadə yol, sadəcə bunu düşünün  “bu sahədəyəm, bu işi görürəm, universiteti bitirmişəm ya da son kurs tələbəsiyəm indi nə olacaq?” “Harda işləyəcəm?” “Nə iş görəcəyəm?” “Olduğum sahəyə nə qazandıracağam?” “Burda olsam nə qazanaram?” “Ya da olmasam, nə itirəcəyəm?” Əgər itirəcəyiniz şey çox da önəmli deyilsə, o zaman heç o ixtisasa həvəslənib boşuna zamanınızı itirməyin. Bu suallardan sadəcə 1-2-ni  düşünməyiniz kifayət edir ki, özünüz üçün düzgün ixtisası seçəsiniz. Düzgün ixtisası seçdik, artıq universitetdəyik bəs indi nə kimi çətinlik yaşaya bilərəm? – deyə düşünürsünüzsə, burda da yaşayacağınız çətinlik sadəcə bir halda baş verə bilər. Oxumamadığınız zaman. Universitet həyatı boyunca, ən böyük itkiniz oxumamaq olar. Oxumağı, araşdırmağı dayandırdığınız an sizin üçün hər şey bitir. Bunlar tələbəlik həyatınızda yaşayacağınız yeganə çətinliklərdir. Çünki, əsaslı səbəbə sahib olduğu üçün ciddi fəsadlara yol aça biləcək potensialdadır. Digər məsələlər isə sadəcə müvəqqəti çətinlikdir. Bu qədər az. İndi isə keçək qarşınıza çıxacaq imkanlara. Tələbəlik həyatınızda nə qədər aktiv olsanız, nə qədər sizin karyeranızda və həyatınızda müsbətə doğru əsaslı dəyişiklik yaradacaq insanlar tanısanız, bir o qədər rahat şəkildə öz imkanlarınızı özünüz yaratmış olarsınız. Əsas məsələ nə etmək deyil, necə etməkdir. Öncəliklə, sizə sosial bacarıqlar qazandıracaq işlərlə məşğul olun. Sonrasını isə özünüz öz qərarlarınızla şəkilləndirin. Doğru yolda olduqdan sonra səhv etməkdən qorxmayın. Çünki, yolunuz doğrudur, etdiyiniz səhvlər isə ancaq sizə daha yaxşı keyfiyyətlər qazandıracaq. Tələbəlik, həyatınızın ən önəmli və zövq alacağınız dönəmlərindən birini əhatə edir. Əsas olan öz qərarlarınızın, fikirlərinizin olmasıdır. Sizə öyrədilənlər bir yerdən, bir müddətdən sonra kifayətsiz qalacaq. Məhz buna görə hər zaman özünüz-özünüzə motivasiya verməyi, dəstək olmağı bacarın, davam etməyə məcbur olduğunuzu xatırladın. “İnsan istədiyi, əzm göstərdiyi qədər uğurludur” sözünü yadınızdan əsla çıxarmayın. Kiçik bir tövsiyə ilə deyəcəklərimi və fikrimi sonlandırmaq istəyirəm. Həyat özü və daxilində mövcud olan hər şey tarazlıqdan ibarətdir. İnsanlarla münasibətlərinizdə, işlərinizdə,  ümumiyyətlə, hər şeydə tarazlığı, balansı qorumağı bacarın.Fikir versəniz, indiyə qədər oxuduğunuz hissə bir fikir üzərində qurulub – “Hər şey sizin əlinizdədir”. Ümid  edirəm, bu məqaləni oxuduqdan sonra həyatınızda müsbətə doğru heç olmasa kiçik bir dəyişiklik baş verəcək. Hər birinizə doğru qərar verməyi, seçdiyiniz sahədə dəyişiklik yaradacaq həvəsinizin olmağını tövsiyə edirəm. Fikrinizi doğru bir şəkildə əsaslandıra bilirsinizsə, doğru düşüncəyə sahibsiniz. Düşünürəm ki, gələcəkdə nə olacağına dair çox az təsəvvürünüzün olduğu bu mərhələdə sizə az da olsa, kömək edəcək. Fikrinizin formalaşmasına qatqısı olacaq məlumatlar vermişəm. Bundan sonrası sizin əlinizdədir. Hər birinizə uğurlar arzu edirəm!

Fidan İbrahimova

 

Psixologiya haqqında videomüsahibiməzi bu linkdən keçid edə bilərsiniz.

Şərh bildir