İxtisasın  təsviri

  Şəhərsalma istehsal qüvvələrinin səmərəli yerləşdirilməsi şərti ilə məskunlaşma sisteminin ərazi-məkan təşkili və milli, tarixi-mədəni irsin xüsusiyyətləri, ekoloji, geoloji,hidrogeoloji,seysmik tələblər nəzərə alınmaqla şəhərsalma planlaşdırılması, layihələndirilməsi, tikintisi və yenidən qurulması ilə məşğul olan ixtisasdır. Şəhərsalma ixtisası şəhərin nizamlı və planlı inkişafının təmin edilməsi məqsədi daşıyır.

İxtisasın  tarixi

 Şəhərsalmaya ilk dəfə Hind-Qanq vadisində, Mesopotamiyada və Misirdə başlanılmışdır. Bir ixtisas olaraq təhsil müəssisələrində 1900-cü illərdən tədris edilməkdədir. Dünyada ilk dəfə 1909-cu ildə Böyük Britaniyada Liverpul Universitetində, daha sonra isə Şimali Amerikada 1924-cü ildə Harvard Universitetində akademik proqrama daxil edilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Məhsuldar qüvvələrin yerləşdirilməsi və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla məskunlaşma sistemlərinin ərazi təşkilinin proqnozlaşdırılması və layihələndirilməsi; 
  • ➝ Məskunlaşma sisteminə daxil olan şəhər və onun ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünün təkmilləşdirilməsi təkliflərinin hazırlanması; 
  • ➝ Şəhər və digər yaşayış məskənlərinin ətraf mühitlə harmonik, qarşılıqlı əlaqəli, dayanıqlı inkişaf etdirilməsinin əsas istiqamətlərinin planlaşdırılması və buna uyğun tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması; 
  • ➝ Ətraf mühitin mühafizəsi, torpaqdan və təbii ehtiyatlardan səmərəli istifadə olunması, şəhər və digər yaşayış məskənlərində mühəndis-axtarış işlərinin aparılması və mühəndis hazırlığı işlərinin görülməsi, ərazinin texnogen və antropogen təsirlərdən qorunması; 
  • ➝ Milli və tarixi-mədəni irsin, şəhərsalma, memarlıq, monumental incəsənət abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi; 
  • ➝ Mühəndis, nəqliyyat şəbəkələri və sistemlərinin əvvəlcədən salınması şərti ilə yaşayış, ictimai binalar və istehsal obyektlərinin əlaqəli inkişafı;  
  • ➝ Sanatoriya-kurort, turizm və digər rekreasiya kompleksləri ərazilərinin planlaşdırılması, tikintisi, abadlaşdırılması və inkişaf etdirilməsi; 
  • ➝ Şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi. 

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝ Planlama sahəsində maraq və bacarıqlara malik olmaq; 
  • ➝ Riyazi hesablama bacarıqları;
  • ➝ Detallara qarşı diqqətlilik;
  • ➝ Ünsiyyət bacarıqları;
  • ➝ İş üçün səyahətlərdə iştirak edə bilmək;
  • ➝ Komanda ilə işləmək bacarıqları;
  • ➝ İnkişafa meyillilik;
  • ➝ Lazımi kompüter proqramlarında işləməyi bacarmaq ( Ən geniş istifadə olunan proqramlar: AutoCad, ARCGİS  proqramlarından istifadə bacarığı)

Harada bu ixtisasa sahiblənmək olar ?

  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti 
  • ➝ Bakı Mühəndislik Universiteti 

Bu ixtisas üzrə harada çalışmaq olar?

     Bu ixtisasa yiyələnmiş şəxslər:

  • ➝ Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində;
  • ➝ Şəhər və rayon icra hakimiyyəti orqanlarında;
  • ➝ Yerli özünüidarə orqanlarında;
  • ➝ Bu ixtisasın tədris oluduğu ali təhsil müəssisələrində və s. işləyə bilərlər.

İxtisasın gələcəyi

Müasir dövrdə  iqtisadi inkişaf, şəhər əhalisinin sayının artması və urbanizasiya prosesinin sürətlənməsi nəticəsində şəhərsalma mütəxəssislərinə olan tələb günü-gündən artmaqdadır və önümüzdəki illərdə texnoloji yeniliklərə bələd olan, onların təqdim etdiyi imkanlardan yararlanmağı bacaran kadrlara olan ehtiyacın xüsusilə artacağı gözlənilir.

Əmək haqqı 

İxtisas sahiblərinin əmək haqqları malik olduqları bilik və bacarıqlardan, tutduqları vəzifədən asılı olaraq 450-2000 AZN aralığında dəyişməkdədir.

 

Son yazılar