Hər kəs dizayn üzrə təhsil ala bilər, amma hər kəs dizayner ola bilməz.

Hər kəs dizayn üzrə təhsil ala bilər, amma hər kəs dizayner ola bilməz.

Hər kəs dizayn üzrə təhsil ala bilər, amma hər kəs dizayner ola bilməz.

  Dizayn bizim də xəbərimiz olmadan həyatımızın tam mərkəzində dayanan bir sənət sahəsidir. Bunun üçün ilk öncə bir-iki nümunə göstərmək istəyirəm. Gündəlik olaraq istifadə etdiyiniz bütün əşyalar-yatdığınız yataq, oturduğunuz stul, qab-qaşıq, qapı dəstəyi, televizor, əlinizdən heç düşməyən telefon, geyindiyiniz ayaqqabı və s. demək olar ki, gördüyünüz hər şey dizaynın müxtəlif sahələrindən keçərək gəlib sizə çatır. Məsələn, nəyə görə evinizdəki stullar daha yumşaq və rahat, məktəbdə sinif otağındakı stullar isə sərt və narahatdır? 

Bunun cavabını qeyd etməyəcəm ki, tələbə olduğunuz vaxt bu yöndə araşdırmalar edəsiniz. 

Dizaynın aşağıdakı sahələri var:

  1. Arxitektura
  2. İnteryer dizayn
  3. Landşaft dizaynı
  4. Sənaye dizaynı
  5. Moda dizaynı
  6. Mühəndis dizaynı
  7. Veb-dizayn
  8. İnterfeys dizaynı
  9. Qrafik dizayn
  10. Oyun dizaynı və s.

Ölkəmizdə daha çox İnteryer və Qrafik dizaynı inkişaf etmişdir. 

  İndi isə dizayn üzrə təhsil almaq barədə məlumat vermək istəyirəm. Özüm hal-hazırda Qərbi Kaspi Universitetinin 3-cü kurs tələbəsiyəm. 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin Texnologiya müəllimliyi ixtisasını bitirib, 2018-ci ildə dizayn üzrə təhsil almağa başlamışam. 2020-ci ildə 5 aylıq müddətdə İspaniyanın Easd Castello Universitetində təhsilimi davam etdirmişəm. Bəs nəyə görə məhz dizayn? Bu mənim xəyalımdır. Əgər siz həyatda sevdiyiniz işin nə olduğunu müəyyənləşdirmisinizsə, çox şanslısınız deməkdir. Dizayner olmaq rəssam olmaqdır, dizayner olmaq hamı sadəcə stəkandakı suyu görərkən sizin suyun tərkibindəki rəngləri görə bilməyinizdir, dizayn görməkdir, dizayn hiss etməkdir, dizayn sevməkdir. Əgər bir işi həqiqətən sevirsinizsə, onu edin. 5-ci qrupda fənlərin sayı azdır və ya balınız bura yetir deyə dizaynda oxumaq qərarına gəlsəniz bu gələcəkdə uğurlu olmaya bilər. Dizaynın istənilən sahəsində təhsil ala bilməyiniz üçün ilk öncə eskiz və görmə bacarığınızın olmalıdır. Eskiz bacarığınızı hər hansısa kursda inkişaf etdirə bilərsiniz, amma əgər almanın kölgəli və işıqlı tərəfini görə bilmirsinizsə, onda heç vaxt bu sizdə alınmayacaq. Mən rəssamlıq üzrə heç vaxt heç bir kursa yazılmamışam. Çünki 8-9 yaşımdan eskiz çəkməklə məşğulam. Əgər görmə bacarığınızı inkişaf etdirmək istəyirsinizsə, təbiəti müşahidə edin. Günəş şüaları təbiəti necə dəyişir? Günün müxtəlif saatlarında yarpaqlar necə görünür?

  Abituriyent olduğunuz vaxt etməli olduğunuz şeylər - Test və qabiliyyət imtahanına güclü hazırlaş, çoxlu eskiz çək (həm karandaşla, həm rəngli) və təbiəti müşahidə et. Unutmayın ki, dizayner olmazdan əvvəl rəssam olmaq lazımdır. Çünki, məsələn, ağlınızda yeni bir ideya varsa (yeni bir stul forması), siz bu ideyanı ilk öncə karandaşla A4 də işləyirsiz, sonra isə kompüterdə proqramla yığırsız. Qeyd etmək istəyirəm ki, dizayn üzrə universitetə qəbul olmaq üçün həm test, həm də qabiliyyət imtahanından keçmək lazımdır. Öncə test daha sonra isə qabiliyyət imtahanı keçirilir. Qabiliyyət imtahanı 3 mərhələdən (Rəsm, Rəngkarlıq və Kompozisiya) ibarətdir. Hər mərhələ üçün də 5-6 saat vaxt verilir. Sonda 3 imtahanın nəticəsi hesablanıb 3-ə bölünüb orta bal çıxardılır. Əgər qabiliyyət imtahanı üzrə qiymətləriniz 9 və ya 10, test üzrə də balınız 80-dən yuxarı olsa, dövlət sifarişti təhsil almaq imkanınız olacaqdır. 

  İndi isə sizə tələbə olduğunuz vaxt nələr etməli olduğunuzdan bəhs edim. Ölkəmizdə bir şərtlə dizayn üzrə bakalvr təhsili almağı məsləhət görərəm ki,  bakalavr təhsilinizi başa vurduqdan sonra hökmən İtaliya, İspaniya, Almaniya və s. digər Avropa ölkələrində dizayn üzrə magistr təhsili alın. Çünki hələ də dizayn üzrə ali təhsildə çoxlu nöqsanlar var. Tələbə olduğunuz vaxt universitetdə ixtisas və ya qeyri-ixtisas fənn ayırmadan məsuliyyətlə çalışın, 3Dmax, Autocad, Adobe Photoshop və s. kimi kompüter proqramlarını öyrənin.  Ortalama balı yüksək saxlayın (bu xaricdə magistr təhsili almaq istədiyiniz vaxt sizə köməy olacaq), ingilis dilinizi inkişaf etdirin, könüllülük və təcrübə proqramlarında iştirak edin (bu işə qəbul zamanı işinizə yarayacaq). Seçdiyiniz dizayn sahəsi üzrə çoxlu jurnallar, kitablar, məqalələr oxuyun (ingilis dilində materiallar daha çoxdur),çoxlu muzeylərə gedin, dahi rəssamların əsərlərini müşahidə edin və təbii ki, dəbi izləyin. Yeniliklərlə tanış olun və daim öz üzərinizdə işləyin. Çünki dizayn daim yeniləşən, dəyişən və inkişaf edən sahədir.

  Dizayn üzrə iş məsələlərinə gəldikdə isə ölkəmizdə interyer və qrafik dizayn üzrə iş yerləri daha çox, digər sahələr üzrə daha az, moda dizaynı üzrə isə heç yoxdur. Qızların əksəriyyəti moda dizaynına maraq göstərir. Əgər moda dizaynı üzrə təhsil almaq istəyirsinizsə, gələcəkdə öz iş yerinizi özünüz başdan qurmalı olacaqsız. Dizayn yeniliyi sevir. Əgər dizaynın istənilən sahəsi üzrə işə qəbul olmaq, hamıdan fərqlənmək, tələbat görmək istəyirsinizsə, öz ideyanız və üslubunuz olmalıdır. İdeya və üslub da çox oxumaqdan, görməkdən, izləməkdən, düşünməkdən yaranır. Əgər yuxarıda qeyd etdiyim ardıcıllıqla hər şeyi etsəniz, onsuz da iş üçün hazır kadr olacaqsınız. Məncə, indi nəyə görə hamı dizayn üzrə təhsil ala bilir, amma hamı dizayner ola bilmir sualına cavab tapmısınız.

Uğurlar!

Fəttayeva Lamiyə 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.