İxtisasın təsviri

  Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas yaradılma məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. Bu ildən əvəz etdiyi “Dünya İqtisadiyyatı” ixtisasının bir istiqamətidir və qeyd etdiyimiz kimi beynəlxalq marketin ticarət bölümünü öyrənir. “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür.

  Bir şirkət mallarını xaricə satırsa, orada məhz bu ixtisas sahibi ixracı idarə edir. Məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdırır, rəqiblərin qiymətlərini təhlil edir, istehlak xüsusiyyətlərinə və onun üçün maraqlandığı ölkədə malların keyfiyyətinə dair tələbləri öyrənir. Eyni zamanda bir logist funksiyasını yerinə yetirərək malların daşınmasını da təşkil edir. Məhsulları hansı nəqliyyatda və hansı marşrutda çatdırmaq üçün daha rahat olduğuna qərar verir. Bu ixtisas iqtisadiyyat, hüquq və xarici dillərlə maraqlananlara uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  •  Xarici qurumlarla işləmək;
  • ➝ Onların nümayəndələrilə danışıqlar aparmaq;
  • ➝ Müştərilərin və tərəfdaşların axtarışı;
  • ➝ Olduğu şirkətin beynəlxalq nəqliyyat və yükdaşımalarına nəzarət etmək;
  • ➝ Malların daşınması xərclərinin optimallaşdırılması;
  • ➝ Malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • ➝ Valyuta məzənnələrinin gündəlik izlənməsi;
  • ➝ Şirkət üçün beynəlxalq layihələr hazırlamaq və ya iştirak etmək;
  • ➝ Dünya bazarını araşdırmaq;
  • ➝ Şirkətə xarici ölkə və ya şirkətlərlə əlaqə yaratmaq üzrə yardımçı olmaq;
  • ➝ Şirkətin xarici iqtisadi əlaqələrinin inkişafı strategiyasının hazırlanması;
  • ➝ Müqavilələrin icrasının bütün mərhələlərinə nəzarət etmək;
  • ➝ Prezentasiya hazırlamaq;
  • ➝ Beynəlxalq sərgilərdə iştirak;
  • ➝ İş yazışmalarının və müşayiət olunan sənədlərin aparılması;
  • ➝ Tabeçiliyində olan işçilərin idarə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti;
  • ➝ Azərbaycan Kooperasiya Universiteti;
  • ➝ Bakı Biznes Universiteti;
  • ➝ Bakı Dövlət Universiteti;
  • ➝ Qərbi Kaspi Universiteti;
  • ➝ Milli Aviasiya Akademiyası;
  • ➝ Naxçıvan Dövlət Universiteti;
  • ➝ “Odlar Yurdu” Universiteti;
  • ➝ Sumqayıt Dövlət Universiteti;

Bu ixtisas üzrə harada çalışmaq olar

  • ➝ Səfirliklər;
  • ➝ Beynəlxalq Ticarət Palatası;
  • ➝ Trans Milli Şirkətlər;
  • ➝ Xarici ölkələrlə əlaqəli yerli şirkətlər;
  • ➝ Logistika şirkətləri;
  • ➝ Beynəlxalq Təşkilatlar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ İqtisadiyyat və kommersiya yönlü fənlərdən dərin məlumatlılıq;
  • ➝ Beynəlxalq iqtisadiyyat üzrə informasiyalarla çalışmaq;
  • ➝ Texnoloji savadlılıq;
  • ➝ Dil bilikləri;
  • ➝ Danışıqlar aparma qabiliyyəti;
  • ➝ Layihələr icra etmə qabiliyyəti;
  • ➝ Araşdırma bacarığı (xüsusilə beynəlxalq bazarı);
  • ➝ Ümumi biznes savadlılığı (təməl biliklər);
  • ➝ Ünsiyyət bacarığı;
  • ➝ Stressə davamlılıq;
  • ➝ Özgüvənli olmaq;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Detallara diqqət yetirməyi bacarığı;
  • ➝ Nəticələrinin təqdimatını etməyi bacarmaq;
  • ➝ Məsuliyyətli olmaq;

İxtisasın gələcəyi

  Müasir dünyamızın ən böyük trendlərindən biri beynəlxalq əlaqələr, ticarət, maliyyə kimi sahələr olacaq. Xüsusilə də Azərbaycanda qeyri-neft sektoru ilə əlaqədar gedən inkişaf ölkədə ümumi beynəlxalq ticarətin inkişaf etməsinə və bu sahə üzrə yetişən kadrlara ehtiyacın artmasına səbəb olacaqdır. Bacarıqlı və bilikli kadrlar üçün xarici ölkələrdə də karyera qurmaq üçün böyük imkanlar var.

Əmək haqqı

 İşlədiyi qurumdan asılı olaraq orta aylıq əmək haqqı  800 – 1000 AZN və 1500-2000 AZN arasında ola bilər.