İxtisasın təsviri

    İki dil arasında tərcümə işini öyrədir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və      yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var. 

  Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.

  Sinxron tərcümə – tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.

  Pıçıltı ilə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır.

İxtisasın  tarixi

     Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcüməninkindən daha qədimdir. 

  Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində Tərcümə kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

    Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, bu biliklərə tərcümədən əvvəl yiyələnməlidir. Dilmanc tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə zamanı azdır. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmanc aşağıdakıları yerinə yetirməlidir:

  • ➝ Konfrans salonunda oturanlar və natiq  arasında ünsiyyəti təmin etməlidir;
  • ➝ Texniki vasitələrdən maksimum istifadə etməlidir;
  • ➝ Natiq və zaldakıların onu yaxşı eşitməyinə əmin olmalıdır;
  • ➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə nəyisə tərcümə etməməlidir;
  • ➝ Diqqətini maksimum cəmləməlidir;
  • ➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
  • ➝ Diqqətini dəqiq bölməyi, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
  • ➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
  • ➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir;
  • ➝ SDL Trados Studio və ya MemoQ kimi tərcümə alətlərindən istifadəni öyrənilməlidir;
  • ➝ Hər bir cümlə bitkin olmalıdır;
  • ➝ Cümlələri məntiqi səsləndirməlidir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbycan Kooperasiya Universiteti
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Qərb Universiteti,
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ “Odlar Yurdu” Universiteti 

  Yalnız Kooperasiya Universitetində bu ixtisas həm əyani, həm də qiyabi şəkildə tədris olunur. Digər Universitetlərdə isə yalnız əyani şəkildə tədris olunur.

  Bu ixtisas üzrə dövlət sifarişi ilə təhsil almaq isə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti və Xəzər Universitetində mümkündür. Digərlərində isə bu şans yoxdur.

Bu ixtisas üzrə harada çalışmaq olar?

   Bu ixtisas üzrə məzun olanlar aşağıdakı sahələrdə tərcüməçi kimi fəaliyyət göstərə bilərlər: 

  • ➝ Dövlət orqanları;
  • ➝ Müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar;
  • ➝ Səfirliklər;
  • ➝ Xarici şirkətlər;
  • ➝ İxtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisas bilikləri mükəmməl olmalı;
  • ➝ Söz bazası olduqca geniş olmalı;
  • ➝ Sinxron tərcümə üçün sürətli düşünmək və analiz etmək qabiliyyəti olmalı;
  • ➝ Bədii tərcümə üçün mükəmməl təsvir qabiliyyəti olmalı;
  • ➝ Müxtəlif sahələrdə çalışmaq üçün həmin sahələrə aid texniki biliklərə malik olmalı;
  • ➝ Həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli;
  • ➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlara sahib olmalı;
  • ➝ Fon bilikləri;
  • ➝ Vaxtın düzgün  idarə olunmasına nəzarət etməli;
  • ➝ Kompüter biliklərinə yiyələnməli;
  • ➝ Yazılı və şifahi nitq qabiliyyətinı formalaşdırmalı;
  • ➝ Yaradıcı təfəkkürə sahib olmalı;
  • ➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməli;
  • ➝ Müşahidə bacarığına malik olmalıdır.

İxtisasın gələcəyi

     Son zamanlar maşın tərcüməsi ətrafında çoxlu səs-küy müşahidə olunur. Həqiqət isə ondan ibarətdir ki, ixtisaslı insanlar tərəfindən yerinə yetirilən tərcümə ən yaxşı maşın tərcüməsini üstələməkdə davam edir və çox güman ki, bu hələ uzun müddət, bəlkə də həmişə belə olacaqdır. Günümüzdə, demək olar ki, hər kəs istər kompüter, istərsə də mobil telefonların köməyilə maşın tərcüməçi proqramlarından istifadə edə bilir, lakin maşın tərcüməçi proqramlarının nə qədər qabaqcıl olmalarından asılı olmayaraq, insan əməyi ilə tərcümə ən yaxşı seçim qalmaqda davam edəcəkdir. Çünki maşın tərcüməçi proqramları insanların linqvistik incəliklərini tərcümə edə bilmir və yaxın gələcəkdə də bunu edə bilməyəcəklər.

Əmək haqqı

  • → Yazılı tərcümə: 1səhifə 5 AZN-dən artıq olmur;
  • → Ardıcıl(şifahi) tərcümə: 3-4 saatı (tedbirlerin ortalama müddeti)  50-100 AZN;
  • → Sinxron tərcümə: 1 günü 300-600 AZN
  • → Ümumilikdə isə əmək haqql şirkətlərə əsasən dəyişir.