İxtisasın təsviri 

   İki dil arasında tərcümə işini öyrədir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var. 

   Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.

   Sinxron tərcümə – tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.

   Pıçıltı ilə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır

İxtisasın  tarixi

    Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə Asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcüməninkindən daha qədimdir. 

  Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində Tərcümə kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

    Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, bu biliklərə tərcümədən əvvəl yiyələnməlidir. Dilmanc tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə zamanı azdır. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmanc aşağıdakıları yerinə yetirməlidir:

  • ➝ Konfrans salonunda oturanlar və natiq  arasında ünsiyyəti təmin etməlidir;
  • ➝ Texniki vasitələrdən maksimum istifadə etməlidir;
  • ➝ Natiq və zaldakıların onu yaxşı eşitməyinə əmin olmalıdır;
  • ➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə nəyisə tərcümə etməməlidir;
  • ➝ Diqqətini maksimum cəmləməlidir;
  • ➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
  • ➝ Diqqətini dəqiq bölməyi, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
  • ➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
  • ➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

    Tərcüməçilik ixtisasının(ispan dili üzrə) bir sıra konkret iş yerləri var :

  • ➝ Xarici səfirliklərdə
  • ➝ Tərcümə mərkəzlərində
  • ➝ Dövlət işlərində
  • ➝ Nazirliklərdə
  • ➝ Özəl şirkətlərdə
  • ➝ Freelancer olaraq da fəaliyyət göstərmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ İxtisas bilikləri mükəmməl olmalı;
  • ➝ Söz bazası olduqca geniş olmalı;
  • ➝ Sinxron tərcümə üçün sürətli düşünmək və analiz etmək qabiliyyəti olmalı;
  • ➝ Bədii tərcümə üçün mükəmməl təsvir qabiliyyəti olmalı;
  • ➝ Müxtəlif sahələrdə çalışmaq üçün həmin sahələrə aid texniki biliklərə malik olmalı;
  • ➝ Həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli;
  • ➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlara sahib olmalı;
  • ➝ Fon bilikləri;
  • ➝ Vaxtın düzgün  idarə olunmasına nəzarət etməli;
  • ➝ Kompüter biliklərinə yiyələnməli;
  • ➝ Yazılı və şifahi nitq qabiliyyətinı formalaşdırmalı;
  • ➝ Yaradıcı təfəkkürə sahib olmalı;
  • ➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməli;
  • ➝ Müşahidə bacarığına malik olmalıdır.

Bu sahənin gələcəyi

    Son illərdə tərcüməçiliyə ixtisana təlabat çoxdur və qəbul olanlar da hər il getdikcə artmaqdadır. Belə olduğu təqdirdə rəqabət də artır. Əgər məqsəd yalnız ispan dili üzrə tərcüməçi olmaqdırsa, iş imkanları bir o qədərdə  geniş deyil. İspan diliylə yanaşı, ingilis dillini bilən məzunlar üçün geniş iş imkanları var. Son zamanlar belə tərcüməçilərə təlabat çoxalıb.

Əmək haqqı

  Yuxarıda qeyd etdiyimiz kimi konkret iş yerlərində(tərcümə mərkəzlərində,səfirliklər və s.) əmək haqqı 1000 AZN -dən  başlanır. Freelancer olaraq işləyən zaman isə aylıq gəlir ortalama  olaraq 700-800 AZN civarında dəyişir.