Tələbəlik həyatımın bu günü və gələcəyi

Tələbəlik həyatımın bu günü və gələcəyi

Salam, millətimin gələcəyi. Mən Rasim Seyfullayev, bu məqalədə sizə öz ixtisasım və tələbəlik dövrü barədə məlumat verəcəm. Gəlin başlayaq.

Mən 2018-ci il 10 may tarixindəki qəbul imtahanı nəticəmə görə 619 balla Xəzər Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuşam. Bu qısa məqalədə öz ixtisasım barədə yazmaq istəyirəm.

İxtisasın bir çox mənfi və müsbət xüsusiyyətləri var. Mühasibat uçotu və audit öncəki illərdə ayrı ixtisas kimi idi, indi də ayırmaq istəyirdilər, açığı, geniş məlumatım yoxdur bu barədə. İki ayrı ixtisas olsa da, bir-birilərinə çox yaxındır. Mühasib olan şəxs hər hansı bir şirkətin hesabatlarını hazırlamalı, gəlir-xərci, buna əsasən vergini hesablamalıdır və s. Bir sözlə, mühasibat olmadan əminliklə demək olar ki, heç bir şirkət fəaliyyət göstərə bilməz. Auditor isə mühasibin işinə nəzarət edəndir. Hesabatlarda səhv varsa, düzəltməlidir (audit daha prestijlidir nisbətən). 

Fəqət, siz təkcə bu ixtisasdan məzun olaraq ixtisaslı kadr ola bilməzsiniz. Birincisi, çalışın, tələbə kimi yaşayasınız, imtahan və ona hazırlaşmağa vaxt həmişə var, amma siz bir də bu yaşda olmayacaqsınız. Gəzin, dolanın, kinoya, teatra, muzeyə gedin, çoxlu kitablar oxuyun. Belə şeylər baxış tərzinizi həddən artıq dəyişəcək, formalaşmağınıza çox kömək olacaq. İkincisi, qarşınıza məqsəd qoyub ona çatmaq üçün mübarizə aparın. “4 il sonra 4-5 min maaş verən şirkət niyə seçməlidir?” Bu suala cavab tapsanız, işin çox hissəsi hazır deməkdir. Mühasibatda bütün dünya üzrə tanınan sertifikatlar verilir (tələbələr arasında “f-lər” deyilir). Tələbəlik dövründə onları almağa çalışın ki, üstünlüyünüz olsun. Ümumiyyətlə, iqtisadiyyatla əlaqəli ixtisaslara qəbul olan hər kəsin bu sertifikatları alması məsləhətdir. 

Bu ixtisasın ən mənfi cəhəti də texnologiyanın inkişafı ilə bağlıdır. Hələki ehtiyac var, amma texnika inkişaf etdikcə buna tələbat azalır. Çalışın, əlavə biliklərə yiyələnin ki, “bazar”da sizə rəqib olmasın. 

Təəssüf ki, çox uzun yaza bilmirəm. Hansı sualınız olsa, aşağıda qeyd edəcəyim elektron poçt ünvanıma ürəyiniz nə vaxt istəsə, yaza bilərsiniz. 

Sonu düşünməyin, “sonunu düşünən qəhrəman olmaz”, öz sonunuzu özünüz yaradın. Sağlıqla qalın!

Rasim Seyfullayev

Xəzər Universiteti, Mühasibat uçotu və audit ixtisası

srasim00@gmail.com

Şərh bildir