Uğurun sirri çox dil bilməkdədirmi? ixtisas, ixtisasın, ixtisası, ixtisaslaşmış, sahə, sahəsi, sahədən, sahəsində, karyera

    Regionşünaslıq ixtisası kifayət qədər geniş sahəni əhatə edir. Bu ixtisası oxumağa başlamazdan öncə nə istədiyinizi, hansı sahədə çalışmaq və ixtisaslaşmaq istədiyinizi bilmək çox önəmlidir. İxtisas daha çox siyasi elmlər, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində daha əvvəl bakalavr dərəcəsi almış tələbələrə uyğundur. Mən “Bakı Dövlət Universiteti”-nin “Beynəlxalq Münasibətlər və iqtisadiyyat” fakültəsində bakalavr dərəcəsi almış. Daha sonra magistratura təhsilimi almaq üçün Belçikanın “KU Leuven Universiteti”-nə  “Avropaşünaslıq” ixtisasına daxil olmuşam. İxtisas bir neçə şahədən ibarədir. Mənim seçdiyim: “Avropa xarici siyasəti (Avropa İttifaqı üzrə mütəxəssis)” şahəsidir. Bu şahə daxilində Avropa İttifaqının hüququ, xarici siyasəti, qlobal və transmilli perspektivlərini öyrənir, eyni zamanda Avropa İttifaqı ilə başqa ölkələr arasında olan ticarət əlaqələrinin dərindən analizi və müqavilələrin bağlanma hüququ tədris olunur. Təcrübə olaraq isə Avropa İttifaqının müxtəlif institutlarında seminar və iclaslara qatılıram.

    Qeyd edim ki, bu ixtisası Belçikada oxumaq qərarım məhz Avropa İttifaqının qərargahlarının Brüsseldə yerləşməsi ilə əlaqəlidir. Bu ixtisası bitirdikdən sonra Azərbaycandakı Avropa Birliyinin Nümayəndəliyində, Xarici İşlər Nazirliyinin müvafiq şöbələrində, BMT-nin ofislərində və başqa beynəlxalq təşkilatlar və dövlət qurumlarında iş imkanlarından yararlana biləcəksiniz. Bu sahədə uğurlu olmağın ən başlıca yolu çoxlu mütaliə etməkdir. Bir siyasi hadisəni bir neçə qaynaqdan oxumalı, analiz etməli və öz proqnozlarınızı verməlisiniz. Heç vaxt “Mən artıq bu məsələ barədə kifayət qədər bilirəm” deməyin, çünki siyasət və beynəlxalq proseslər düşündüyümüzdən daha dərin və qəlizdir. İkinci tövsiyəm – bacardığınız qədər dil öyrənin. Erməni dilindən tutmuş fransız dilinə kimi nə qədər dildə oxumağı bacarsanız, informasiya əldə etməyi öyrənsəniz, bir o qədər də mövzunu dərindən təhlil etmək imkanınız olar.

    İxtisas üçün xaricdə təhsil önəmlidir. Xaricdə təhsil həm sizin analiz qabiliyyətinizə və biliklərinizə böyük töhvə qatacaq. Mən universitet axtaranda “QS” və “Times Higher Education” siyahılarında yüksək yerlər tutmuş ilk 50-100 universitet sırasından seçim etdim. Bu universitetlərdə təhsilin keyfiyyəti yüksək  və professorlar adətən müxtəlif vəzifələrdə çalışan, təcrübəli şəxslər olur. Bu sizə onlarla yaxından ünsiyyət qurmaq, məsləhət almaq, hətta onların işlədikləri yerdə təcrübə keçmək imkanı qazandırır.

  Karyera qurmaq üçün ilk növbədə nələr etmək istədiyinizi bilməlisiniz. Özünüzdə “Mən nələri bilirəm? Mən nələrdə uğurlu ola bilərəm? Mənə nə maraqlıdır, Mənim məqsədim nədir?” və s. kimi suallara mütləq cavab verin. Bundan sonra sizə həm iş tapmaq asan olacaq, həm də işləmək.

    İlk işi tapmaq üçün yuxarıda sadaladıqlarımı etdikdən sonra harada işləyəcəyinizə qərar verin. Əgər Azərbaycanda işləyəcəksinizsə o zaman paytaxtda yerləşən müxtəlif regionlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlara, Xarici İşlər Nazirliyinin müvafiq şöbələrinə, səfirliklərə və s. müraciət edə bilərsiniz. İnanın ki, bu qurumların hər biri savadlı kadr axtarışındadırlar. Xaricdə təhsil aldıqdan sonra sizə dərs deyən müəllimlərdən referens almağınız məsləhətdir. CV-ə isə bu günə qədər etdiyiniz bütün ictimai fəaliyyətinizi qeyd edin.

Rəna Bayramova

Şərh bildir