Tarix elmi dünən, bu gün və sabah_ixtisas.az_tarixçi_tarix

        Tarix elmi dünən, bu gün və sabah                        

     Tarix ixtisası ölkəmizdə və dünyada hər zaman elit ixtisaslar sırasında olmuşdur. Dövlətin siyasəti ilə birbaşa əlaqəlidir. Obyektiv deyil, daha çox subyektiv elm kimi dəyərləndirilir. Lakin buna baxmayaraq, bu gün olduğu kimi gələcəkdə də aktullağını qoruyacağına əminəm. Dəqiq elm olmaması, dəyişikliklərə açıq olması da onu cəlbedici edən məqamlardan biridir.

    Bu sahədə uğurlu olmaq bir o qədər asan deyil. Məsələn, Misirdə Tutanhamonun məzarını araşdıran və bu işə illərini sərf edib sonunda 1922-ci ildə bu günə qədər Arxeologiya elminə məlum olan ən zəngin məzarı tapan ingilis misirşünas Howard Carter bu gün qədər də lazımı qədər dəyərləndirilməmişdir.

Lakin bu təbii ki, mümkünsüzdür demək deyildir. Bunun üçün Tarix elmini dərindən öyrənmək lazımdır. Məsələn, Tarixin sahələri haqqında məlumatlı olmaq vacibdir: Numizmatika, Heraldika, Etnoqrafiya, Xronologiya, Antropologiya, Paleoqrafiya, Arxeologiya və s. Bundan əlavə Biologiya, Botanika və ən əsası Tarixlə sıx bağlı olan Coğrafiyanı yaxşı bilməyiniz sizi uğura apara bilər. Məsələn, siz döyüşlərin məkanlarının nəyə görə seçildiyini, yaşayış yerlərinin necə və harda və nə səbəbə qurulduğunu, qidalanmalarının hansı formada olduğunu öyrənmək bacarıqlarına yiyələnmək istəyirisinizə dediyim məsələlərə diqqət etməlisiniz.

Qazıntı işləri aparacaqsınızsa, hava şərtlərini, kənd təsərrüfatı həyatını araşdıracaqsınızsa, torpaq xüsusiyyətlərini bilmək vacibdir. Bundan əlavə deyək ki, siz antik yunan və ya hind mədəniyyətini araşdırırsınız, o zaman sizə din və fəlsəfə haqqında biliklərdə lazım olacaq. Bunları bildiyiniz təqdirdə apardığınız iş haqqında təsəvvürünüz daha aydın və dəqiq olacaq və beləliklə, uğur qazana bilcəksiniz. Bunu döyüşə hazırlaşan əsgərin silahlanması və tədbir alması kimi düşünün. Nə qədər yaxşı silahlansanız və tədbir alsanız zərəriniz o qədər az, qələbəniz o qədər böyük olacaq.

 Son olaraq onu deyim ki, memarlıq və incəsənət haqqında fikir sahibi olmağınız müxtəlif dövrlərdə və ərazilərdə memarlıq üslublarını və o bölgəyə xas incəsənəti sizə aydın şəkildə anlama imkanı yaradacaqdır.

     Bu sahədə inkşaf etmənin başqa yolu da və bəlkə də ən başlıca yolu kitabdır. Təkcə, Azərbaycan deyil, həm də əlinizə keçən digər ölkələrin mənbələrini dəyərləndirmək lazımdır. Burda xüsusi diqqət edilməsi gərəkən məqam daha yüksək bilik əldə etməniz və inkişafınız üçün dini inancınızı, milli mənsuniyyətinizi və ya şəxsi hisslərinizi özünüzə baryer etməmənizdir. Məsələn, siz hansısa mənbədə və ya deyək ki, müzakirədə sizin dininizə, milli mənsubiyyətinizə və ya şəxs olaraq qəbul etdiyiniz fikirlərə zidd yanaşmalar ola bilər. Bax, bu məqamda ziddiyyət var deyə bunu bir kənara atmayın. Çünki sizə qarşı olan fikirləri yalanlamaq üçün belə o fikirləri öyrənməyə ehtiyacınız var, ya da inandığınız tarixi şəxsiyyəti bütləşdirməkdən çəkinin, çünki tarix səhifələrində onun haqqında sizin təsəvvürünüzün tam əksinə məlumatlar görə bilərsiniz.

  Mövcud mənbələrə nə dərəcədə inanacağınıza qərar vermək üçün mütləq müqayisə aparmalısınız və əgər hadisələrin gedişi sizin mənbələrinizlə dəstəklənirsə, demək ki, əlinizdəki mənbə həqiqətə uyğundur. Məsələn: Qondarma “erməni soyqırımı” məsələsi erməni mənbələrindən başqa heç bir mənbədə yoxdur.

Türkiyə Cümhuriyyəti isə bu hadisənin başqa mənbələrdən araşdırılmasını təklif edir, doğru olan budur, əgər bir hadisə haqqında müxtəlif mənbələr varsa hamısı araşdırılmalı və qarşılaşdırılmalıdır. Bir mənbə varsa ,təəssüf ki, onu həqiqət kimi qəbul etməli olacaqsınız. Lakin burda diqqət etməli olacağınız məqam arxeoloji sübutlardır. Məsələn, deyək ki, Qavqamela döyüşündə İsgəndərin məğlub olduğu yazılsa idi və sonra araşdırma nəticəsində onun Hindistana qədər gedib çıxdığı ortaya çıxsa idi, bu mənbənin etibarlı olmadğını göstərərdi. Yəni bilikləri əldə etdiyiniz mənbə arxedoloji qazıntılarla da dəstləklənməlidir. Son nəticə yəni əldə olunan məlumatı dəqiq araşdırma bilik və bacarığınızı inkşaf etdirəcəkdir.

  Tarix sahəsində çox təəssüf ki, ölkəmiz yetərsizdir. Tarix sahəsində aparılan araşdırmalar və ölkəmizin tarixinin öyrənilməsi əslində çox gəncdir. Çünki ətraflı öyrənilmə Sovet dönəmində başlamışdır. Günümüzdə isə Sovetin dağılmasından sonra durğunluq dönəmi yaşanır.

    Azərbaycanda tarixin öyrənilməsində əsas problem fikrimcə 90% birtərəfli yanaşmadan irəli gəlir. Yəni məlumatlar o dərəcədə milli maraqlara görə qurulub ki, bəzi həqiqətlər kölgədə qalıb. Məsələn, tariximiz 90% bir məzlumiyyət üzərinə qurulub yəni gəldilər, bizi işğal etdilər, dağıtdılar, yıxdılar. Yəni bölgəsəl, məhəlli baxışdan çıxa bilməmişik. Əslində işğalın yararı nə ola bilər. Parçalanmış bir ölkədə inkişaf fərqli gedir, lakin işğal olsa da, bir ölkə daxilində olan vahid ərazidə inkşafa şərait yaranır.

Məsələn, şəxsi münasibətdə Rusiya idarəetməsini günahım qədər sevməsəm də, Qoridə yaratdıqları seminariya bizə görün kimləri verdi: Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Müslüm Maqomayev və s. Hansı ki, onlar sonralar və hətta Cümhuriyyət dönəmində bizim elitamızı təşkil etdilər, bəzi saxta dindarların yaratdığı buxovlardan xilas olmağımızda əvəzsiz rol oynadılar. Bəs olmasa nə olacaqdı? Təsəvvür edin ki, Qarabağdan Bakıya gəlmək istəyən insan günümüzlə dəyərləndirsək, 3 dövlət sərhəddini keçərək gəlməli idi. Bu, həm eyni millətin bir-birinə yadlaşmasına, həm mədəniyyətin ayrışmasına və həm də iqtisadi inkişafın fərqliliyinə gətirib çıxara bilərdi.

Bəs o zaman xaricdə təhsil necədir? Adi bir misal deyim ki, xaricdə Tarixə yanaşmanı və orada təhsilin vacibliyini anlayın. Dünyanın inkşaf etmiş dövlətləri bir çox əlamətləri ilə tanınırlar, əslində Tarix baxımından tanınmalarına ehtiyac duymaya bilərdilər. Lakin bununla belə ABŞ-ın Metropolitan muzeyini, İngiltərənin Viktoriya və Albert muzeyini, Fransanın Luvr muzeyini, Almaniyanın Berlin tarixi muzeyini, İspaniyanın Prado muzeyini, Misirin Qahirə muzeyini, Rusiyanın Ermitaj muzeyini, qardaş Türkiyənin Topqapı muzeyini tanımayan varmı?

Bu məkanlara hər il milyonlarla insan axın edərək görməyə gəlir. Yəni dövlət həm tarixi nümayiş etdirir və həm də bundan turistik məqsədlə istifadə edir. Tarixin təqdimatına belə yanaşan dövlətlərdə sizcə,Tarixin tədrisinə necə yanaşar. Burada sizin qazanacağınız başqa bir dünyagörüşü isə məsələlərə dünyəvi müstəvidə baxmaqdır. Yəni bu zamana qədər işğalçı kimi öyrəndiyiniz İngiltərə, Fransa, Almaniya, ABŞ bəs öz fəaliyyətlərinə necə dəyər verir, bunu necə açıqlayır.

Azərbaycanda əsas problemlərdən biri yuxarıda dediyim kimi biraz hissi, məhəlli və bölgəsəl yanaşamadır. Lakin biz artıq baxış açımızı dəyişib onlar kimi baxmalı və onların düşüncə tərzini öyrənməliyik.

Əsas məsələlərdən biri də dil məsələsidir. Bu dönəmin ən görkəmli türk tarixçisi İlber Ortaylı deyir ki, mənbələri və kitabları o ölkənin öz dili ilə oxumaq lazımdır. Çünki bəzi dini kitablar belə tərcümə olunarkən bəzi sözlər vardır ki, tam qarşılığı yoxdur və yaxın mənalı söz istifadə olunur, deməli mümkündür ki, tarixi kitabların tərcüməsində təhriflər və ya tərcümə edənin şəxsi fikri yer alsın. Dili öyrənmək həm də bizə onlar kimi düşünməyə, onların üstünlük və çatışmazlıqarını görməyə imkan yaradır.

  Dünyada Tarix ixtisası baxımından öncül univeristetlər bunlardır: Princeton University, Stanford University, Harvard University (Asiya tarixi), Yale University (Asiya və Avropa tarixi), Columbia University,(Asiya tarixi), Berkeley University (xüsusilə Asiya və Avropa tarixi), Chicago University ( Asiya və Avropa tarixi) (ABŞ), Kembridge, Oxford, Kent University, Edinburgh University ( Böyük Britaniya), Humboldt Berlin University (Almaniya), Sarbone University (Fransa), Bologne University ( İtaliya), American University in Cairo, German University in Cairo, The British University in Egypt ( Misir).

  Deyək ki, təhsilimizi aldıq, qalır bizim iş məsələmiz. Əgər Azərbaycanda bakalavr səviyyəsində təhsiliniz varsa, tam orta məktəbdə müəllim, magistr təhsiliniz varsa, univeristetdə müəllim və əgər doktorluğunuz varsa Elmlər Akademiyasında işləyə bilər və ya hansısa kitab müəllifliyi, Arxeologiya İnstitutu və yaxud deyək ki, Azərbaycan Tarix Muzeyi, Qobustan Tarixi Qoruğunda iş tapa bilərsiniz.

Şəxsən mən Azərbaycanda karyeramı yetərsiz hesab etdiyim dərsliklərin dəyişdirilməsi və hələ də 90%-i rusca olan mənbələrimizin dilimizə tərcüməsi üzərində qurardım. Çünki bu sahə Azərbaycanda hələ də çox gerilərdədir və xüsusi qayğıya ehtiyacı vardır.

Yaxşı tərcümə olunmuş mənbələr həm sizin karyeranıza, həm də Tarix elminə öz müsbət töhfəsini verəcəkdir. Bu gün bu işlə məşğul olan demək olar ki, yoxdur. Xaricdə isə bu sahədə karyera qurmanın yolu hansısa bir sahə üzrə ixtisaslaşmadan keçir, yəni məsələn, sizin təhsilinizdən asılı olaraq Antik dövr üzrə ola bilər, orta əsrlər üzrə və ya Roma tarixi üzrə ola bilər.

    İlk işimizə gəlsək, Azərbaycanda ilk iş fikrimcə, məktəb olmalıdır. Çünki ən sadədən, ən alt pillədən, bünövrədən başlamaq həm problemin dərinliyini anlamağa və həm də onu həll etməyə çox kömək edəcəkdir. Sonradan isə pillə-pillə irəliləmək olar. Hətta işlərin arasında dərslik və ya bir mənbə müəllifi olmaqda olar.

    Kərim Qasımov

Şərh bildir