İxtisasın təsviri

    İki dil arasında tərcümə işini öyrədir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var. 

  Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.

  Sinxron tərcümə – zamanı tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.

  Pıçıltı iılə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır.

İxtisasın  tarixi

    Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə Asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcüməninkindən daha qədimdir. 

    Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində Tərcümə kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

     Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, bu biliklərə tərcümədən əvvəl yiyələnməlidir. Dilmanc tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə vaxtı yoxdur. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmanc aşağıdakıları yerinə yetirməlidir:

  • ➝ Konfrans salonunda oturanlar və natiq  arasında ünsiyyəti təmin etməlidir;
  • ➝ Texniki vasitələrdən maksimum istifadə etməlidir;
  • Əmin olmalıdır ki, natiq və zaldakılar onu yaxşı eşidir;
  • ➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə  tərcümə etməməlidir;
  • ➝ Diqqətini maksimum cəmləməlidir;
  • ➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
  • ➝ Diqqətini dəqiq bölməyi, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
  • ➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
  • ➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir;
  • ➝ Hər bir cümlə bitkin olmalıdır;
  • ➝ Cümlələri məntiqi səsləndirməlidir.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Dillər Universiteti  

Bu ixtisas üzrə harada çalışmaq olar?

     Bu ixtisas üzrə məzun olanlar aşağıdakı sahələrdə  tərcüməçi kimi işləyə bilərlər:

  • ➝ Dövlət orqanları;
  • ➝ Müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar; 
  • ➝  Səfirliklər;
  • ➝ Xarici şirkətlər; 
  • ➝ İxtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Dinləmə ;
  • ➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlı olmalı;
  • ➝ Fon bilikləri;
  • ➝ Vaxtın idarə olunması;
  • ➝ Kompüter bacarıqları;
  • ➝ Yazılı və şifahi nitq qabiliyyəti;
  • ➝  Yaradıcı təfəkkür;
  • ➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməli;
  • ➝ Müşahidə bacarığı olmalı.

Bu sahənin gələcəyi

    Son zamanlar maşın tərcüməsi ətrafında çoxlu səs-küy müşahidə olunur. Həqiqət isə ondan ibarətdir ki, ixtisaslı insanlar tərəfindən yerinə yetirilən tərcümə ən yaxşı maşın tərcüməsini üstələməkdə davam edir və çox güman ki, bu hələ uzun müddət, bəlkə də həmişə belə olacaqdır. Bugün demək olar ki, hər kəs istər kompüter, istərsə də mobil telefonların köməyilə maşın tərcüməçi proqramlarından istifadə edə bilir, lakin maşın tərcüməçi proqramlarının nə qədər qabaqcıl olmalarından asılı olmayaraq, insan əməyi ilə tərcümə ən yaxşı seçim qalmaqda davam edəcəkdir. Çünki maşın tərcüməçi proqramları insanların linqvistik incəliklərini tərcümə edə bilmir və yaxın gələcəkdə də bunu edə bilməyəcəklər.

                                                                           Əmək haqqı

  • ➝ Yazılı tərcümə: 1 səhifə 20-25 AZN;
  • ➝ Ardıcıl tərcümə: 1 tədbir müddətində 300-400 AZN;
  • ➝ Sinxron tərcümə: 1 gün 400-600 AZN;

Ümumilikdə isə məvaciblər şirkətlərə əsasən dəyişir.