Sosial iş: ən humanist ixtisas sosial iş sosial

                                                Sosial iş: ən humanist ixtisas – Ön söz

    Bu yazıda sosial iş ixtisası üzrə bakalavr təhsili alan biri kimi ixtisas, daha doğrusu bu ixtisasda təhsil aldığım illərdə üzləşdiyim bir sıra məqamları (“balaca təcrübələrimi”) bu ixtisası seçməyi fikirləşənlər, çox qərarsız qalan abituriyentlər və eyni zamanda 1-ci kurs tələbələri üçün bölüşməyə çalışacağam. Eyni zamanda sırf bu yazının qəlibi üçün bir balaca fərqli olsa da, ən çox üzləşdiyim və aktuallığını qoruyan məsələlərə toxunmağa çalışacağam. Qeyd etdiyim kimi fikirlərim spesifik olaraq daha çox bu ixtisası seçməyi fikirləşənlərə fokuslanıb. Qeyd olunanlarla yanaşı yazıda sosial iş ixtisasını seçmək istəyənlər və tərəddüd edənlər üçün heç bir təbliğat və ya anti-təbliğat aparılmamışdır.

    İlk əvvəl qeyd etməliyəm ki, bu yazı bir qədər fərqli istiqamətdə də yazıla bilər, mən isə subyektiv olaraq məqalənin hədəf qrupunu gözümdə canlandıraraq məhz ilkin bilməli olduğumuz vacib məqamları paylaşıram. Aşağıda oxuyacaqlarınızı yazan zaman bizim bunları dəfələrlə müzakirə etdiyimizi (bu sahədə təhsil alan şəxslərlə və.s) ona görə təkrar qeyd etməli olmadığımı hesab edirdim, amma daha sonra ixtisas haqqında məlumatı olmayan və bu ixtisas haqqında fikirləşən şəxsləri nəzərə alaraq yazını bir qədər sadələşdirmək və konkretləşdirmək  qərarına gəldim.

Sosial iş: ən humanist ixtisas – Əsas hissə

    Mən  Azərbaycanda Sosial İş üzrə bakalavr təhsili almışam. Bu ixtisası 558 balla könüllü olaraq ixtisas siyahısında 1-ci yerdə qeyd edərək, daxil olmuşam və bakalavr təhsilimi 2014-2018-ci illərdə Bakı Dövlət Universitetində davam etdirmişəm. 11-ci sinifdə oxuyanda ixtisas barədə məlumatıma var idi və buna əsasən bu ixtisası yazmaq qərarına gəldim. Amma bunun haqqında  səthi məlumat heç də gələcəkdə üzləşəcəyimiz real təcrübələri əvəz edə bilmir, məhz buna görə daha geniş məlumat və hətta müxtəlif situasiyalarla üzləşmək lazım ola bilir.

    Tərifi bir qədər ümumiləşdirsək, qeyd edə bilərik ki,  sosial iş cəmiyyətin sosial rifahının yüksəldilməsinə yönələn peşəkar fəaliyyət növüdür (ixtisasdır). Sosial işçi-vətəndaşlarla dövlət qurumları, xidmətlər və mövcud resurslar arasında körpü rolu oynayan şəxsdir. Sözsüz ki, bu təriflər, ümumi məlumatlar və nəzəri biliklər real təcrübələrinin əhəmiyyətini ifadə edə bilməz. Məhz buna görə də ixtisas seçərkən əvvəlcədən bu haqda məlumat toplasaq belə, daxil olub davam etdirdikdən sonra özümüzü bu sahədə görməyə bilərik və bu normaldır. Sosial iş, sosial iş təhsili ilə bağlı təcrübələrim, öyrəndiklərim daha çox universitetdə təhsil aldığım müddət də daxil olmaqla  paralel olaraq iştirak etdiyim bir çox əlaqəli qeyri-formal təhsil növləri, Azərbaycan Sosial İş İctimai Birliyindəki 1 ilə yaxın fəaliyyətim, bu sahədə təhsili alan və peşəkar olaraq fəaliyyət göstərən mütəxəssislərlə əlaqələr vasitəsilə formalaşıb. Bütün bunlar çox əhəmiyyətli olaraq formal təhsildən daha çox istiqamət verib və yeni təcrübələr qazandırıb.

    Yadımdadır ki, 5-6 il əvvəldən başlayaraq deyirik ki, sosial iş ölkədə yenidir və ona görə də  demək olar ki, çoxlarının məlumatı yoxdur və təhsili tam inkişaf etməyib və ədəbiyyat da yoxdur, bu sahədə həmin illərdən müsbət dəyişikliklər əldə olunsa da, bu fikirlər hələ də aktuallığını qoyuyur.

    Suallara müvafiq olaraq qeyd olunanlar onu göstərir ki, sosial iş üçün xaricdə təhsil bu sahədə fəaliyyətimiz üçün əhəmiyyətlidir və həm bu sahədə, ölkədə sosial iş təhsilində müsbət dəyişikliklər əldə etmək üçün, həm də şəxsi karyera planlaması (qeyd edilən tezisə, suala müvafiq) üçün üstünlükdür.

  Sosial iş: ən humanist ixtisas – Karyera qurmaq

    “Necə iş tapmaq olar?”, “Bu sahədə harada çalışmaq olar?” “Bu sahədə necə uğurlu olmaq olar?”  kimi suallar da bu ixtisas haqda fikirləşən abituriyenləri, tələbələri çox narahat edir. Düzdür, ixtisas yenidir, ona görə bu suala cavablar ölkədə sosial iş üçün daha azsaylıdır. Ancaq bu hər sahədə olduğu kimi tələbənin özünü inkişaf etdirməyi və aktivliyindən asılıdır. Bu konteksdə sırf könüllü fəaliyyəti, təşəbbüskarlıq, daima yeniliklərlə çıxış etmək və dəyişmək, inkişaf etdirmək üçün çalışmaq çox önəmlidir,  ancaq danılmazdır ki, bu sırf sosial işə xas deyil, bütün ixtisas tələbələri bu fəaliyyət ilə məşğul ola bilərlər. Bir dəfə fokus-qrup müzakirəsində belə bir sual verilmişdi ki, “sosial işçi üçün vakansiyalar var və harada görmüsünüz? –mən bu suala axrıncı dəfə “Unicef Azerbaijan”da bu vakansiyanı gördüyümü bildirmişdim. Təbii ki, sosial iş uşaq müdafiəsi sahəsindəki fəaliyyətlə məhdudlaşdırılmır. Bu peşənin fəaliyyəti vacibdir və bir çox aiddiyatı qurum və təşkilatlarda sosial işçilərə ehtiyac var.

    Əlbəttə bununla kifayətlənmir, ölkədə fəaliyyət göstərən “SOS Uşaq Kəndləri Azərbaycan, “Azərbaycana Birgə Yardım (UAFA)” , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)” kimi və adı qeyd edilməyən bir neçə yerli, beynəlxalq təşkilatlarda müəyyən layihələr çərçivəsində də sosial iş sahəsində vakansiyaları görmək mümkündür.

    Sosial iş ixtisasının təhsili üçün vacib məqamlardan biri də təhsilin professionallığı ilə bağlıdır. Bu cümləyə keçid edəndə belə bu günə qədər bu sahədə olan diskussiyaları, sosial iş deyəndə ən çox verilən sualları və düzgün formalaşmayan fikirləri yadıma sala bilirəm. Sosial iş deyəndə ən çox yayılan fikir və ya verilən reaksiyalardan biri də sosial fəaliyyətlə məşğul olan şəxsin sosial işçi hesab edilməsidir. Ancaq bu yanlış formalaşmış fikirdir. Sosial fəaliyyətlə müxtəlif ixtisas sahibləri məşğul ola bilər və onlar sosial işçi deyil, müəyyən sahədə aktivist hesab edilə bilərlər.

    Eləcə də sosial iş sahəsi ilk dəfə formalaşan zaman (XIX əsr) xeyriyyəçilik ənənələri müəyyən rol oynasa da, nə qədər primitiv səslənsə də, sosial iş xeyriyyəçilik deyil, professional peşədir, xeyriyyəçiliklə istənilən şəxs məşğul ola bilər.

    Sosial işçi kimi sosial iş üzrə ali təhsil almış şəxslər çalışa bilərlər və məhz onları biz sosial işçi adlandıra bilərik. Misal üçün, necə ki, hüquq təhsili olmayan şəxslər hüquqşünas kimi fəaliyyət göstərə bilməz.

    Növbəti qarşılaşdığımız “miflər” dən biri də sosial xidmətçi ilə bağlıdır, sosial işçi sosial xidmətçi deyil. Sosial xidmətçi ehtiyacı olan şəxslərə, həssas qruplara müəyyən mərkəzlərdə, evlərdə xidmət və qayğı göstərən şəxslərdir və bunun üçün sosial iş üzrə təhsilə ehtiyac yoxdur. Bununla bağlı hələ 2012-ci ildə “Sosial xidmət haqqında” AR-ın Qanunu qəbul edilmiş və bu məsələ qanunda da öz əksini tapmışdır.

    Sosial işçinin fəaliyyət sahələrini qısaca açmaq üçün sosial işin hansı səviyyələrdə mövcud olduğu qeyd edilməlidir. Sosial iş 3 səviyyədə makro, mezo və mikro səviyyələrdəki fəaliyyətlə əhatə olunur.
  Makro səviyyədə çalışan sosial işçi sahədə fərdlərin, icmaların problemlərindən məlumatlı olaraq, lobbiçilik edərək daha geniş miqyaslı proqramların (sosial siyasətlərin) hazırlanmasında fəaliyyət göstərir ki, burada da sahə təcrübəsi olan sosial işçilərin iştirakçılığı vacibdir. Mezo səviyyədə sosial işçilər daha çox kiçik qruplar olan icma qrupları, həmçinin ailələr ilə çalışır. Mikro səviyyədə fəaliyyət göstərən sosial işçilər isə fərdlərlə çalışır, mikro səviyyədə çalışan sosial işçilərə kliniki sosial işçiləri aid etmək olar. Bu səviyyələr çərçivəsində sosial işçilər ailələrlə, zorakılığa məruz qalmış şəxslərlə, əlilliyi olan şəxslərlə, maddə asılılığı olan şəxslərlə, ahıllarla, ictimai səhiyyə sahəsində, məktəb sosial işçiləri kimi təhsil müəssisələrində, palliativ və hospis xidmətlərində çalışa bilər və bütün bu qruplar üçün sosial müdafiənin təmin edilməsində ictimai müvəkkil kimi çıxış edə bilərlər.

    Bu sahədə daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün ali təhsil aldığınız müddətdə mütləq bu sahə ilə əlaqəli qeyri-formal təhsil formalarında iştirak, bu sahədə fəaliyyət göstərən şəxslərin təcrübəsindən yararlamaq, öyrəndiklərinizi tətbiq etmək üçün isə təşəbbüskarlıq isə hər ikisi ilə bərabər vacib hesab edilir.

Nəticə olaraq, siz bu ixtisası seçə və ya seçməyə bilərsiniz, amma bu seçim sırf pedaqoji ixtisaslardan qaçmaq və ya ictimai sektorda fəaliyyət üçün olmamalıdır. Bu seçimi doğurdan da araşdırıb, hazır olduğumuzu hiss edib etməliyik.

 Leyla Məmmədxanlı

Regional İnkişaf İctimai Birliyində (RİİB)

Şərh bildir