İxtisasın təsviri

  “Turizm işinin təşkili” ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili  ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Bundan əlavə, bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşğul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas  üzrə məzun olmuş şəxslər  tur operatorlar, tur menecerlər, turizm tədqiqatçıları adlanırlar. Hal hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.

İxtisasın  tarixi

  Azərbaycanda Turizm sahəsi üzrə ali səviyyədə kadr hazırlayan ilk fakültə BDU universitetinin Cografiya fakültəsi olmuşdur.  Bu sahə üzrə ixtisaslaşan Azərbaycan Turizm və Menecment Universitetinin əsası isə 2006-cı ildə qoyulmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Xarici və daxili, fərdi və qrup turlarının təşkili;
  • ➝ Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  • ➝ Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • ➝ Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
  • ➝ Səyahət sığortasının yazılması;
  • ➝ Mövsümə uyğun turların analiz edilib hazırlanması;
  • ➝ Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
  • ➝ Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi;
  • ➝ Aviabiletlerlə bağlı əməliyyatlar( yazılması, dəyişdirilməsi);
  • ➝ Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
  • ➝ Mehmanxanada işçilərinin, menecerlərin rəhberliyi altında səmərəli fəaliyyətini təmin etmək;
  • ➝ Müştərilərə  göstərilən xidmətlərin keyfiyyətinə nəzarət;

Harada bu ixtisasa sahiblənmək olar?  

“Turizm işinin təşkili” ixtisası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarına edilən son  dəyişikliklərdən sonra təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” siyahısında yeni yer alan ixtisaslardan biridir. Bu səbəbdən  ixtisasın tədris olunacağı ali təhsil müəssisələrinin siyahısı  hələlik açıqlanmayıb.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Turizm işinin təşkili ixtisasının məzunları:

  • ➝ Ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində;
  • ➝ Turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında;
  • ➝ Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və s.kimi uyğun təyinatlı dövlət qurumlarında  çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Minimum bir  xarici dildə (əsasən ingilis və  ya rus ) səlis ünsiyyət qurmağı bacarmaq;
  • ➝ Gülərüz və nəzakətli olmaq;
  • ➝ Təşkilatçılıq bacarıqlarının olması;
  • ➝ Yüksək ünsiyyət bacarıqları;
  • ➝ Stressli davamlı, dini və mədəni baxımdan tolerant olmaq;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmaq;
  • ➝ Sahə üzrə istifadə olunan bronlaşdırma proqramlarını ( Bu sahədə ən geniş istifadə edilən proqram Amadeus proqramıdır. Bu proqramın sertifikatını almaq bu baxımdan üstünlük hesab edilir) istifadə etməyi bacarmaq;
  • ➝ Böyük həcmli məlumatlarla işləmək bacarığı;
  • ➝ Detallara diqqət yetirmək bacarağı;

İxtisasın gələcəyi

  Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir.Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur.Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq  300-1000 AZN aralığında dəyişir.