İlk növbədə, ictimai səhiyyə sahəsini ürəkdən sevən və bu sahədə sevərək çalışan bir insan olaraq ictimai səhiyyə ixtisası barədə sizlərə məlumat vermək istərdim. 

    İctimai Səhiyyə ixtisası – əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəblərini, eləcə də onların yayılma qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, elmi cəhətdən əsaslandırılmış profilaktik (qabaqlayıcı) tədbirlər sistemini işləyib hazırlayır və nəticədə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir. Əgər ümumiləşdirsək, ictimai səhiyyə sahəsi əhalinin sağlamlığının qorunmasında prioritet xarakter daşımaqla daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir.

    Bu sahədə uğurlu olmaq istəyən hər bir gənc ilk növbədə tələbəlik dövrlərindən artıq nəzəriyyə və praktikanı birgə inkişaf etdirmə yolunda aktiv çalışmalıdır. Universitet dövründə tələbəlik illərini maksimum dəyərləndirməli, universitetdən kənar ictimai işlərdə aktiv olmalıdır. Müxtəlif təcrübə proqramlarında, sağlamlıqla bağlı olan layihələrdə aktiv iştirak etməlidir. Ən gözəli isə könüllülük fəaliyyəti ola bilər. Nəzərə alsaq ki, ölkəmizdə bu ixtisas Azərbaycan Tibb Universitetində tədris olunur və tibb tələbələri zamanın idarə edilməsi mövzusunda bir qədər çətinlik yaşayır. Deməli, burada diqqət edilməli əsas məqam tibb tələbəsi olmaqla bərabər zamanı düzgün idarə edərək həm də könüllülük fəaliyyəti ilə məşğul ola bilməkdir. Sevindirici məqamdır ki, artıq ölkəmizdə səhiyyədə könüllülük anlayışı formalaşıb. Fəxrlə deyə bilərəm ki, məhz bu sahədə tibb tələbələrini könüllülüyə təşviq edən bir neçə layihənin rəhbəri olaraq çalışmışam və əslində, tibb tələbələrinin nə qədər yüksək potensiala malik olduğunu bilirəm. Bu baxımdan hər bir tibb tələbəsini tələbəlik dövrünü düzgün dəyərləndirməyə səsləyirəm. Digər vacib məqam isə odur ki, hər bir ictimai səhiyyə mütəxəssisində formalaşmalı olan məqamlar məhz elə könüllülük fəaliyyəti nəticəsində daha da inkişaf edir. Hansı ki, ictimai səhiyyə sahəsində olmaq istəyən hər bir gəncdə düşünürəm ki, gözəl nitq qabiliyyəti və analitik düşünmə qabiliyyəti ən vacib məqamlardandır. Bu baxımdan ictimai səhiyyə mütəxəssisi olmaq istəyən hər bir gənc auditoriya önündə çıxış, komandada işləmə bacarığı və mübahisəli məsələlərin həll yolunun tapılması istiqamətində özünü inkişaf etdirməlidir. Yəni özündə liderlik bacarıqlarını formalaşdırmalıdır.

    Bu sahədə uğurlu bir karyera qurmaq istəyən hər bir gənc bilməlidir ki, uğurun ilk sirri öz sahəni sevməklə bağlıdır. Necə deyərlər əgər sevdiyin işlə məşğulsansa, ömründə bir dəfə də olsun işləmiş olmazsan. Çünki o işi zövqlə, ürəkdən icra edirsən və gördüyün iş səni yormur. Bu baxımdan işini sevmək bu sahənin ən vacib məqamıdır. Digər tərəfdən təhsilin və beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini diqqətdən kənarda saxlamaq olmaz. Diplomdan sonrakı təhsildə magistratura, rezidentura və ya doktorantura istiqamətində getməklə bağlı dəqiq araşdırmaqistiqamətlənmiş addım atmaq lazımdır. Məsələn, mən ATU-nu bitirdikdən sonra bu sahədə 5 il məhz birbaşa ictimai səhiyyə ilə məşğul olan dövlət qurumunda çalışdıqdan sonra hal-hazırda UNEC Biznes Məktəbində MBA üzrə səhiyyənin idarə edilməsi ixtisasında magistratura səviyyəsində təhsil alıram və iş təcrübəmi daha da artırıb bu sahədə təhsilimi xarici universitetlərdən birində doktorantura təhsili almaqla yekunlaşdırmağı düşünürəm. Yəni, diplomdan sonrakı təhsili ictimai qınağa, ailənin seçiminə və sadəcə magistr diplomum olsun adına almaq yox, həqiqətən, iş təcrübəsi qazandıqdan sonra nəzəri və praktiki biliklərini daha da təkmilləşdirmək adına almaq lazımdır. Buna görə də öz ölkəsinə töhfə vermək istəyən hər bir gənc beynəlxalq arenada əldə etdiyi bilik və bacarıqları öz vətənində tətbiq etmə istiqamətində daim özünü təkmilləşdirməlidir. Buna görə də ictimai səhiyyə ixtisasını seçmək və istəyən və bu sahədə uğurlu kariyera qurmaq istəyən hər bir gəncə səslənərək demək istərdim ki, kifayət qədər dəyərli bir sahəni seçmisiniz və bu sahədə dəyərli bir mütəxəssis olmaq üçün daim nəzəri və praktiki biliklərinizi təkmilləşdirməlisiniz. Ölkəmizdə ictimai səhiyyə sahəsi günü- gündən inkişaf etməkdədir və düşünürəm ki, gələcəyi olan bir ixtisasdır. Bu baxımdan bu ixtisası ürəklə seçən də, təsadüfən bu ixtisası yazıb təhsil alan da bilməlidir ki, gələcəkdə bu sahədə peşəkar mütəxəssis olmaq üçün var gücü ilə çalışmaqməqsədyönlü şəkildə hər bir hədəfə çatmaq lazımdır. 

    Sonda bu sahəni seçən hər bir gəncə ürəkdən uğurlar arzu edirəm. Əgər onlara hansısa kömək və ya əlavə məlumat lazımdırsa, sosial şəbəkə ünvanlarıma suallarını yönləndirə bilərlər. Bacardığım qədər hər bir kəsin sualını cavablandırmağa çalışıram. 

Şəhla Mirzəzadə, ictimai səhiyyə mütəxəssisi

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin əməkdaşı 

Şərh bildir